Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

Baxış sayı: 2. 803 dəfə baxılıb.

Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu abituriyentlər yalnız ingilisdilli ixtisaslara qəbul ola biləcəklər:

“Son beş ildə ingilisdilli ixtisasların sayı beşdən 69-a artırılıb. Hər il bu ixtisasların sayında artım olacaq”.

“Beynəlxalq proqramlar əsasında təhsil alan şagirdlərin təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramları arasında fərq olurdu. Buna görə də həmin məzunlar ali təhsil almaq üçün xarici ölkərə üz tutmaq məcburiyyətində qalırdılar.

Yeni qərar həmin məzunlara Azərbaycanda ali təhsil almaq imkanı yaradır. Bu məzunlar üçün əsas tələb odur ki, onlar mütləq Azərbaycan dilindən də imtahan verməlidirlər”, – deyə şöbə müdiri qeyd edib.

Qeyd edək ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan “IB Diploma Programme” (Beynəlxalq Bakalavriat Diplom Proqramı), “Advanced Level of General Certificate of Education” (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və “Advanced Placement” (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

İlhamə Əbülfət