“Əgər Suriya Demokratik Qüvvələri (SDQ) Suriya prezidenti Bəşər Əsəd və ya Rusiya ilə əməkdaşlığa başlasa, biz onlara kömək etməkdən imtina edəcəyik”.
Ria Novosti-nin məlumatına görə, bu bəyanatı ABŞ-ın Suriya və İraqdakı terrorçu qüvvələrlə mübarizə koalisiyasının komandanı, general-leytenant Pol Lakamer verib.
“Onlar bizim tərəfdaşlarımız olduqları müddətdə, biz SDQ qüvvələrinə təlim keçəcək və silahlandıracağıq”,- deyə amerikalı general bildirib.
Lakamer bildirib ki, əgər SDQ hökumət qüvvələri ilə eyni cəbhəyə keçsə, ABŞ onlara yardım etməyəcək.
Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildən bəri Suriya rəsmilərinin icazəsi olmadan bu ölkənin ərazisində İŞİD qüvvələrinə qarşı döyüşürlər.
Ötən ilin dekabr ayında Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını bəyan etsə də, bu barədə ətraflı məlumat verilməyib.