099f202c-acb7-40ab-a61c-d2e7f8acf74a..jpg

ABŞ biolaboratoriyaları postsovet məkanına ölüm saçır – ŞƏRH + FOTO

Baxış sayı: 701 dəfə baxılıb.

ABŞ biolaboratoriyaları postsovet məkanına ölüm saçır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Postsovet məkanında yerləşən ABŞ bioloji laboratoriyalarından gələn təhlükə
yenidən aktuallaşıb. Müxtəlif ölkələrdən olan alim və mütəxəssislər, nüfuzlu
media orqanları bununla bağlı zaman-zaman həyəcan təbili çalır, buna qarşı
çıxmağın zəruriliyinə çağırışlar edirlər. Müxtəlif yoluxucu xəstəliklərə qarşı
mübarizə adı altında yaradılan bu obyektlərin hədəfi heç kimə sirr deyil –
postsovet məkanında müxtəlif təhlükəli ssenarilər, planlar hazırlayıb
reallaşdırmaq.

Ukraynadakı müharibə fonunda ABŞ-nin bu biolaboratoriyaları yenidən gündəmə
gəlib. Belə ki, Kreml postsovet məkanında Birləşmiş Ştatlara məxsus
biolaboratoriyalara qarşı irimiqyaslı mübarizəyə start verib.

Maraqlıdır ki, laboratoriyaların yerləşdiyi ölkələr də təsadüfi seçilməyib.
Məsələn, götürək Ermənistanı. ABŞ çox gözəl anlayır ki, bu ölkə “sürüşkən”
mövqeyi ilə seçilir, yəni Kremlin forpostluğunu sürətlə Vaşinqtonla əvəzləyə
bilər. Elə bu səbəbdən də Ermənistan hökuməti biolaboratoriyaları öz ərazisində
yerləşdirməyə razılıq verib. Moskva dəfələrlə buna etiraz edib, əraziyə
mütəxəssislərin buraxılmasını istəsə də, rədd cavabı alıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə Ağ Ev tərəfindən
maliyyələşdirilən bioloji laboratoriya ilə bağlı xəbərdaredici açıqlama ilə
çıxış edib. Lavrov bu laboratoriyalarla bağlı şəffaflıq proqramlarının
zəruriliyini irəli sürsə də, onu ciddiyə alan olmayıb.

Qeyd edək ki, bioloji silahlar kütləvi qırğın silahının bir növü kimi
təsdiqlənib. Bioloji silahdan istifadə 1972-ci ildə qəbul olunan və 1975-ci
ildə qüvvəyə minən müvafiq beynəlxalq konvensiya ilə qadağan olunub. Hazırda
həmin konvensiyaya qoşulan 184 ölkə var, Azərbaycan bura 2004-cü ildə qoşulub.
Məhz həmin ildə BMT Təhlükəsizlik Şurası qurumun üzv ölkələrinin kimyəvi,
bioloji, radioloji silahlar və nüvə silahı əleyhinə öz qanunvericiliklərini
təkmilləşdirmələrini tələb edən və müvafiq silahların istifadəsini qadağan edən
qətnamə qəbul edib.

Kreml bu laboratoriyalara qarşı hələ ki Kollektiv Təhlükəsizliklə Müqaviləsi
Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın son iclasında da bu
məsələ qaldırılıb. Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da ABŞ
laboratoriyaları var və hər iki ölkə də Birləşmiş Ştatların hərbi-bioloji
layihələrinə cəlb edilib. Kremlin narahatlığı ondan ibarətdir ki, Ermənistanda
12, Qazaxıstanda 6 belə obyekt mövcuddur. Bundan əlavə, Pentaqon Qazaxıstanda
BSL-4 laboratoriyaların inşasını da maliyyələşdirir. Moskva bəyan edir ki,
həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün
anbar rolunu oynaya bilər.

Bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya Ukraynada işğalçı müharibəyə
başlayandan sonra Vaşinqton Ukrayna laboratoriyalarını keçmiş SSRİ-nin digər
respublikalarına köçürmək planına start verib. İndi əsas məsələ Ermənistanın
Rusiyanın təzyiqi qarşısında tab gətirib-gətirməyəcəyidir.

Nüfuzlu qırğız alimi Bakyt Saipbayev hesab edir ki, Pentaqon bioloji
silahların hazırlanması planlarından əl çəkməyəcək. Alim Mərkəzi Asiya
ölkələrində yeni bioloji laboratoriyaların açılması cəhdlərinə qarşı durmağın,
eləcə də şəffaf iş tələbinin və mövcud laboratoriyaların fəaliyyətinin
yoxlanılmasının vacibliyini qeyd edib. Müxtəlif ölkələrin alimləri bir neçə
ildir ki dünya ictimaiyyətinin gözündən yayınan ABŞ məxfi bioloji
laboratoriyalarının xarici dövlətlərin ərazisindəki fəaliyyəti ilə bağlı
həyəcan təbili çalırlar. Dünyada cəmi 300-ə yaxın belə laboratoriya var.
Mütəxəssislərin narahatlığına səbəb olan əsas məsələ həm də onların Birləşmiş
Ştatlardan kənarda yerləşməsi faktıdır.

MDB ölkələrinin Təhlükəsizlik Şurası rəhbərlərinin bir neçə il əvvəl Moskvada
keçirilən iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova da müxtəlif
ölkələrdə təxminən 200 ABŞ hərbi və mülki müşahidə laboratoriyasının
müəyyənləşdirildiyini bildirmişdi. Eyni zamanda, o, yeni epidemioloji
təhlükələrin yaranma zonalarından da bəhs etmişdi. Bu laboratoriyalardan biri
Riçard Luqar adına İctimai Sağlamlıq Mərkəzidir. Tbilisi ətrafında yerləşən
laboratoriyada bir neçə il əvvəl Gürcüstanın bir sıra bölgələrində yoluxucu
xəstəliklərin ocaqları qeydə alınmışdı.

Bir məsələ də var ki, ABŞ-nin xarici bioloji laboratoriyalarında həm açıq, həm
də qapalı şöbələr var, onlara hətta yerli kadrların daxil olmasına da icazə
verilmir, yalnız amerikalı mütəxəssislər daxil ola bilərlər. Bu obyektlərin
ərazisində amerikalı və avropalı hərbi bioloqlar tədqiqat aparır. Rusiya
mediası iddia edir ki, orada ölümcül virus ştammları inkişaf etdirilir, o
cümlədən onların insan immun sisteminə təsiri öyrənilir.

Beləliklə, ABŞ biolaboratoriyaları ilə bağlı məsələ aktuallıq qazanmağa
başlayır. Rusiya gözəl anlayır ki, bu mərkəzlərdə təcrübələr adı altında
müxtəlif planlar və ssenarilər hazırlana bilər. Ermənistanla bağlı son
hadisələr də bu planın artıq işə düşməsindən xəbər verir. Artan anti-Rusiya
təbliğatı, Rusiya ilə bağlı təşkilatlardan çıxmaq çağırışları da ssenarinin
tərkib hissəsidir. Yəni laboratoriyalar artıq gərginlik yaratmaq mərkəzi rolunu
oynayırlar.

“Report” İnformasiya Agentliyi

Source link