Rəsmi Pekin ABŞ qüvvələrinin Cənub-Çin dənizində yerləşən Parasel adaları yaxınlığındakı əməliyyatlarını təxribat adlandırıb.
ABŞ hərbi dəniz qüvvələri Çinin ərazi sularına daxil olub. Pekin dərhal həmin bölgəyə Çin gəmiləri və aviasiyası göndərib. Onlar ABŞ gəmilərinin Çinin ərazi sularından çıxmasını tələb edib.
ABŞ-ın “Hiqqins” esminesi və “Antitem” idarəolunan raketli kreyseri ada sahilinin 12 dəniz mili yaxınlığından ötüb keçib.
Bu arxipelaq mübahisəli ərazi sayılır. Çindən başqa həmin torpaqlara Vyetnam və Tayvanın ərazi iddiası var.
Bununla belə Pekin adaların müstəsna olaraq Çinə məxsus olduğunu bildirir, hətta ərazidə zenit-raket kompleksləri də quraşdırıb.
Öz növbəsində rəsmi Vaşinqton arxipelaqı heç zaman Çin torpağı saymayacağını və həmin bölgədə əməliyyatları davam etdirəcəyini bildirib.