484977a6-35f2-4d18-a12c-cd523626a6b6..jpg

ABŞ separatizm təhlükəsi qarşısındadır: Texas müstəqil olacaqmı? – FOTO

Baxış sayı: 796 dəfə baxılıb.

ABŞ separatizm təhlükəsi qarşısındadır: Texas müstəqil olacaqmı? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ ciddi daxili problemlə üzləşib. Ölkə telekanallarının bütün xəbər
buraxılışları və ən çox oxunan nəşrlərinin gündəmi yalnız bir xəbərdir –
Texasda baş verənlər.

“Kaspi”

qəzetinin Texasda baş verənlərlə bağlı məqaləsində deyilir:

Ölkənin aparıcı ştatlarından biri dövlət sərhədlərini miqrantların kütləvi
axınından qorumaq üçün müstəqil tədbirlər görməyə cəsarət edib. Əksəriyyət
hesab edir ki, Birləşmiş Ştatlar bununla əlaqədar tarixinin ən problemli
günlərini yaşayır. Hətta yerli media baş verənləri “kiçik vətəndaş müharibəsi”
kimi də xarakterizə edib. Texasda separatçı əhval-ruhiyyənin artmasını 160 il
əvvəl baş verən vətəndaş müharibəsi ilə eyniləşdirənlər də tapılıb. Məsələ
ondadır ki, respublikaçıların üstünlük təşkil etdiyi Texasda miqrasiya
problemləri ilə bağlı gərginlik günbəgün artır.

Ştatın qubernatoru Qreq Ebbotun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını
almaq üçün Meksika ilə sərhədə 50 kilometrlik tikanlı məftildən sədd çəkilib.
Bayden administrasiyası da bu qərardan Ali Məhkəməyə şikayət verib. Məhkəmə
administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini
aşdığını elan edib. Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib.
Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olmasını
nəzərə alaraq onun işğala məruz qaldığını, problemləri özünün həll edəcəyini
deyib. O bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır. Artıq
ştatının rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi
proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb.
Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə səbəb
olub. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən respublikaçıların
əlini gücləndirir. Keçmiş prezident, respublikaçıların əsas siması hesab olunan
Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına
çevrilib. O, bunu tarixin ən pis durumu kimi qiymətləndirib. Ölkənin 20-yə
yaxın ştatı da Texasa dəstək verib.

ABŞ-də çoxları hesab edir ki, baş verənlər ölkə tarixinin ən böyük böhranıdır.
Mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur və bu baxımdan
hesab edilir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək
tapıb-tapmayacağını qiymətləndirməyə çalışır. Bu çağırışlar hətta Böyük
Britaniya Brexitinə bənzədilir və Texit də adlandırılır.

ABŞ-nin ən zəif nöqtəsi

Qeyd edək ki, qalmaqallı Texas ştatı ABŞ-nin ən zəif nöqtəsi, bir növ “Axilles
dabanı” hesab edilir. Proseslərin ölkənin parçalanmasına gətirib çıxaracağı bir
qədər şübhəli olsa da, artıq ilkin əlamətlər var. Texasda baş verənlər ABŞ üçün
domino effekti yarada bilər. Yəni Texasın ardınca Kaliforniya, Alyaska və Havay
kimi ştatlar da mərkəzi hakimiyyətin nəzarətindən çıxmaq yolu tuta bilərlər.
Bundan başqa, cənub ştatlarının 160 il öncə olduğu kimi, Amerika Konfederativ
Dövlətləri adı altında ayrılması ehtimalı da mümkündür.
Texas ABŞ üçün iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir. Ştat ölkənin neft
hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük
iqtisadiyyatını təmsil edir.

Məşhur amerikalı sosioloq Samuel Hantinqton hələ 2000-ci illərin əvvəllərində
yazırdı ki, “miqrasiya dalğaları və Amerika xalqlarının “ərimə qazanı”nın içinə
düşməsinə görə, XXI əsrin ortalarında Texas da daxil olmaqla ABŞ-nin bütün
cənub ştatları Meksikaya, şimal ştatları isə Kanadaya birləşə bilər”.

Ştatların ayrılmaq hüququ var, amma…

XIX əsr vətəndaş müharibəsindən sonra ABŞ Ali Məhkəməsi ştatların birtərəfli
qaydada İttifaqdan ayrıla bilməyəcəyinə dair qərar verib. Bəs federativ dövlət
olan ABŞ-də ştatlar ayrıla bilərmi? Düzdür, ştatların belə bir hüququ var, amma
indiyə qədər belə presedent olmayıb. Onu da qeyd edək ki, Texas indiyədək
beynəlxalq səviyyədə tanınmış və ABŞ-nin tərkibinə birbaşa ştat kimi qəbul
edilmiş ilk və yeganə müstəqil dövlətdir. Birləşmə zamanı Texasa özəl şərtlər
təklif edilib. Ştatın bütün torpaqlarının onun xalqına məxsus olduğu xüsusi
vurğulanıb.

Nə əkərsən, onu da biçərsən

Göründüyü kimi, dünyanın müxtəlif yerlərində separatizmi dəstəkləyən ABŞ bu
dəfə özü eyni təhlükə qarşısında qalıb. Necə deyərlər, ölkə uzun illərdir
başqalarına qazdığı quyuya artıq özü düşmək üzrədir. Prezident seçkiləri öncəsi
belə bir vəziyyətin yaranması hazırkı prezident Co Bayden üçün ürəkaçan mənzərə
olmasa da, əsas rəqibi Trampın mövqeyinin güclənməsinə səbəb olacaq. Xatırladaq
ki, sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə
seçkilər noyabrın 5-də keçiriləcək. Məlumdur ki, ABŞ uzun illər Azərbaycanda
mövcud olmuş erməni separatçı rejimi dəstəkləyən ölkələrdən biri olub, hətta
onlara yüksək kürsülərdən danışmaq, fikir söyləmək imkanı verib. Bir ovuc
erməninin Qarabağda öz müqəddəratını təyin etmək hüququndan tez-tez dəm vuran
rəsmi Vaşinqtonun indi belə mənzərə qarşısında özünü necə aparacağı çox maraqlı
olacaq.

Source link