4ed13bfd-ec32-4cf8-af58-0eef270b0a5b..jpg

ABŞ dolları almaq istəyənlərin nəzərinə – YENİ QAYDALAR

Baxış sayı: 637 dəfə baxılıb.

ABŞ dolları almaq istəyənlərin nəzərinə – YENİ QAYDALAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə
lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının
aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və
müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində
nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq
satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq
alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.

Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi
əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə
müəyyənləşib.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş
minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında
təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə
əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu
tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət
edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində (I qrup
zona), iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar (II qrup
zona) və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan
hissələrində (III qrup zona) təşkil oluna bilər.

Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 min manatdan və ya ekvivalentindən
200 min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı
mühafizə xidmətinin müşayiəti ilə, bundan daha çox pul vəsaitinin təhlükəsiz
daşınması silahlı mühafizə ilə təmin edilməklə inkassasiya xidməti göstərən
şəxslər tərəfindən həyata keçiriləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi
tapşırılıb.

Digər qərarla ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr
2017-ci il tarixli “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər
tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın təsdiq
edilməsi barədə” və 8 oktyabr 2018-ci il tarixli “Valyuta mübadiləsi
fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə
nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiqi ilə bağlı qərarlar ləğv edilib.

Source link