6a3ae01e-cd73-4524-98b4-c3cd9faf38c8..jpg

ABŞ-nin 60 milyard dollarının Ukraynada “partlama gücü” – TƏHLİL

Baxış sayı: 603 dəfə baxılıb.

ABŞ-nin 60 milyard dollarının Ukraynada “partlama gücü” – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60 milyard dollarlıq yardımı
nəzərdə tutan qanun layihəsini qəbul etdi.

Bu layihə Senatın da filtrindən keçsə və ardınca Prezident Co Bayden
tərəfindən imzalansa, Ukrayna növbəti yardım paketini əldə edə biləcək.

Sənəd qəbul edilsə, ABŞ-nin Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli
ATACMS raketləri dərhal Ukraynaya göndəriləcək.

Böyük ehtimalla bu yardımın Ukraynaya təqdim edilməsi təsdiq olunacaq.

Buna görə də indi ABŞ-nin yardım paketinin Ukrayna cəbhəsindəki vəziyyətə
təsir imkanları daha çox müzakirə olunan mövzudur.

Hesablamaq olur ki, silahlar Ukrayna torpaqlarına gəlməmişdən öncə Rusiya
hücumlarını artırsa, cəbhədə vəziyyət daha da pisləşəcək.

Odur ki, Ukrayna cəbhə xəttində öz xeyrinə dəyişiklik ümidi ilə yardımı
gözlədiyi müddətdə əlavə hücumlara məruz qala bilər.

Ancaq diqqətçəkən məqamlardan biri budur ki, Ukrayna xeyli dərəcədə motivasiya
alır. Kiyev silah-sursatlar gəlməmiş cəbhə xəttində və Rusiya ərazilərində
əməliyyatlarını intensivləşdirməyi qarşıya hədəf qoyur. Bu enerjinin
səbəblərindən biri də NATO-nun da Ukraynaya silah göndərəcəyi haqqındakı rəsmi
bəyanatların verilməsidir.

Bu baxımdan Krımın Sevastopol şəhərində Rusiyanın Qara Dəniz Donanmasının
“Kommuna” sualtı dəstək gəmisinin vurularaq zədələnməsi Ukraynanın ən böyük
işlərindən biri kimi qeyd oluna bilər.

Bir sözlə, bu motivasiyaları da nəzərə alsaq, ABŞ-nin köməyi Ukrayna üçün
mənəvi güc toplamasına, silah arsenalını cəbhədə uğurlu şəkildə bölməsinə
dəstək olacaq.

Ukraynanın Rusiya qarşısında aviasiya sahəsində müdafiə imkanları və hücum
potensialı da güclənə bilər.

Ancaq bütün bunların cəbhə xətti boyunda Ukraynanın xeyrinə həlledici nəticə
hasil edəcəyi şübhəli görünür, çünki:

– Rusiyanın nəzarət etdiyi coğrafiya elə də kiçik sayıla bilməz və həmin cəbhə
xəttində güclü istehkamlar, müdafiə xətləri qurulub,

– Ukraynanın canlı qüvvə cəhətdən ciddi çatışmazlıqları var. Kiyev səfərbərlik
üçün yaş həddini aşağı salsa da, bu, qoşunların komplektləşdirilməsindəki
çətinlikləri aradan qaldırmır,

– Bu gecikmə ilin qalan hissəsində cəbhə xəttində əsgər çatışmazlığının davam
etməsi anlamına gələ bilər,

– Kömək üçün ayrılan məbləğ böyük səs-küy gətirəcək əks-hücum əməliyyatları
üçün yetərli hesab oluna bilməz.

Deməli, Ukrayna üzləşdiyi ən vacib suallara hərbi yolla cavab tapmağa çalışsa
da, onun dirənişi Rusiyanı geri çəkindirəcək xarakter qazanmayacaq.

Üstəlik, Ukraynanın qorxularında ABŞ ilə əlaqəli siyasi narrativlər də az
deyil.

Çünki Kiyevə silah tədarükü məsələsində parçalanmış ABŞ Konqresi indi çəkici
eyni nöqtəyə vursa da, növbəti dəfə onun Ukrayna üçün birləşməsi çətin görünür.

Üstəlik, Rusiyanın yeni gücləndirilmiş hərbi strategiyası Ukrayna üçün
təhlükəni daha da artırır.

Çünki Moskva yenidən elektrik stansiyalarına və digər mülki infrastrukturlara
zərbələri intensivləşdirir.

Göründüyü kimi, bu tendensiyalar döyüşlərin şiddətlənməsi baxımından daha çox
Ukrayna üçün acınacaqlı mənzərə yaradır.

Bununla belə, proqnozlaşdırmaq olar ki, Ukrayna qoşunları düzgün əməliyyat
planlaması tərtib etsələr, cəbhədə Rusiyanın təzyiqlərini qismən dayandırmaq
bacarığını göstərəcəklər.

Buna görə də Ukraynanın bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından azad
edəcəyini istisna etmək olmaz.

Aqşin Kərimov

Source link