3423d513-9872-4226-a26d-06ab32dc4ca9..jpg

ABŞ ilə İran arasında məhbus mübadiləsi – xidmət haqqını alan Tehran – ŞƏRH + FOTO

Baxış sayı: 667 dəfə baxılıb.

ABŞ ilə İran arasında məhbus mübadiləsi – xidmət haqqını alan Tehran – ŞƏRH +
FOTO

ABŞ ilə İran arasında istənilən istiqamətdə irəliləyiş beynəlxalq səviyyədə
müəyyən yüngülləşməyə səbəb olur. Sentyabrın 18-də iki ölkə arasında məhbus
mübadiləsi də tərəflər arasında danışıqların nəticə verə biləcəyini ehtimal
etməyə əsas verir.

Qeyd edək ki, mübadilə edilən 5 ABŞ vətəndaşı bunlardır: Murad Tahbaz, Siamək
Namazi, Emad Şərqi və adları açıqlanmayan daha 2 nəfər. Əvvəllər adları
açıqlanmayanların arasında Şahab Dəlilinin adı hallanırdı. Ancaq sonuncu
siyahıda onun adı qeyd edilməyib.

67 yaşlı Murad Tahbaz 2018-ci ildə İran vətəndaşı olan 8 ekoloqla birlikdə
həbs edilib. O, casusluqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib.
Tahbaz ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, həm də Böyük
Britaniya vətəndaşıdır.

51 yaşlı iş adamı Siamək Namazi Dubayda neft şirkətində menecer işləyib.
2015-ci ildə həbs olunub. Bir il sonra atası Baker həbs edilib. Hər ikisi
“xarici düşmənlə əməkdaşlıqda” ittiham edilərək 10 il müddətinə azadlıqdan
məhrum olunub. Siamək Namazi 8 il həbsdə saxlanılıb. Ata və oğul bu ittihamları
rədd ediblər. Baker 2022-ci ildə müalicə məqsədilə sərbəst buraxılıb.

59 yaşlı Emad Şərqi 2018-ci ildə İranda vençur fondda işləyəndə həbs edilib.
O, casusluqda ittiham olunsa da, girov qarşılığında sərbəst buraxılıb. 2020-ci
ildə məhkəmə ona bildirib ki, qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum
edilib. 2021-ci ildə İranı qanunsuz yolla tərk etmək istəyərkən saxlanılaraq
həbs olunub.

ABŞ-nin azad etdiyi İran vətəndaşları bunlardır: Mehrdad Moin Ənsari, Kambiz
Attarkaşani, Reza Sərxangpur Kafrani, Amin Hassanzadə, Kaveh Lütfullah
Əfrasiyabi. Ənsari və Kafrani Tehrana qayıdıblar. Qalan 3 nəfər isə böyük
ehtimalla ABŞ-də qalmaq istəyib.

Bu mübadilə gözlənilməz olmayıb. İddialara əsasən, məhbusların azad edilməsi
ilə bağlı Tehranla Vaşinqton arasında danışıqlar bu ilin fevralında Qətərin
vasitəçiliyi ilə başlayıb və 9 raund olub.

Məhbus mübadiləsi reallaşdırıldığı bir vaxtda ABŞ Prezidenti Cozef Bayden
İranın keçmiş Prezidenti Mahmud Əhmədinejata, İnformasiya və Kəşfiyyat
Nazirliyinə qarşı yeni sanksiya tətbiq edib. Qadağa 2005-ci ildə İranın Kiş
adasında yoxa çıxmış Bob Levinsonla bağlıdır. ABŞ Federal Təhqiqat Bürosunun
keçmiş agenti Bob Levinson İranda itkin düşmüş sayılır. Onun öldürüldüyü
ehtimal olunur.

Bu hadisələr fonunda ABŞ İranın Cənubi Koreya banklarında dondurulmuş 6
milyard dollar məbləğində maliyyə vəsaitinə qoyduğu sanksiyanı ləğv edib. Bu
məbləğ Qətərin vasitəsi ilə Tehranın maliyyə qurumlarına köçürüləcək.

Baş verən hadisəni birmənalı müsbət və mənfi olaraq qiymətləndirmək mümkün
deyil. Tehran hadisəni “qələbə” kimi dəyərləndirə bilər. Çünki 5 vətəndaşı
həbsdən azad edilməklə yanaşı, həm də onun 6 milyard dollar məbləğində maliyyə
vəsaiti azadlıq qazanıb. İranın bu hadisəni ölkə daxilində qələbə kimi təbliğ
edib, “böyük şeytan” üzərində zəfər kimi təqdim etməsi mümkündür. Qeyd edilib
ki, maliyyə vəsaitinin yalnız humanitar məqsədlə xərclənəcəyinə nəzarət
ediləcək. Milyardlar İranın hesabına hissə-hissə köçürüləcək. Başqa sözlə, bu
vəsaitin xərclənəcəyi istiqamətlər əvvəlcədən müəyyənləşəcək. Bu, sərfiyyatda
özbaşınalığın olmayacağını deməyə əsas verir.

İran rejiminin adamları olmuş 3 keçmiş məhbusun geri dönməməsi, ABŞ-də və ya
başqa ölkədə qalması da Tehran üçün mənfi hal sayıla bilər. Bu isə o deməkdir
ki, mübadilə 5-in 5-ə deyil, 8-in 2-yə qarşılığında reallaşıb.

Keçmiş iranlı məhbusların adi vətəndaşlar olmadığını da nəzərə alsaq, keçmiş 3
məhbusun İrana dönməməsi də sıradan bir hadisə deyil. Bunu ABŞ-nin uğuru saymaq
olar. 5 vətəndaşını İran həbsxanasından azad etmək Ağ ev üçün daha bir
nailiyyətdir.

Etirazların davam etdiyi şəraitdə 6 milyardın verilməsi İrana dəstək kimi
görünsə də, bunu Tehran üçün badalaq da saymaq olar. Çünki bu, onun anti-ABŞ
təbliğatına problem yaradacaq. Başqa sözlə, vətəndaşlara ABŞ və ya Qərbin başqa
ölkələri ilə əməkdaşlığı istiqamətində təzyiqləri yersiz və gülünc görünəcək.
Bundan başqa, İran hakimiyyətinin ABŞ ilə danışıqlar aparmadığına dair
açıqlamalarına inam az olacaq.

Milyardların köçürülməsi Tehrana ABŞ-nin sanksiyalarına görə maliyyə vəsaiti
çatışmazlığı bəhanəsinin qarşısını alacaq. Bu, İran cəmiyyətində ABŞ-yə, Qərbə
etimadı artıracaq.

8-2 mübadiləsi ABŞ-nin İrana təsir imkanlarının böyük olduğunu təsdiqlədi.
Mövcud rejim bu mübadiləyə razılıq verməklə Ağ evə özünəməxsus ismarış da
verib. Çünki bu danışıqlar etiraz aksiyalarının güclü olduğu bir vaxtda
başlayıb. Belə ehtimal etmək olar ki, İran fevral danışıqları ilə ABŞ-yə
“müxalifət sayılan Rza Pəhləvi ilə deyil, bizimlə əməkdaşlıq edin” ismarışını
da çatdırıb. Ona görə də 6 milyardı Vaşinqtonun Tehrana gələcək birgə işlər
üçün behi də saymaq olar. Odur ki, İranın ərəb ölkələri ilə münasibətləri
yumşaltmaq cəhdləri və s. havayı deyil. Hər nəsnənin qiyməti var, Tehran
hakimiyyəti ABŞ-yə göstərdiyi xidmət haqqını belə alıb.

“Report” İnformasiya Agentliyi

Source link