9fb7003e-d95d-4a72-b385-63926eb6d850..jpg

Abbas Qəhrəmanov: “Gərək nə gəldi, necə gəldi, çəkiləsən, ailəni ac saxlayası deyilsən ki” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 821 dəfə baxılıb.

Abbas Qəhrəmanov: “Gərək nə gəldi, necə gəldi, çəkiləsən, ailəni ac saxlayası
deyilsən ki” – MÜSAHİBƏ + FOTO

Abbas müəllimlə görüşümüz yanvarın ən soyuq günlərinin birinə təsadüf elədi.
Görüş yerimiz nə teatr idi, nə də kino çəkilişi meydançası. Dənizkənarı
parkdakı kafelərin birində görüşdük. Zəngləşəndə “Mən həmişə orada oluram”
demişdi. Məkana çatanda, həqiqətən də, həmişə orada olduğunun fərqinə vardıq.
Çayımız da hazır idi, şirniyyatımız da, müsahibə edəcəyimiz guşə də. Abbas
müəllim məkanın sahibi kimi davranırdı.

Söhbətimiz haradansa oruc tutmaqdan başladı. Abbas müəllim deyir ki, qədimdə
hər fəsil dəyişəndə adamlar oruc tutarmışlar. Bir növ, mədəni həmin fəslə
hazırlamaq üçün. Bir xeyli bu adətdən danışdıqdan sonra birdən dayandı: Yox,
əşi, yeyib-içən adam üçün çətindir (gülür).

Əməkdar artist Abbas Qəhrəmanovun APA-ya müsahibəsini təqdim edirik:

– Məncə, siz həddən artıq emosional adamsınız.

– Hə, elədir. Uşaqlıqdan mən beləyəm, yerimdə dinc otura bilmirdim. Yəni çox
çılğın olmuşam. Bu çılğınlıq düşünülməmiş addımlara da səbəb olub. Sənətin mənə
xeyri odur ki, əl-ayağımı yığdı, daha çox başımı işlətməyimə yön verdi.
Ümumiyyətlə, intellekt həyatda da, sənətdə də həmişə sözünü deyir və öndə
olmağa çalışır.

Ümumiyyətlə, hissiyyatı olmayan adam necə olar? Hissiyyat olmadan necə
yaradıcı olmaq olar? Hissiyyatı olmayan adam gedib alim olar da, aktyor niyə
olsun? (gülür) Mənə elə gəlir ki, emosiyalarımız olmasa, həyatdan ləzzət ala
bilmərik. Bizim aldığımız ləzzətin dadı əsəbi olmağımızda, yaxud həssas
olmağımızdadır.

– Abbas müəllim, son dövrlər çox danışılan “Əqrəb mövsümü”ndən başlayaq. Amma
onu da deyim ki, mən o seriala baxmamışam.

Abbas müəllim əməlli-başlı duruxub qalır. Fincanı yerə qoyub masanın üzərindən
mənə bir az da yaxınlaşır:

– Necə yəni?

Abbas müəllimin qəfildən dəyişən səs tonu, az qala, müəllimə xas mafiya
obrazlarının səs tonunu xatırladır. Fotoqrafımız Orxan, yaxşı ki, söhbətimizi
bölür:

– Atam zəng eləmişdi, salam deyir.

Fürsətdən istifadə edib söhbəti dəyişirəm:

– Loğman Kərimovun oğludur.

Abbas müəllim növbəti təəccübü yaşaya-yaşaya Orxanla görüşür:

– Loğmanla dost olmuşuq, yaxşı yoldaşlığımız var, bu söhbətə qayıdarıq.

– A kişi, sən “Əqrəb mövsümü”nə necə baxmamısan?

– Nə bilim? Məncə, adamlar serial haqqında çox danışdılar deyə oldu.

– Vallah, nə deyim? Bax ona, mütləq bax.

– Çalışaram. Sizin o serialda morq səhnəniz var. Çox dramatik səhnədir.

– Gah deyirsən, baxmamışam, gah orada səhnədən danışırsan? (gülür) O səhnə
ağır səhnə idi. Rahat üç-dörd gün sərasər o səhnəni fikirləşdim. Morqa
doğranmış bir adamı tanımağa gedirsən. Bu da bədbəxtlikdən, sənin öz oğlun
çıxır, çox dəhşətli bir səhnədir. Və o səhnəni də, gördüyünüz kimi, bu cür
ərsəyə gətirdik. Səhnə özü də məni xeyli təsirləndirmişdi. Bu, adi ölümlə bağlı
bir şey deyildi. Yəni dediyim kimi, düşündük-daşındıq, mən də səhnəni bir xeyli
həzm etdikdən sonra axırda elə bir səhnə alındı. Əsas istəyimiz o idi ki,
tamaşaçıya təsir edə bilək. Və istəyimizə nail olduq.

Abbas müəllim masanın üzərindəki çay və şirniyyatı bizə təqdim edir: bunlar
dekorasiya üçün deyil e, yeyin (gülür).

– Abbas müəllim, mən pəhrizdəyəm, – deyib gülürəm.

– Olar, olar, sən bütün ölkənin danışdığı seriala baxmayan adamsan, səndən çox
şey gözləmək olar (gülür).

– “Əqrəb mövsümü”, sizcə, Azərbaycanda kino, serial bazarına nə kimi təsir
edəcək?

– Mən hesab edirəm ki, bu serial nümunə ola biləcək. Sözsüz ki, bundan sonra
nə çəkilsə, sırf bu serial və onun keyfiyyəti nəzərə alınacaq. Hər bir sahədə:
aktyor işi, rejissorluq, ssenari, ümumi mövzuya yanaşma və sair mövzularda
serial uğurlu alındı. Yəqin ki, tamaşaçı bu serialdan sonra bundan zəifi ilə
qane olmayacaq, qəbul etməyəcək. O səbəbdən, məsuliyyət çoxalacaq. Bu da çox
yaxşıdır. Deyəndə ki “Əqrəb mövsümü”, bir növ, inqilab edib, bax, dediklərim
nəzərdə tutulur.

– Abbas müəllim, “Əqrəb mövsümü”ndəki uğurlu çıxışınız bir yana, amma mən sizi
daha çox “Əzizim Fellini”dən xatırlayıram.

– Hə, “Əzizim Fellini” də İctimai Televiziyanın istehsalı idi, təsadüfən elə
alınır ki, son on ildə daha çox bu televiziyanın layihələrində yer alıram.
İctimai Televiziya bu sahəyə çox ciddi yanaşır, məncə də, nəticəsini görə
bilir. Cavid Təvəkkülün işi idi o, amma Cavid nəsə prosesdən uzaqlaşdı, daimi
olmadı. Amma film yadda qala bildi. Emil Quliyevin də ümumi yanaşması çox
maraqlıdır. Düşüncəsi, yaradıcı düşüncəsi fərqlidir və deməyə də sözü həmişə
var.

– Abbas müəllim, adətən, adamların xarakterinə onların keçmişdə yaşadıqları
təsir edir. Ümumiyyətlə, siz necə bilirsiniz, indiki xarakterinizə baxanda nə
vaxtsa düşünürsünüzmü ki, sırf uşaqlığınızda yaşadıqlarınızın təsiri olub?

– Əlbəttə. Əlbəttə! Məsələn, həmişə ən yaxın adamlarıma qayğı görmədiyimi
deyirəm. Amma əslinə qalsa, kifayət qədər qayğı görürəm, bolluca qayğı ilə
yanaşırlar. Amma mən ərköyünlük edirəm. Doymuram. Daha çoxunu istəyirəm: niyə
bu yeməyi belə qoymadın, niyə çayı belə süzdün, niyə onu elə yox, belə elədin
və s. Bütün bunlar uşaqlığımdakı travmalarımla bağlıdır. Amma neyləmək olar?

– Aydındır. Bir də sizin haqqınızda “qədri bilinməyən aktyor” fikri var.
Şəxsən öz adıma mən də bu fikirlə razıyam.

– Bilirsən, Nihat, təvazökarlıqdan uzaq olsa da, elədir. Mən həmişə öz
bildiyim, öz gördüyüm və etmək istədiyim kimi hərəkət etmək istəyirəm. Bu da
mənə mane olur. Tək mənə yox, həm də ətrafımdakılara da, onlarla münasibətimə
də. Mən oynadığım personajı necə görürəmsə, elə oynamaq istəyirəm, bəzən buna
mane olurlar. Müəyyən vaxtlar kompromisə getmişəm, olub, amma bəzən elə olur
ki, görürəm, alınmır. Sağlam münasibət yoxdur. Əslində, səbəbini bilirəm, amma
nə bilim e…

– Səbəbləri nədir?

– Ənənəvi aktyorlar və onların oyun tərzi var, onlar qəbul edilirlər, mən yox.
Mən çətin qəbul olunuram. Mən teatrı belə görürəm ki, teatrda islahat
mütləqdir. Sovetdənqalma məsələlər həll olunmalıdır. Çox təəssüf ki, biz həm
kinoda, həm də teatrda sovetdənqalma ənənələrə xidmət edirik. Mən işin
nəticəsindən anlayıram ki, proses dəyişməlidir. Bax bu dəyişikliyi qəbul etmək
istəmirlər. Aktyor rejissorun əlində maneken olmalı deyil. Aktyor rolun
müəllifidir. Əvvəllər bu mövzuda xeyli mübahisələr olub, mən də qatılmışam.
Rejissor aktyoru sərbəst buraxmaq istəmir, aktyorun gücünə inanmır. Təbii ki,
rejissor yön verməlidir, bu aydın məsələdir. Amma aktyor maneken deyil,
aktyorla maneken kimi davranmaq olmaz. Bu barədə dəfələrlə mübahisələrim olub.
Demişəm ki, imkan verin, oynayım. Gah deyirlər, əlini belə et, ağzını belə
oynat, belə olmaz axı. Olmaz. Yenə də təkrar edirəm: aktyor maneken deyil. Sırf
buna görə neçə əsərdən çıxarılmışam. Belə ad veriblər ki, guya mən solo oynamaq
istəyirəm, özümü fərqli göstərmək istəyirəm. Bunlar elə bilirlər ki, mən
rejissor olmaq istəyirəm. Belə deyil axı.

Bir dəfə bir tamaşa oynayırdım – “Neron”. Onda Gənclər Teatrında işləyirdim.
Rol məni apardı, rejissor da mənimlə bacarmırdı. Gördü ki, ona qəti qulaq
asmıram. Deyirəm, a kişi, bu, tragikomediyadır, mən buna uyğun oynayıram, sən
dediklərini mən edə bilmərəm, etmək istəmirəm. Özü də bu rol əvvəl başqa adama
verilmişdi, o bacarmamışdı. Həmin tamaşanı gedib Kazanda oynadıq, mükafat
aldım. Məni hətta Kazanda saxlamaq istəyirdilər. O dərəcədə bəyənilmişdim.
Bizimkilər çaşıb qaldılar ki, biz, görəsən, nəyi səhv başa düşmüşük? Mən
düşündüm ki, Bakıya qayıdacağam, daha yaxşı rollar verəcəklər, amma bilirsən,
nə oldu? İnan ki, gələn kimi tamaşanı bağladılar. Uğur varsa və tamaşanı
bağlayırsansa, bunun adı nədir? Yəni teatrlarda buna oxşar şeylər çox baş
verir. Neyləmək olar? (gülür)

– Yaxşıdır ki, ruhdan düşmürsünüz.

– Sırtıq adamam da (gülür). A kişi, belə şeylər nə qədər olub e. Rüstəm
İbrahimbəyovun teatrında iki il çalışıb alındıra bilmədikləri tamaşanı mən bir
aya məşq edib oynamışam. Rəhmətlik Rüstəm şokda idi. Getdik, Moskvada oynadıq,
uğur qazandıq. Bakıya qayıdan kimi iclas edib məni tamaşadan çıxardılar. Rüstəm
yazıq heç nə edə bilmədi. Dedilər, ya o, ya biz.

– Niyə?

– Ay sağ ol. Niyə? (gülür)

Bir qədər fikirləşir…

Nə bilim e, adam düşünür ki, yəqin, istəyirlər, istifadə edək, sonra ataq bir
kənara. Bilirsən, mənim ən böyük problemim odur ki, teatrda sırf mənim
rejissorum yoxdur. Mənimlə fikirləri üst-üstə düşən, mənə istədiyim azadlığı
verən rejissor yoxdur.

– Nə əcəb özünüzü rejissor kimi sınamırsınız?

– Adam yığa bilmirəm. Dəstə yığmaq çətindir, icazə vermirlər, gəlmirlər.
Təklif vermişəm, maket də hazırdır, üç aydır, qalıb eləcə. İki-üç dəfə sırf
belə təkliflər vermişəm, səs-səmir yoxdur. Mən aktyorluğumu qətiyyən kənara
qoymaram, belə fikrim yoxdur. Sadəcə, istədiyim odur ki, özüm istədiyimi edim,
buna şərait yaradılsın. Amma hanı? Yenə də deyirəm, sovet ənənəsi aradan
çıxmalıdır. Çıxmasa, heç nə dəyişən deyil. Bilirsən, teatra tamaşaçını aktyor
gətirməlidir. İndi belə deyil. Tamaşaçının gəlməsi aktyordan asılı deyil. Bu da
teatr üçün heç də yaxşı hal deyil.

– Sizə hansı daha yaxındır: kino, yoxsa teatr?

– Hər ikisi, amma teatr canlıdır. Teatr aktyordan daha çox güc, əzm və qüvvət
istəyir. Kinoda əl-qolum daha çox açılır, orada şərait yaradırlar. Amma teatrda
elə deyil.

– Son dövrlərdə yeni hansı tamaşalarınız var?

– Yeni mənim üçün “Vəsiyyət” idi. Tamaşanı iki dəfə qoydular, sonra
dayandırıldı. Məni çağırdılar ki, bu rolu sənə vermək istəyirik. Oynadım.
Uğurlu da oldu. Sonra Fuad Poladov “Şah Qacar”ı tərk elədi, oraya da məni dəvət
elədilər. Oynadım. İndi də oynayıram. Köhnə rəhbərliyin vaxtında xeyli
tamaşalar verilirdi, amma məni bir çox şey qane etmirdi. Məsələn, baş rola
dəvət alırdım, rejissor əsəri başa düşmürdü. Təsəvvür edirsən? Rejissor əsərdə
konflikti görmür. İrad tutan kimi məni uzaqlaşdırırdı. Müdiriyyətə deyirdim ki,
məni çıxarın, mən razı, amma bu tamaşa teatrın adıdır axı, bu düzgün
oynanılmır. Cavab verirdilər ki, haqlısan, amma biz heç nə edə bilmirik, o
rejissorun adamı var. Nə bilim? O qədər belə şeylər görmüşəm ki, daha təəccüblü
gəlmir. Mənə evdə tapşırırlar ki, bir dənə rejissorla mübahisə eləmə. (gülür)
Deyirəm, baş üstə, amma görürəm ki, bəzən dözə bilmirəm. Mübahisədən qaçmaq
olmur.

– Deyirlər, Teatr Agentliyi də yaradılacaq. Bəlkə, nələrsə düzəldi.

– Yaratsınlar da, yaratsınlar. Amma nə olar, açıqlasınlar ki, nələr olacaq,
necə olacaq. Bəlkə, biz də nəsə məsləhət verdik, nəyəsə qatqımız oldu. Bu işi
biz bilirik də, pis, ya yaxşı, bu işi biz bilirik. Bizim işimiz budur. Bu teatr
sistemi ilə qabağa getmək çətindir, mümkünsüzdür. Mən hələ o vaxtdan deyirdim
ki, gənc aktyor-aktrisalara maaşdan əlavə tamaşadan pul vermək lazımdır.
Bunların maaşı nədir ki? Sən buna dəyər verməlisən ki, sabah başqa sahələrə
qaçmasınlar. Toya, klipə, reklama, nə bilim, nəyə. Bəs adamın işinin adı
aktyorluqdur axı. Aktyorun həyatı teatrdan asılıdır. Teatr aktyoru cəzb
eləməlidir, stimul verməlidir. Yoxdur, qətiyyən yoxdur. Teatr Agentliyi
deyirsən, əla, gəlsin, aktyora stimul versin. Verməyəcəksə, heç nə.

– Stimul deyirsiniz, elə “Əqrəb mövsümü”nün rejissoru müsahibələrinin birində
deyir ki, kinodan qazanmadığımı serialdan qazandım. Ona görə də mənim üçün
kino, az qala, qapanıb. Eynilə teatrda da belədir. Stimul yoxdursa, aktyor
qaçacaq.

– Vəssalam. Təmiz söhbətdir. Mən Emili qınamıram, sən də, o da, bu da qınaya
bilməz. Emil görür ki, kinoteatra gələn yoxdur, əziyyətinin bəhrəsini görmür,
televiziyalarla işləməyə üstünlük verir. Mən bildiyimə görə, kinoteatrların da
vergi məsələsində vəziyyət yaxşı deyil. Ona görə də heç qınamaq olmaz.

– Abbas müəllim, serialdan gələn gəlir necə, sizi qane elədi?

– Bir ay. (Gülür) Nə qane eləmək e, bir ay, vəssalam. Sonra bəs? Müəllif
qazanmalıdır e, qazanc olmalıdır. Əmək varsa, əziyyət varsa, qazanc olmalıdır.
Amma olmur. “Bizdə kino var?” “Bizdə teatr var?” – Dedikləri ancaq budur.
“Əqrəb mövsümü”nün yaxşı tərəfi o oldu ki, həm də göstərdi ki, var.

– Açığı, Emilin müsahibəsindən sonra elə düşünmüşdüm ki, aktyorlar da yaxşı
qazanıblar.

– Yox, əşi, yox. Prezident mükafatı alıram, onun hesabına özümü ayaqda
saxlayıram. O da olmasa, gərək nə gəldi, necə gəldi, çəkiləsən. Ailəni ac
saxlayası deyilsən ki! Yəni dediyim odur ki, müəyyən bir işin varsa, reytinqin
varsa, oradan qazanc olmalıdır. Mən havayı yerə pul tələb etmirəm. İşimə,
əziyyətimə görə nəticə tələb edirəm. Mən bir şeyi düzəldə bilirəm, düzəldirəm,
alan var? Var. Aldı? Aldı. Bəs mənim qazancım? Cavab bilirsən nə olur? Bunu
sənə biz dedik, sən də düzəltdin. (gülür)

– Ona görə aktyorlarımız toylara üz tuturlar?

– Daha heç toylara da aparan yoxdur. Müğənnilər özləri həm oxuyur, həm də
aparıcılıq edirlər. (gülür)

– Ümumiyyətlə, aktyorların toylara getməsinə necə baxırsınız? Məsələn, Loğman
Kərimov dedi ki, yaxşı edirlər.

– Yox, mən heç də yaxşı baxmıram. Dəstəkləmirəm. Düzdür e, ehtiyaca görədir.
Amma qardaş, aktyor adı deyə bir şey var e. Bilirsən, necə getmək olar?
Xahiş-minnətlə. Gedəsən, bir dənə maşın bağışlayalar, hə, deyərəm, olsun. Amma
5-10 manata görə dəymir, aktyor da sınır, teatr da.

Bir dəfə festival vaxtı Rusiyanın hansısa xarici teatrı gəlmişdi. Söhbət
əsnasında baş direktor qayıtdı ki, biz bu il bir milyon qazanc əldə etmişik.
Bizimkilər, sadəcə, baxırdılar. Çünki bu bizə xəyal kimi görünür. Bunu onlar
boşuna qazanmayıblar e. O şərait yaradılıb, keyfiyyətli iş ərsəyə gəlib,
tamaşaçı davamlı gəlib, nəticədə o qazanc əldə olunub.

Kazanda tamaşanı oynadıq, gördüm ki, aktyorlara tamaşadan sonra 100 dollar pul
verirlər. Bizimkilər də daxil. Stimuldur da, qardaş. Aktyor inanır, sevinir,
görür ki, əziyyəti boşuna getməyib. Bizdə belə şeyi təsəvvür edə bilirsən?

– Abbas müəllim, bir ara kommersiya filmləri silsilə hal aldı. Siz də
çəkilmişdiniz. Məsələn, “Oğlan evi”ni mən bəyənmişdim.

– Nə əcəb, ona baxmısan? (Gülür)

– Oradakı obrazınız maraqlıdır, kiminsə prototipidir, yoxsa necə?

– Yox, ümumiyyətlə, mən kiminsə prototipini oynamıram. Mətnə baxıram, obrazı
başa düşürəm və oynayıram, vəssalam. İndi nəticə kimə oxşayır, necə oxşayır, o
artıq mənlik deyil. Mənə dəfələrlə deyiblər ki, filan obraz üstündə filan
vurğunu vur, filan şeyə işarə olsun, etməmişəm.

– O filmin gəlirləri yaxşı olmuşdu.

– Yaxşı olmağına yaxşı oldu, amma məncə, düşdüyü şərait imkan vermədi. Bayaq
da dediyim kimi, kinoteatr məsələsi də bizdə çox ağırdır. İkincini də çəkdilər,
gördülər ki, qazanc olmadı, getdilər başqa sahəyə. Buyur. Amma məncə, davamlı
çəkilsəydi, yaxşı nəticələr olardı.

– Başqa komediya filmlərinə çəkilmisiniz?

– “Ağ tük”. O da yaddaqalan film idi.

– Hamısında da mafiya, “qara donlu” bir obrazınız olur.

– Elə alınır, rejissorlar o cür görürlər, neyləmək olar? (gülür)

– Müəllim, “Ağ tük”ə yaddaqalan film dediniz. Onun ssenarisi axı çox zəif idi.

– Ona da baxmısan? Nə əcəb? (gülür) Sən “Əqrəb mövsümü”ndən başqa hər şeyə
baxmısan. Ssenari, hə, zəif idi. Çünki orada mənim obrazımla bağlı
məsləhətlərimi dinləmədilər. Əvvəl razılaşdılar, amma edilmədi. Nəticədə,
filmdə sırf mənim obrazım bağlı qaldı, lazımınca açılmadı. Belə şey çox olub,
əvvəl deyiblər, edərik, amma yekunda edilməyib. Bilirsən, məqsəd əsas
qəhrəmanları qabartmaq olur, bir az qıraq obrazı böyüməyə qoymurlar. Mən gəldim
çəkiliş meydançasına, gördüm ki, öz bildiklərini ediblər. Oradan qayıtmaq artıq
ayıb olardı. Həm də qabaqcadan bir az pul almışdım. (gülür)

– Abbas müəllim, özünüzü güldürən obraz kimi təsəvvür edirsiniz? Mən nəsə
təsəvvür edə bilmirəm.

– Dedim də, səndən nə desən, gözləmək olar. Əlbəttə, edirəm. Amma bilirsən,
söz komediyası yox, hadisə komediyası, ona varam, özümü orada görürəm. Ortada
bir xarakter olmalıdır, tip olmalıdır.

– Bəs, ümumiyyətlə, kimi oynamaq istəyərsiniz?

– İndi heç kimi. Arzulamaq yaxşı deyil. Arzulayırsan, alınmır, ürəyində qalır,
ölür, məcbur basdırırsan. Özüm üçün müəyyən ssenarilər qururam, beynimdə
canlandırıram. Amma belə konkret arzu yoxdur.

– Gənc vaxtlarınızda arıq olduğunuza görə sizi o qədər də ciddi rollara
çəkmirlərmiş. Nədir bu rejissorlardan çəkdikləriniz?

– Vallah, hə. Mən də məcbur kökəldim. Nəticəsi də oldu. Normal, ciddi rollar
verdilər, repertuarım əməlli-başlı zənginləşdi. Mən hesab edirəm ki, mən bir
səmtdə olan aktyor deyiləm. Bayaq sən sual verdin ki, özümü güldürən obraz kimi
görürəm, ya yox. Mən özüm barədə düşünürəm ki, hamısını oynaya bilərəm. Yəni
özümə, öz aktyorluq qabiliyyətimə bələdəm. Baxırsan ki, 40-45 yaşında aktyora
qəhrəman obraz verirlər. Belə şey olar? Belə rolları gənc aktyor oynamalıdır.

– Gənc aktyorlar demişkən, gənclərlə də işləyirsiniz. Onlar barədə nə
düşünürsünüz?

– Proses görmürlər, problem budur. Yaxşıdırlar. Öz üzərlərində işləyirlər.
“Əqrəb mövsümü”ndə cavanları gördüm, inamın artdı, gələcəklərinə ümidim çoxaldı.

– Abbas müəllim, əvvəllər televiziya tamaşaları çəkilərdi. Sizin də
çəkildikləriniz olub.

– Seriallar televiziya tamaşalarını əvəz edir, yerini doldura bilir. Bilirsən,
tamaşanın yeri teatrdır. Televiziyada tamaşa… nə bilim e. Onlar, məncə,
serialların başlanğıcı idi, bir növ, axtarış idi. Belə…

Müsahibəmiz necə hiss eləmədən başlamışdısa, eləcə də bitdi. Amma…

Müsahibəmiz yekunlaşanda qəflətən xatırladım ki, bayaqdan mikrofonu istifadə
etməmişəm. Abbas müəllim paltosunu geyinəndə mikrofonu unutduğumu dedim.

Cavabı isə bayaqdan bəri dəfələrlə təkrar etdiyi oldu: Nihat, sən “Əqrəb
mövsümü”nə baxmayan adamsan, səndən nə desən, gözləmək olar. (gülür)
Təəccüblənmirəm.

Mikrofonla bir neçə şəkil çəkəndən sonra söhbətimizi bir az da ayaq üstə davam
elədik. Abbas müəllim müsahibədən sonra və ən əsası, mənim seriala baxmağımdan
sonra bir də görüşüb söhbətləşəcəyimizin sözünü verdi. Daha sonra Loğman
Kərimova zəng vurub, bizimlə sağollaşıb uzaqlaşdı…

Source link