ABŞ təşkilatının Ermənistanda tapdığı “həqiqət” – Ermənilərin qarantı Rusiya
deyil, Fransadır? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünyada Ermənistan və onun cəmiyyəti qədər prioritetlərini sürətlə dəyişən
ikinci bir dövlət yoxdur. Əslində bu, normal qarşılanmalıdır. Hər bir dövlət öz
maraqlarına və mənafeyinə uyğun hərəkət edir, qərarlar verir. Ermənistan isə
yeganə dövlətdir ki, bu prinsiplərdən uzaqdır.
Götürək, elə İrəvanın Rusiya ilə münasibətlərini. Ermənistan mövcudluğu üçün
məhz Kremlə borclu olmalıdır, rusların sayəsində dövlət qurub, tanınıb. Tarixdə
mövcud olan yeganə Ermənistan dövləti Rusiyanın adı ilə bağlıdır. Azərbaycan
torpaqlarının işğalında Moskvanın İrəvana verdiyi dəstək isə misilsizdir.
İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyət isə bu “sevgini” alt-üst
etdi. Baş nazir Nikol Paşinyan hökuməti problemlərinin səbəbini Moskvada görüb
ona qarşı total hücuma keçib, Kremllə bağlı bütün strukturlardan çıxmağı
prioritet elan edib.
Yeri gəlmişkən, Qərb strukturları da bu məsələdə ona dəstək verir, anti-Rusiya
fəaliyyətini genişləndirir, nəzarətində olan strukturlar vasitəsilə müxtəlif
sorğular keçirir.
Erməni mediasında yer alan xəbərlərə görə, ABŞ Beynəlxalq Respublikaçılar
İnstitutunun (IRI) Analitik Tədqiqatlar Mərkəzi (CISR) Ermənistanda keçirdiyi
sorğunun nəticələrini açıqlayıb. Əldə olunan nəticələr çox güman ki, tək ölkədə
deyil, onun hüdudlarından kənarda da geniş müzakirə olunacaq. Rusiya ilə
gərginlik fonunda keçirilən sorğu Ermənistan vətəndaşlarının prioritetlərini
ortaya qoyub. Respondentlərə hansı ölkəni təhlükəsizlik qarantı kimi
gördükləri, hansı siyasətçiyə güvəndikləri, ölkənin düzgün istiqamətdə
gedib-getməməsi və s. məsələlərlə bağlı suallar ünvanlanıb.
Davamlı olaraq postsovet ölkələrinin daxili işlərinə qarışan, təxribatlar
törədən, qarşıdurmalar yaradan mərkəzin keçirdiyi sorğunun nəticələrinə nəzərə
salaq:
– Ermənistanda əhalinin 60 faizi heç bir siyasətçiyə güvənmir.
– baş nazir Nikol Paşinyanı müdafiə edənlər cəmi 17 faizdir.
– respondentlərin 50% faizi ölkənin düzgün, 39 faiz isə səhv yolda olduğunu
düşünür. 12 faiz bu suala cavab verməkdə çətinlik çəkib.
– Ermənistanın üzləşdiyi əsas problemlər sırasında 47 faiz milli və sərhəd
təhlükəsizliyini, iqtisadiyyatı, 23 faiz işsizliyi, 19 faiz isə siyasi
qeyri-sabitliyi göstərib.
Keçək əsas məsələyə. “Hansı ölkəni Ermənistan üçün ən mühüm siyasi tərəfdaş
hesab edirsiniz” sualına respondentlərin 61 faizi Fransanı göstərib. Bu bənd
üzrə Rusiyanın adını çəkən respondentlərin sayı 34 faiz olub.
Digər mühüm bir nəticə Ermənistan üçün ən böyük iqtisadi təhlükə yaradan
dövlətlərlə bağlıdır. İlk yerdə 54 faizlə Türkiyə gəlib. Rusiyaya gəldikdə,
respondentlərin 51 faizi Kremli Ankaradan sonra ikinci böyük təhlükə kimi
görüb. Respondentlərin 5 faizi İranın adını çəkib.
Ermənistanla ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini respondentlərin
89 faizi yaxşı göstərib. Aİ ilə münasibətləri 87, Rusiya ilə münasibətləri 66
faiz pis adlandırıb.
44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusuna münasibət
də fərqlidir. Respondentlərin 33 faizi ordudan narazı olduğunu vurğulayıb.
Məhkəmələrdən narazı olanların sayı da artıb. Bu göstərici 50 faiz təşkil edib.
Son altı ayda Ermənistanda söz azadlığı ilə bağlı vəziyyətə gəldikdə 19 faiz
respondent “pisləşib” cavabını verib.
Beləliklə, sorğunun nəticələri bir sıra məqamları üzə çıxarıb.
Birincisi və ən mühüm olan odur ki, Rusiya Ermənistanda dominant mövqeyini
itirib. İrəvan üçün artıq Moskva deyil, Paris əhəmiyyətlidir. Görünən odur ki,
Yelisey sarayı İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra
Ermənistanda artan anti-Rusiya əhvali-ruhiyyədən ustalıqla yararlanıb. Emmanuel
Makron hakimiyyəti erməniləri inandıra bilib ki, fransızlar onların
təhlükəsizliyinin qarantı ola bilər. Rusiya da sözsüz k, bu mesajdan dərs
çıxacaq.
İkincisi, sorğu Ermənistanda daxili siyasi gərginliyi də üzə çıxarıb. Söhbət
hakimiyyətə olan inamın azalmasından gedir. Nikol Paşinyanın əvvəlki dövrlə
müqayisədə reytinqinin aşağı düşməsi də mühüm nəticədir. Əhalinin 60 faizinin
heç bir siyasətçiyə güvənmədiyi də ciddi mesajdır. Bir vaxtlar reytinqi pik
həddə olan baş nazir Nikol Paşinyanı müdafiə edənlərin cəmi 17 faiz olması da
maraqlıdır. Lakin məsələ ondadır ki, hazırkı komandaya alternativ də yoxdur.
Məsələn, keçmiş prezident Robert Koçaryana dəstək cəmi 3 faizdir.
Üçüncüsü, Ermənistanda məhkəmələrə, söz azadlığına da inamın azalması ciddi
siqnaldır. Halbuki ABŞ dünən İrəvana demokratiyanı inkişaf etdirmək adı altında
52 milyon dollar yardım ayırıb.
Sorğudan ortaya çıxan əsas nəticə ondan ibarətdir ki, erməni cəmiyyəti hələ
də, ölkənin prioritetlərini müəyyən etmək iqtidarında deyil. Onlar mövcud
problemlərinin həllini qonşu ölkələrə qarşı ərazi iddialarından geri
çəkilməkdə, dialoqda, mehriban qonşuluq əlaqələri qurmaqda deyil, min
kilometrlərlə uzaqda yerləşən dövlətlərə sığınmaqda, onların sifarişi ilə
hərəkət etməkdə görürlər. Halbuki məhz Fransa Ermənistanla Azərbaycan arasında
sülhün yaranmasına mane olur, iki xalqın dinc və birgə yaşayışına qarşı çıxır.
“Report” İnformasiya Agentliyi