Dünən Türkiyədə ölkənin ən mühüm müdafiə sənayesi qurumlarından biri olan
TUSAŞ-a qarşı terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər ölüb, 22
nəfər yaralanıb. Hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib.
Cixisyolu.com-ın məlumatına görə, Bahçeşehir Universiteti Strateji Araşdırmalar
Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar hücumun
səbəb və məqsədləri barədə danışarkən bir sıra daxili və xarici ehtimalları
qeyd edib:
“TUSAŞ-a qarşı törədilən terror aktında nəzərə almalı olduğumuz son dərəcə
mühüm mövzular var. Bunlardan birincisi müdafiə sənayesi sahəsində gəldiyimiz
nöqtədir. Ölkəmizin ehtiyac duyduğu döyüş təyyarələri, hava hücumundan müdafiə
sistemləri, PUA, helikopterlərin istehsalından və kosmos sənayesinin
inkişafından çox narahat olanlar var. Baş verən terror aktı qeyd etdiyimiz
məsələlərlə bağlı bir mesaj ola bilərmi? – Ola bilər.
İkinci yanaşma da Yaxın Şərqlə bağlıdır. Yaxın Şərqdə böyük bir gərginlik var,
Türkiyəni bir şəkildə bu qeyri-sabitliyə cəlb etmək istəyirlər. Bölgədə
terrorçu lideri Öcalan və PKK ilə bağlı müəyyən hadisələr cərəyan edir, cənab
Bahçelinin bəzi açıqlamaları var. Ankara terrorunun bu proseslə bağlı olması da
mümkündür”, – Ağar bildirib.
O qeyd edib ki, Türkiyənin NATO-nun mühüm üzvü kimi BRICS-də iştirakı həm də
geosiyasi narahatlıq yaradır:
“Başqa bir səbəb isə Tatarıstanın paytaxtı Kazandakı BRICS toplantısıdır. Biz
bu zirvə toplantısında olarkən eyni gündə, eyni saatda, hətta eyni anda
Ankarada terror aktı törədilib. Bu məsələ utopik görünə bilər, amma diqqətimi
cəlb edir. Çünki ilk dəfədir ki, Rusiya və Çinin dominant ünsürlər olduğu
geosiyasi təşkilata NATO üzvü olan bir ölkə qoşulmaq təşəbbüsü ilə çıxış edir.
Xarici mediada Türkiyə daha çox bu əsas başlıq altında tənqid edilir. Buna
əsaslanaraq, Qərb mediası belə böyük diskomfort ifadə edirsə, yəqin ki, Qərbin
təhlükəsizlik mexanizmləri haqqında danışdığımız məsələdən qat-qat daha çox
narahatdır. Bu prizmadan baxdığımızda, keçmişimizdə qarşılaşdığımız bəzi terror
aktlarının yaratdığı əlaqələrə nəzər saldıqda qeyd etdiyimiz ehtimal ağlımıza
gəlir. Əslində, düşünürəm ki, bu, başqa məsələlərə də aiddir. Çünki dünyanın
gələcəyini geosiyasi mövqelər müəyyən edəcək və hazırda geosiyasi turbulentlik
var. Geosiyasi təlatümlər mərhələsində Türkiyə dövlətinin qərar qəbul edən
şəxslərinin qərarlarını manipulyasiya etmək məqsədi daşıyan belə bir terror
aktı ilə üzləşə bilərikmi? – Mən hesab edirəm ki, bu məsələyə bir imkan kimi
baxmaq son dərəcə vacibdir. Digər məsələ də Türkiyənin strateji düşüncəsini
dəyişdirmək cəhdidir”, – deyə ekspert vurğulayıb.
var”
Abdullah Ağar: “Ankaradakı terrorda BRİCS ehtimalı da var”