ABŞ-də yaşayan azərbaycanlı rejissor: “Bakıda qalıb yalnız komediya çəkməyə
davam etmək istəmirdim” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda döyüş, aksiyon səhnələri çəkmək daha rahatdır. ABŞ-də kino
çəkilişi zamanı birinin dağdan aşağı düşməsinə xərclənən pulla Azərbaycanda üç
kino çəkmək olar. Orada ilk səhvim öz hesabıma döyüş filmi çəkməyim idi”.
Bu sözləri “Kaspi”
qəzetinin müsahibi, ABŞ-də yaşayan azərbaycanlı rejissor, prodüser Elmar
Bayramov söyləyib.
İş həyatı Lənkəranda idman müəllimliyi ilə başlayıb, ABŞ-də rejissorluğa qədər
davam edib. Azərbaycanda karyerasının zirvəsinə çatdığı və dörd film təklifi
aldığı vaxtda, məşhurluqdan və yaxşı qazancdan imtina edərək, okeanın o tayında
sıfırdan başlayıb. Çünki onun məqsədi təkcə pul qazanmaq yox, keyfiyyətli iş
ortaya qoymaq və öz sahəsində dünyada tanınmaqdır. Çətin olduğunu bilsə də,
əzmlə kino adamı olmaq yolunda addımlayır.
Bakı Dövlət Universitetinin biblioqrafiya və informasiya fakültəsində təhsil
alıb. Azərbaycan Kapoeyra Federasiyasında müəllimlikdən federasiya prezidenti
vəzifəsinə qədər yüksəlib. Həmçinin beynəlxalq idman yarışları, seminarların
əsas təşkilatçılarından biri və baş rəqəmsal dizayneri vəzifəsində çalışıb.
Azərbaycanda sosial çarxlar, sənədli filmlər çəkdikdən sonra 2017-ci ildən
ABŞ-yə köçür və rejissorluq fəaliyyətinə orada davam edir. Burada “Ups”
qısametrajlı filmi ilə “Ən yaxşı döyüş səhnəsi” kateqoriyasının qalibi olur.
Həmçinin “Qoy qaçım” (Let me run) qısametrajlı filminin festivallarda,
Avropada, Cənubi Amerikada, Kanadada və ABŞ-nin bir çox şəhərlərində
nümayişləri keçirilib. 15 müxtəlif nominasiyaların qalibi olub.
“Bunu həqiqətən də azərbaycanlılar çəkib”
– Elmar bəy, tam fərqli fakültədə təhsil alıb, fərqli sahədə
ixtisaslaşmısınız. Peşəkar idman mütəxəssisinin kino sevgisi necə yarandı?
– Federasiyada məşqçi olsam da, standart müəllim olmaq istəmirdim. Çalışırdım
ki, uşaqlara ictimai sferada lazım olan məlumatları verim. Məqsədim tək idmançı
deyil, dünyagörüşlü tələbə yetişdirmək idi. Onlara elementar elmi kəşflərdən
tutmuş, coğrafi məlumatlara qədər çox şeyi öyrətməyə çalışırdım. Ekologiyanın
qorunması, nəqliyyatdan düzgün istifadə ilə bağlı məlumatlandırırdım. Lakin
görürdüm ki, fikirlərimi 150-200 tələbəyə çatdıra bilirəm. Tələbələrimdən film
istehsalının müxtəlif ixtisasları üzrə təhsil alanlar var idi. Sosial
mövzularımı danışır, onlarla bu istiqamətlərdə müzakirələr aparırdıq. Daha
sonra sosial çarxlar üçün hekayələr yazmağa başladım. Zamanla ağlımda tutduğum
videoların istədiyim kimi çəkilməməsi məni narahat etdi. Bundan sonra özüm bu
sahə ilə ciddi şəkildə maraqlandım.
– İlk sosial video çarxınız “Ekoloji missiya” kifayət qədər səs-küy yarada
bilmişdi
– Onu hazırlayanda video çəkməyin dərinliklərini bilmirdim. Ümumi
təşkilatçılıq təcrübəmdən istifadə edərək çəkməyə çalışdım. Ətrafımda ancaq pul
maraqları olmayan, cəmiyyətə yararlı video çəkmək istəyən insanları toplamaq
istəyirdim. “Ekoloji missiya” da ilk sosial layihəmiz idi. Çarx İçərişəhərdə
ətrafı təmizləyən yaşlı “xala” və zibilləyən insanlar haqqında idi. Bu çarxda
yerə düşən tullantıları xala yox, insanlar yığırdı. Anladım ki, ağlımda olan
mesajı video vasitəsilə istədiyim kütləyə ötürə bilirəm. Bir müddət sonra bu
sahədə tanınmağa, pul qazanmağa başladıq. İlk dəfə reklam çarxını çəkəndə
sosial şəbəkələrdə “bunu həqiqətən də azərbaycanlılar çəkib?” başlığı ilə
yazılar paylaşılırdı.
“Bu, mənə pul qazandıra bilərdi, amma…”
– Sevdiyiniz işdən pul qazanmağa başlayanda ABŞ-də davam etmək qərarına
gəldiniz. Nə üçün?
– Döyüş, aksiyon, dram filmlərini çəkməkdən daha çox zövq alıram. Azərbaycanda
isə maraq əsasən komediya janrınadır. “Don Marleone” filmimin təqdimatında dörd
yeni təklif almışdım. Lakin bu layihələr reallaşmadı. Çünki Bakıda qalıb yalnız
komediya çəkməyə davam etmək istəmirdim. Bu, mənə pul qazandıra bilərdi, amma
reallaşmağını gözləyən ideyalarım var idi. Layihənin nə qədər uğurlu olmasının
mənim üçün fərqi yoxdur. Əsas məqsədim ərsəyə gətirdiyim filmin sosial mesaj
daşımasıdır. Mənə görə, maariflənməyən insan qrupu ən böyük problemdir.
Məqsədim də rejissor kimi insanları yalnız güldürmək deyil, sosial mövzuları
əhatə edən filmlərlə maarifləndirməkdir.
– Yəqin ki, məqsədlərinizin ardınca getmək asan başa gəlməyib.
– Əlbəttə. ABŞ-yə həyat yoldaşım Könüllə birlikdə gəldik. O, rəssamdır. İkimiz
də bilirdik ki, Hollivud qucağını açıb bizi gözləmir. Sıfırdan başlayacağımızı
da, çətinlikləri də gözə almışdıq. Bir müddət sonra özümüzlə gətirdiyimiz pul
da artıq bitirdi və işləməli idik. Əvvəlcə Kaliforniya ştatında qaldıq.
Qiymətlərin baha olduğunu görüb, bizim üçün ən uyğun ştat Corciyaya köçdük.
Orada “narkotiklər insanı öldürür” adlı video işlədik. Yerli narkotiklə
mübarizə idarəsi bu videodan tanıtımında istifadə edirdi. Daha sonra Texasa
köçdük və telefon təmiri yerində üç ay yarım işlədim. Könül də artıq rəsmlərini
sərgiyə çıxarıb satırdı. Beləliklə, ikimiz də qazanırdıq. Mən qazandığım pulla
evi təmin edirdim, Könülün qazancı ilə isə filmlər üçün müxtəlif texnika,
avadanlıqlar alırdıq. Kommersiya işlərinə davam edir, döyüş zallarına gedir,
reklamlarını çəkirdim. İdman keçmişim var idi deyə, əlaqələrim ilk vaxtlar mənə
kömək oldu.
“Bu, xəyalıma belə gəlməzdi…”
– Hətta ”Black Garden Company” adlı şirkət də açmısınız…
– Çətinliyimiz çox olsa da, həyat yoldaşımla əl-ələ verib öhdəsindən gəldik.
Hazırda iki prodakşnla işləyirik. Qısametrajlı filmlərimiz kinofestivallarda
uğurlar qazandı. Çox yaxşı geri dönüşlər əldə etdim. Arnold Schwarzeneggerin
prodüseri Robert Goldman, Maykl Jey White, Alan Goldbergle, Don Dragon Wilson,
Sintia Rotrokla tanış oldum. Bu insanlarla birlikdə film tədbirlərində iştirak
edəcəyim, mükafat qazanacağım xəyalıma belə gəlməzdi. Ciddi əlaqələrim yarandı,
işim yavaş-yavaş yoluna düşdü. Amma istədiyim səviyyəyə çatmağım üçün daha çox
çalışmalıyıq.
– ABŞ-də film çəkmək, ərsəyə gətirmək bahadır deyirsiniz. Məhz bu səbəbdən ilk
filmlərinizdən qazancınız olmayıb. Maraqlıdır, ABŞ-də ilk film təcrübənizdə
hansı səhvləri edirdiniz?
– Bəli, ABŞ-də film çəkməklə bağlı elə çətin nüanslar, tələblər var ki, bunlar
Azərbaycanda yoxdur. Məsələn, sən Azərbaycanda bir zavodun içində film üçün
istehsal olunan silahlardan istifadə edərək, səhnəni rahat çəkə bilərsən.
ABŞ-də bunu etmək üçün çəkiliş meydançasına bir neçə məsul insan dəvət edirsən,
sənə rəy verirlər. Bütün aktrisalar, aktyorlar sığortalanmalıdırlar.
Azərbaycanda döyüş, aksiyon səhnələri çəkmək daha rahatdır. Məsələn, biri
dağdan düşür, digəri tullanır, işin də rahat gedir. ABŞ-də kino çəkilişi zamanı
birinin dağdan aşağı düşməsinə xərclənən pulla Azərbaycanda üç kino çəkmək
olar. İlk səhvim öz hesabıma döyüş filmi çəkməyim idi. Ən çətin layihələri icra
etməyə çalışırdım. Təsəvvür edin, bir adam yıxılsa, əzilsə bunun məhkəmələri
ilə baş edə bilməzsən. Azərbaycanda “qardaş, üzr istəyirəm, quzu kəsərəm,
bağışla” deyə bilirsən, ABŞ-də heç kimə quzu kəsə bilməzsən. Hər şey qaydasına
uyğun aparılmalıdır. ABŞ-də qaydalarla hərəkət etmədinsə, bir addım qabağa
düşəndə, 10 addım geri düşəcəksən.
“Oskar qazanmış təşkilata promo çəkirik”
– Bəs ABŞ-də film sənayesinin qayda-qanunlarını necə öyrəndiniz? Bunun
təhsilini aldınızmı?
– Bəli, onsuz mümkün deyildi. Onlayn kursa müraciət etdim və bir il
hazırlaşdım. Müəllimim Janet Urban Hollivudda səs rejissorudur. Məhz bu kursdan
sonra festivallara film çəkməyə başladım. Müəllimim iki dəfə “Emmy” mükafatını
da qazanmışdı. Orada mənə kino çəkməyi öyrətmirdilər. Məhz film çəkməyi bacaran
insanların bu sənayenin içinə necə düşəcəyi ilə bağlı yolları izah edirdilər.
Bu yollardan biri setlərdə köməkçi kimi işləyib, yavaş-yavaş qalxmaqdır.
Əvvəlcə festivallarda könüllü işlədim. Daha sonra milyonlarla büdcələri olan
filmlərdə prodakşn assistent kimi işləyirdim. Zamanla bu yolların daha çox
zaman tələb etdiyini müəyyən etdim. Qərara gəldim ki, pul qazanmağa
fokuslanmalıyam və qazandığım pullarla film çəkib festivallarda iştirak
etməliyəm.
– Festivallardakı filmləriniz artıq ABŞ-də müəyyən nominasiyalarda qalib
olmağa başladı. Məqsədlərinizə nail olmaq necə hissdir?
– Bunu sadəcə istədiyimə nail olmaq üçün getdiyim yolun başlanğıcı kimi
qiymətləndirirəm. Bunlar mənim üçün mütləq uğur deyil. Mütləq uğur hansısa
layihə ilə Disneyin, Netflixin qapısını döyüb ssenarimi təklif edib, onlarla
rahatlıqla əməkdaşlıq etməkdir. O halda biz artıq məqsədlərimizin böyük
hissəsinin öhdəsindən gələcəyik. Hələ ki, o mərtəbələrdə irəliləyirəm. Bu gün
təşkilatımızın potensialı çox yüksəkdir. Buna nümunə olaraq qeyd edə bilərəm
ki, hazırda qrafik təsvir nominasiyasında “Oskar” qazanmış təşkilata promo
çəkirik. Məqsədlərimə gedən yolda olduğumun fərqindəyəm.
– Elmar bəy, hazırda festivallarda yarışan, ABŞ kinoteatrlarında nümayiş
olunan, ən əsası, sizə ən yaxşı rejissor adını qazandıran” “Nəfəs” filmindən
danışaq. Bu film necə ərsəyə gəldi?
– Bu filmdə məqsədim az aktyorla işləmək və keyfiyyətli iş ortaya qoymaq idi.
Real motivlər əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində erməni hərbi birləşmələri
tərəfindən əsir götürülən Bəxtiyarın həyatından bəhs edilir. Bəxtiyar travma
sonrası stress pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad
olunduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı
travmalar ilə mübarizə aparır. Filmin həmmüəllifi Ülviyyə Heydərovadır. Onun
yazı tərzini bəyənirdim və uzun danışıqlardan sonra hekayə formalaşdırdıq.
Orada çox çətin səhnələr çəkdik. Amma burada da istədiyimizə nail olduq.
“Nəfəs” Bakı Beynəlxalq qısametrajlı film festivalında “Ən yaxşı rejissor işi”
nominasiyasında qalib oldu.
– Kino dəryasının içində kifayət qədər çətinliklərdən keçərək məqsədiniz üçün
irəliləyirsiniz. Geriyə dönüb baxdıqda nə düşünürsünüz?
– Həmişə düşünmüşəm ki, həyat yoldaşım Könüllə evlənməsə idim, bu nəticələri
əldə edə bilməzdim. O, mənə çox inanır və dəstəkləyir. Azərbaycanda istədiyim
nəticəni əldə etdiyim vaxt hər şeydən imtina edib ABŞ-yə gəldim. Bir qadının
sənə qoşulub gəlməmək haqqıdır. Bilə-bilə çətinliklərə doğru getmək, mənimlə
birlikdə mübarizə aparmaq borcu deyildi. Həyat yoldaşının səni anlaması,
yanında olması çox vacibdir. Könülün həyatımdakı rolu inanılmazdır. Hər anormal
fikrimə “edək” deyib. Mən həmişə qəribə fikirlər səsləndirib yoxlamağa cəhd
etmişəm. İstənilən insan həyatında, – istər kişi, istərsə də qadın, –
bir-birinə dəstək olmağı bacarırsa, uğurlu olmaq ehtimalı yüksəkdir.