ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
XİN rəhbərlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu
sessiyası çərçivəsində baş tutan görüşündən sonra ortaya ənənəvi sual çıxır:
nəticə nə oldu? Hələ görüşdən öncə hansısa inqilabi yekuna dair xüsusi illüziya
bəsləməyin əbəs olduğu aydın idi. Tərəflərdən gələn ilkin açıqlamalar da
göstərir ki, indi “nəticə nə oldu” deyil, “bu görüş niyə təşkil olunmuşdu”
sualı daha aktual səslənir.
“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Blinkenin ümidləri
Görüşün nəticələrini şərh edən vasitəçi tərəf – ABŞ-nin Dövlət katibi
A.Blinkenin ofisindən gələn açıqlamanın səthiliyi və süniliyi də qənaətimizi
təsdiq edir: “Dövlət katibi Blinken dayanıqlı və layiqli sülh yolunda
tərəflərin əldə etdiyi irəliləyişi yüksək qiymətləndirir və hər iki ölkəni
razılaşmanın yekun mətninin sonlandırılması üçün fəaliyyəti davam etdirməyə
səsləyir. Dövlət katibi qeyd edir ki, sülh razılaşması bölgəyə sabitlik və
çiçəklənmə gətirəcək”. Və…?
Böyük dövlətlərin, xüsusilə də ABŞ-nin əsas xarici siyasət problemlərindən
biri odur ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi proseslərin
tarixi barədə yetərincə və hərtərəfli məlumatları olmadığı halda, zorla və
israrla öz kabinetlərində hazırladıqları “yol xəritələri”nin reallığa
çevrilməsini arzulayırlar. Özü də bunun üçün nəinki real addımlar atırlar,
hətta pozitiv nəticənin əldə olunmasına əngəl yaradan gedişlərdən belə
çəkinmirlər. Məsələn, Blinken gələcək sabitlik və çiçəklənmədən danışır, ancaq
ölkəsinin hərbi kontingentinin 30 il işğalçı olmuş və revanş hissi ilə yaşayan
kvazidövlətin hərbçilərinə təlimlər keçdiyini “unudur”. Vaşinqtonda sülh
“ümidi”ndədirlər, ancaq Avropada əsas müttəfiqlərinə çevrilmiş Fransanın
işğalçı dövləti intensiv silahlandırmasına göz yumurlar. Məğlub olmasına və
kapitulyasiya aktına imza atmasına baxmayaraq, 4 il əvvəlki razılaşmaya məhəl
qoymayan dövlətin sürətlə militaristləşməsi fonunda hansı dayanıqlı sülhdən
danışmaq olar?
ABŞ dövlət katibi sülhün regional sabitlik və çiçəklənməyə yol açacağını indi
bəyan edir, özü də boğazdan yuxarı, – biz isə bunu son 30 ildir deyirik.
Vaşinqton administrasiyası bütün bu zaman kəsiyində Cənubi Qafqaz bölgəsinin bu
potensialını görmürdümü? Görürdülərsə, ATƏT-in Minsk qrupu niyə vəziyyətin
dondurulması və de-fakto rejimdə qalması uğrunda geosiyasi alətə çevrilmişdi?
İndi hansı çiçəklənmədən danışaq ki, Azərbaycan tək özünün deyil, bütün
regionun iqtisadi tərəqqisinə gedən yolu özü qurub-yaradıb və bölgədəki bütün
pozitiv dəyişikliklərin önündə durub? Gec deyilmi?
ABŞ seçkiləri üçün “sülh müqaviləsi”
Vaşinqtonun Parislə birgə Ermənistanla Azərbaycan arasında yekun sülhə dair
hansısa çərçivə sənədinin imzalanmasına çalışması problemin çözümündən daha çox
ABŞ-də keçiriləcək seçkilərin yekununa hesablanıb. Demokratların son
hakimiyyətləri dövründə dünyanın yüzminlərlə insanın ölümünə səbəb olmuş qan
çanağına çevrilməsi faktdır. ABŞ Ukraynada axan qanın heç də sonuncu səbəbkarı
deyil və respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasında bu
faktı xüsusilə qabartması Baydeni əvəzləyən Harrisin əsas başağrılarından
biridir. Demokratlara hansısa geosiyasi uğur lazımdır və belə görünür ki,
Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı mümkün razılaşmanı ən optimal
variant hesab edirlər.
Ancaq gerçəklik bundan ibarətdir ki, ABŞ-də seçkilərin, bölgədə isə xalqların
taleyi həll olunur. Azərbaycan siyasi sabitliyi və iqtisadi tərəqqini yekun
sülh sazişi olmadan da əldə edib. Özü əldə edib. Bizə indi çiçəklənmə vədləri
və proqnozlarından çox tarixi ədalətin bərpa edilməsi lazımdır. Vaşinqtonda və
Parisdə kimlərin nə düşünməsindən asılı olmayaraq, biz bu ədaləti bərpa edirik
və belə alayarımçıq “sülh təşəbbüsləri” rəsmi Bakını yolundan döndərə bilməz.
Azərbaycan kimlərinsə seçki gözləntiləri üçün ssenariləşdirilmis geosiyasi
avantüraların iştirakçısı olmaq niyyətində deyil.
Tərəfkeş “vasitəçilik”
Blinkenin sülhdən danışdığı reallıqda ABŞ-nin birtərəfli siyasi gedişləri,
erməni tərəfkeşliyi yekun müqavilə yolunda ən böyük əngəllərdəndir. 30 il
tarixi olan və ən azı iki əsrlik tarixi ədalətsizlik üzərində qol-budaq açan
problemi bir tək Vaşinqtonun istəyi ilə, özü də ədalətsiz istəyi ilə çözmək
mümkün deyil. İndi XXI əsrdir. ABŞ-nin dəyənək geosiyasəti gücünü itirib.
Fransanın müstəmləkə siyasəti iflasa uğrayıb. İki müharibə edən dövləti
barışdırmaq üçün onlardan birini aşkar müdafiə kursundan ən azı imtina etmək
lazımdır. Yoxsa Ermənistanı silahlandırın, maliyyə yardımlarını artırın, siyasi
və mənəvi dəstəyi gücləndirin, sonra da Azərbaycanın onunla sülh müqaviləsi
imzalamasına ümid edin. Seçicilərinizi aldada bilərsiniz, amma bizi yox…
Aşkar anti-Azərbaycan mövqeyi
Bu gün ABŞ həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aşkar
anti-Azərbaycan mövqeyində duran bir dövlətdir. ABŞ Konqresində Azərbaycan
xalqına düşmən münasibəti bəsləyən şəxslərin müəllifliyi ilə müxtəlif sənədlər
və qanunverici aktlar qəbul edilir. Azərbaycanın öz ərazisində kökünü kəsdiyi
separatizmin qaçıb aradan çıxmış qalıqlarının nümayəndələri bu ölkənin
qanunverici orqanında qəbul edilir, onlara söz verilir və bu gün Blinkenin
üzərində “çalışdığı” yekun sülh sənədinin reallıq olmaması üçün siyasi
hədyanlar söyləyən erməni psevdodövlət xadimləri alqışlanır, revanşizmə
həvəsləndirilir. ABŞ hökumətinin əsas agentliyi olan USAİD Ermənistana maliyyə
yardımını iki dəfə artırır, İrəvanın kiber, enerji və sərhədyanı
təhlükəsizliyini himayəsi altına alır və siz Vaşinqtonda oturub sülhdən
danışırsınız? Ayırdığınız yardımı 120 milyondan 250 milyon dollara
qaldırırsınız, Paşinyan hökuməti bu vəsaiti sosial-iqtisadi ehtiyaclarına
ödəyir və qadağan olunmuş məhsulların tranzitindən əldə edilən böyük pulları
silah almağa xərcləyir, siz isə israrla yarımçıq müqavilənin nəyin bahasına
olur-olsun tarixi sənədə çevrilməsi arzusundasınız?
Dayanıqlı sülh müqaviləsi o vaxt imzalanır ki, bir dövlətin digərinə qarşı
ərazi iddiası konstitusiyasında əks olunmur. Əsl sülh missiyası həmin
maddələrin Ermənistan konstitusiyasından çıxarılmasına çalışmaqdır. Bu problem
həll ediləndən sonra yekun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyə də
ehtiyac olmayacaq. Biz çox seçkiləri gözləmişik, siz də birini yola verin.