ABŞ hərbi hava qüvvələrinin tədqiqat laboratoriyası potensial gələcək müharibəni təsvir edən videoçarx hazırlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
Videoçarxda 2030-cu ilə kimi istismarı gözlənilən futuristik hərbi texnika nümayiş olunur, həmin hərbi texnikadan şərti düşmən mövqelərinə aviazərbələr endirilir.
“F-35A” pilotu göyərtəsində əyləşdiyi təyyarə ilə yanaşı bir sıra, bir-birilə əlaqəli pilotsuz uçan aparatları idarə edir. Onlardan biri düşmənə aid strateji obyektin yerini müəyyənləşdirir və pilotun əmri ilə həmin zenit-raket sistemini məhv edir.
Videoçarxda eyni zamanda radioelektron mübarizə təyinatlı təyyarədən yerə paraşutla xüsusi daşıyıcının buraxıldığını görmək olur. Həmin daşıyıcıdan çoxsaylı miniatür dronlar peyda olur.
Bu dronlar düşmənin yerdəki obyektlərinin üzərində səmanı örtərək, raket-müdafiə sisteminin fəaliyyətində pozuntu yaradır.
Bundan savayı videoda yaşayış məntəqəsində şərti binaya qanadlı raketlə yüksək dəqiqliklə endirilən zərbə və düşmən təyyarəsinin dronun lazer silahı ilə zərərsizləşdirilməsi əksini tapır.
Qeyd edək ki, tədqiqat laboratoriyasının “Youtube” portalında paylaşdığı videoçarxda döyüş əməliyyatları görüntünün 3-cü dəqiqəsindən sonra başlayır.