ABŞ Dövlət Departamenti Azərbaycanın Vaşinqton görüşündən imtinasını şərh edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını
dəstəkləməkdə davam edir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi
brifinqdə Bakının Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri
arasında keçiriləcək görüşdə iştirakdan imtina etməsini şərh edərkən deyib.
“Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh
danışıqlarını dəstəkləməyə davam edirik. Biz iki ölkəni istər ABŞ-də, istərsə
də başqa yerlərdə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti
davam etdirəcəyik”.
Qeyd edək ki, rəsmi Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və
Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina
edib. Buna səbəb ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin
dinləmələrində verdiyi əsassız və qərəzli bəyanatlar olub.