ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrləri Stiv Kohen (demokrat, Tennesi) və Bil Şuster (respublikaçı, Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.
ÇıxışYolu.Com-ın məlumatına görə, konqresmen Stiv Kohen bəyanatında Azərbaycanı təbrik edərək bildirir ki, mayın 28-i Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqillik əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi qeyd edilir.
Bəyanatda qeyd olunur ki, Sovet İttifaqı dağılan zaman, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı ilə öz dövlət müstəqilliyini bərpa edib. Sənəddə diqqətə çatdırılır ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşıb.
Xəzər dənizindən başlamaqla Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın həcminin çoxalması ilə ABŞ-ın əsas müttəfiqlərinin enerji təhlükəsizliyi artacaq.
Bəyanatda bununla yanaşı, Azərbaycanın İsrailin neft istehlakının təqribən 40 faizini qarşıladığı və İsraillə dost münasibətlərə malik olduğu bildirilir. Yəhudilərin heç bir əngəl olmadan əsrlərboyu Azərbaycanda yaşadıqları, Azərbaycanın yəhudi icmasının sayının 12000 nəfər təşkil etdiyi qeyd olunur.
Azərbaycanın, həmçinin Xristian icmasının da evi olduğu və ölkənin Avropa Parlamenti tərəfindən dini tolerantlığa görə təqdir olunduğu barədə bəyanatda məlumat verilir.
Konqres üzvü Stiv Kohen diqqətə çatdırır ki, Azərbaycan ABŞ-ın əsas qlobal təhlükəsizlik tərəfdaşıdır. NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü kimi, Azərbaycan terrorizm əleyhinə mübarizə, nüvə silahlarının yayılmaması və narkotiklərə qarşı mübarizə sahələrində ABŞ ilə əməkdaşlıq edir.
Azərbaycan qüvvələri əvvəllər Kosovo və İraqda olduğu kimi, hazırda Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan öz hava məkanında ABŞ və NATO-nun mühüm uçuşlar həyata keçirməsinə, ABŞ və NATO qüvvələrinin təminatı üçün istifadə edilməsinə imkan yaradıb.
Bəyanatın sonunda ABŞ və Azərbaycan arasında tərəfdaşlığın tərəqqi etməsi və hər iki xalqa fayda verməsi arzu olunur.
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi qrupunun digər həmsədri Bil Şuster də eyni gündə bəyanatla çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyini elan edəndən sonra, etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaş və siyasi hüquqları təmin edərək yeni dövlətlər üçün nümunə olub. ABŞ həm 1918-ci ildə, həm də Sovet İttifaqının nüfuzu zəifləyəndən sonra 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyıb və dəstəkləyib.
O zamandan etibarən Azərbaycanın ABŞ-ın müttəfiqi və tərəfdaşı olduğu, xüsusilə 11 sentyabr terror hücumlarından sonra ona hərtərəfli və qeyd-şərtsiz dəstək verən ilk ölkələr arasında olduğu bəyanatda diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan Əfqanıstanda terrorizmə qarşı qlobal mübarizə səylərini dəstəkləyir, öz hava məkanından NATO təyyarələrinin Əfqanıstana uçuşuna və quru ərazisindən ölümcül olmayan yüklərin keçirilməsinə şərait yaradır:
“Azərbaycan İsraillə güclü əlaqələr yaratmış müsəlman çoxluğa sahib çox az ölkələrdən biridir. Bu, Azərbaycanın təkcə ABŞ-la deyil, onun müttəfiqləri ilə də münasibətlər saxlamasını, Azərbaycanın davamlı şəkildə demokratik dövlətlərlə sadiq və yaxın dost münasibətlər üzrə öhdəliyini qorumasını nümayiş etdirir”.
Bəyanatda o da bildirilir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində liderliyini davam etdirir. Cənub Qaz Dəhlizi Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarına çıxmasına və İrandan yan keçməklə Avropa müttəfiqlərinin enerji ehtiyatlarının diversifikasiyasına imkan verəcək:
“Bu, regionda enerji təhlükəsizliyinin təmin edilməsi və ABŞ, habelə onun müttəfiqlərinin qlobal ticarət imkanlarının artırılması üçün vacibdir”.
Bəyanatın sonunda davamlı tərəfdaşlıq və dostluğa görə Azərbaycana təşəkkür bildirilir və Cümhuriyyətin 100 illiyi münasibətilə digər Konqres üzvləri təbriklərə qoşulmağa çağırılır.
Xatırladaq ki, iyunun 5-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş rəsmi tədbirdə mindən yuxarı iştirakçı qarşısında çıxış edən Konqresmen Bil Şuster sözügedən bəyanatdakı məqamları bir daha diqqətə çatdırıb və ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi münasibətilə indiyə qədər ABŞ Konqresində Senatın bir üzvü, Nümayəndələr Palatasının isə 7 üzvü bəyanatlar veriblər.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com