Vaşinqtonun Rusiyaya qarşı həyata keçirdiyi sanksiya gözlənilən nəticəni vermir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə amerikalı respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalının efirində bildirib.
“Rusiya özünə nəzarəti itirib, bizim bütün səylərimiz boşa çıxır. Hər hansı bir səbəbdən prezident Donald Tramp Rusiya hökumətini bilavasitə məğlub etmək üçün bəzi çətinliklər yaşayır”, – o, Rusiya-ABŞ münasibətlərinin pisləşməsini şərh edərkən deyib.
Martın 30-da Ağ Evə yaxın mənbələr “NBC News” telekanalına bildiriblər ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçiləri Moskva ilə münasibətdə daha sərt mövqe tutması üçün onu razı salıblar:
“Rusiya yalnız gücün dilini başa düşür və onunla münasibətləri ancaq ona qarşı sərt rəftar etməklə yaxşılaşdırmaq olar”.
Martın 26-da ABŞ 60 rus diplomatını persona non-qrata elan edib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalın və onun qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar Sietldə Rusiya Baş Konsulluğunun bağlanılması barədə qərar qəbul edib.
Martın 29-da Rusiyanın Xarici İşlər Nazirliyi cavab bəyanatı vermişdi və bu da ABŞ Dövlət Departamentinin narazılığına səbəb olmuşdu.
Daha sonra məlum olub ki, ABŞ-dan geri qaytarılan diplomatlardan biri Rusiyanın ticarət nümayəndəsi Aleksandr Stadnikdir.
Əli Məmmədov
www.ÇıxışYolu.Com