ABŞ Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdi ilə əlaqədar FETÖ hərəkatının lideri Fətullah Gülənin ekstradisiya olunması haqqında qərar çıxara bilər.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, Gülənin Türkiyəyə təhvil verilməsi üçün Ankara müvafiq sənədləri təqdim etməlidir.
“Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı təqdim edə biləcəyi istənilən materiallara baxacağıq. Faktlar əsasında və ABŞ qanunvericiliyinin tələblərini rəhbər tutmaqla onun ekstradisiya olunub-olunmayacağı ilə bağlı yekun qərar çıxarılacaq” deyə ABŞ ədliyyə nazirliyinin rəsmi nümayəndəsi Nikol Navas bildirib.
Bundan əvvəl Türkiyə telekanallarından birində, FETÖ lideri Fətullah Gülənin rusiyalı səfirin qətlinə şəxsən göstəriş verdiyini iddia edən video sujet təqdim olunub.
Andrey Karlov 19 dekabr 2016-cı ildə Ankarada fotosərginin açılışında çıxış edən zaman güllələnib. Hücumu həyata keçirən şəxs, keçmiş polis əməkdaşı Mövlut Mer hadisə yerində zərərsizləşdirilib. Rusiya İstintaq komitəsi hadisə ilə bağlı “Beynəlxalq terror aktı” maddəsi üzrə cinayət işi açıb.