cf0de337-5a79-434e-8546-1c707a220fb5..jpg

“ABŞ indi də Cənubi Qafqaza əl atır, onu Sovet İttifaqının aqibəti gözləyir” – ŞƏRH + FOTO

Baxış sayı: 1. 145 dəfə baxılıb.

“ABŞ indi də Cənubi Qafqaza əl atır, onu Sovet İttifaqının aqibəti gözləyir” –
ŞƏRH + FOTO

Martın 30-da ABŞ-də ikinci dəfə Demokratiya Sammiti adlı tədbir keçiriləcək.
Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən Qərb bu dəfə də öz
məqsədli siyasətini həyata keçirməkdə davam edir. Belə ki, Demokratiya
Sammitinə demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət edildiyi halda
Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-nin siyahısından kənar
qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti demokratiya
tədbirinə dəvət alıb. Bütün bu məqamlar ABŞ-nin Cənubi Qafqazda parçalama
siyasəti yürütdüyü haqqında iddiaları gücləndirib.

Məsələ ilə əlaqədar Cixisyolu.com-a danışan politoloq Tofiq Abbasov sammiti
demokratiya konfransı adlandırmağın düzgün olmadığını söyləyib. O xatırladıb
ki, vaxtaşırı ABŞ belə tədbirlər keçirir:

“Bu, natamam, ABŞ-nin dünyada yeritdiyi siyasətə uyğun quruluşdur. Çünki ABŞ
guya demokratiya qurmaq adı ilə parçaladığı ölkələrdə bu siyasəti həyata
keçirirdi. Demokratiya alətləri ABŞ-nin hegemon siyasətini dünyada yeritmək
üçün vasitədir.

Cənubi Qafqaza gəldikdə isə nəzərə almaq lazımdır ki, ABŞ bütün dünyada
parçalama siyasəti həyata keçirir. Bu dövlətin qayəsi ancaq öz maraqlarını
təmin etmək, himayə etdiyi qüvvələri önə çəkmək, dağıdıcı proseslər həyata
keçirməkdir. Gürcüstanda biabırçı yanaşma tətbiq edilib. Ölkənin yalnız
Prezidenti Salome Zurabişvili Demokratiya Sammiti adlı tədbirə dəvət olunub.
Çünki o, Fransa vətəndaşıdır və Qərbin siyasətini Gürcüstanda həyata keçirən
şəxsdir. Bu yaxınlarda Gürcüstan parlamenti xarici agentlərə qarşı qanun
layihəsi qəbul etmək istəyəndə prezident dedi ki, bu qanunu təsdiq etməyəcək.
Səbəb aydındır, bu layihə Qərbin Gürcüstana təsirlərinin qarşısını ala bilərdi.
Macarıstan, Türkiyə, Azərbaycan da milli siyasət yürütdüklərinə görə ABŞ-dən
dəvət almayıblar. Prezidentİlham Əliyev onların oyunbazlıqlarına, siyasi
eksperimentlərinə qəti şəkildə “yox” deyir, ölkəmizin maraqlarının keşiyində
durur, kənar müdaxilələrin dağıdıcı təsirlərinin qarşısını alır”.

Politoloq hesab edir ki, ABŞ-nin demokratiya vasitəsilə öz siyasətini həyata
keçirməsi son dövrlərini yaşayan epoxadır:

“Çünki ABŞ dünyada öz nüfuzunu itirir. Daxildə isə mərkəzdənqaçma, parçalanma
fikirləri inkişaf edir. Yeddi-səkkiz ştat müstəqillik haqqında düşünür. Hesab
edirəm ki, ABŞ-ni Sovet İttifaqının aqibəti gözləyir. Bu dövlət gərək dünyadan
əl çəkib, öz daxilində demokratiya yaratmağa, ölkənin idarəçiliyini sahmana
salmağa çalışsın”.

Aysel Aslan

Source link