d419666a-0f80-4327-b891-1fe2a9aa0d44..jpg

ABŞ Azərbaycan-İran sərhədlərində “üzür” – TƏHLİL

Baxış sayı: 1. 025 dəfə baxılıb.

ABŞ Azərbaycan-İran sərhədlərində “üzür” – TƏHLİL

ABŞ Dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində
dinləmələr zamanı Azərbaycan-İran münasibətlərinin Vaşinqtonun strateji
maraqlarına təsirini bu cümlə ilə ifadə etdi:

“Azərbaycanın İranla uzun sərhədi var və onun qorunması lazımdır”.

Qulağa xoş gəlsə də, bu fikrin təhlükəli tərəfinə dair versiyanı da
canlandırmaq vacibdir: Görəsən, bu, ABŞ-nin Azərbaycanı müharibəyə sürükləmək
planının tərkib hissəsidirmi?

Suala birmənalı cavablar vermək çətindir. Ancaq daha məntiqlisi belə səslənir
ki, ABŞ-nin məqsədi Azərbaycan-İran müharibəsini başlatmaq deyil. O, İrana
qarşı həmlələrində Azərbaycanın resurslarından yararlanmağı qarşıya prioritet
qoyur.

İranın Azərbaycana qarşı hədə-qorxu siyasəti, hərbi güc nümayişi ilk növbədə
onun Azərbaycan dövlətinin müstəqilliyi, mövcudluğu ilə barışmaqda çətinlik
çəkməsinin məhsuludur.

İkinci gücəndiyi məqam Azərbaycanın Ermənistanı məğlub etməsi, regional
düzəndəki yerini hərbi qüdrəti və xarici siyasət kursu ilə bərkitməsidir.

Xarici siyasət məsələləri və daxili idarəetmə mövzularında Azərbaycanın ABŞ
ilə mübahisələri olsa da, bu, tərəfdaşlığın mayasına zərrə də xələl gətirmir.

Əksinə, Azərbaycanla ABŞ beynəlxalq nizamın titrəyişinin həmin birgə
maraqların tektonik plitəyə itələnməməsi üçün tərəfdaşlığı keyfiyyətcə yeni
fazaya keçirirlər.

Ələlxüsus, İrandan artan təhdidlər, onun ABŞ-nin dünya siyasətinə qarşı
müqaviməti, Rusiya ilə Ukraynadakı müharibəyə qarşı ox yaratması Ağ Evi daha
diqqətli olmağa vadar edir.

Buna görə də İranın genişlənmə siyasətinə qarşı ciddi tədbirlər görmək
lazımdır, çünki Tehran Vaşinqtonun cızdığı “qırmızı xət”ləri tapdalamaq həddinə
qədər yetişir.

İkinci bir tərəfdən, İran Xəzər dənizindəki donanmasını da təhlükəsizlik
mühitinə qarşı inkişaf etdirə bilər.

Bu, ABŞ-nin dəstəklədiyi neft-qaz layihələrinin təhlükə altına atılması
riskləri barədə düşündürür.

Ümumilikdə, İran istər dənizdən, istərsə də qurudan fəaliyyətlərini
terrorçu-təxribatçı şəbəkələri ayaqda tutaraq həyata keçirməkdə maraqlı tərəf
kimi görünür.

Cənab Blinkenin sərhədlər vurğusu təkcə quru zolaqlarını əhatə etmir, o, həm
də dənizdən gələ biləcək təhlükəli siqnallara qarşı tədbirlərin görüləcəyinə
işarə verir.

Lakin Blinken məsələnin digər hissəsini dilə gətirməkdən çəkinir. Belə ki,
Azərbaycanla Ermənistanın tamhüquqlu sülhü imzalaması Bakının Zəngəzur
dəhlizinin açılması şərti əsasında baş tutmalıdır.

Ancaq Zəngəzur dəhlizinin açılması, daha doğrusu, onun geostrateji əhəmiyyəti
İran üçün pis ssenaridir.

Təzadlıdır ki, ABŞ ilə İran Zəngəzur dəhlizi mövzusunda Ermənistanın
mövqeyindən çıxış edən tövrə sahibdirlər, hərçənd ki, Vaşinqton böyük ölçüdə
həmin koridorun əleyhinə deyil. Məntiqlə, ABŞ İranın Zəngəzur dəhlizi üçün
yaratdığı maneələri aradan qaldırmaq gücünü göstərməlidir – söhbət
diplomatik-siyasi üsullarla İranın ram edilməsindən gedir.

Digər yandan, Türkiyənin regionda artan nüfuzu İran mollalarını narahat edir,
ABŞ Ankaraya da dəstəkləyici mexanizmlər verməyi artırmalıdır. Bu, NATO-nun
genişlənmə strategiyasına uyğun qurulmalı və İranı dalanda saxlamaq üçün böyük
bir həmlə kimi inkişaf etməlidir.

İrana qarşı total real müharibə yox, İranın regionda pozucu təsirlərini aradan
qaldıran həmlələr Azərbaycan üçün sərfəlidir.

Azərbaycan xarici siyasətinin İran istiqamətini Türkiyə, ABŞ, İsrail, hətta
Rusiya ilə koordinasiya edir, məqsəd regionda avantüra ilə real təhdidlərin
ölçülərini fərqləndirməkdir.

PROQNOZ:

Azərbaycanla ABŞ beynəlxalq terrorizmlə mübarizə çərçivəsində İranın proksi
qüvvələrinin regiona gəlişinin qarşısında sədd çəkmək üçün müzakirələr aparacaq.

Türkiyə-ABŞ-İsrail üçbucağında Azərbaycan sərhədlərinin mühafizəsi öhdəlikləri
üçtərəfli qaydada masaya qoyula bilər.

ABŞ Azərbaycanın geosiyasi, ticari və enerji təhlükəsizliyi baxımından
strateji əhəmiyyətinə görə Xəzər dənizi hövzəsinin Azərbaycan seqmentində
müdafiə potensialının artırılması öhdəliyi ilə çıxış etməkdə qərarlı görünür.

Aqşin Kərimov

Source link