Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq planı ilə əlaqədar ABŞ türkiyəli pilotların “F-35” qırıcı-bombardmançılarının idarə olunması ilə bağlı təlimlərini dayandıra bilər.
Bu barədə “Reuters” məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Pilotlar ABŞ-ın Arizona ştatında yerləşən “Luke” aviabazasında hazırlıq keçir.
Təlimlərin dayandırılacağı təqdirdə pilotların ölkəni dərhal tərk edəcəyi, yoxsa yekun qərar çıxana qədər bazada gözləyəcəyi hələ aydın deyil.
Adlarının anonim qalmasını istəyən iki mənbə yekun qərarın hələ qəbul olunmadığını bildirib.
Bundan əvvəl rəsmi Ankara Rusiyadan “Triumf”ların tədarükündən imtina etməyəcəyini bildirib. Zenit-raket komplekslərinin ilk partiyası iyul ayında Türkiyəyə daxil olacaq.
ABŞ “S-400” sistemlərinin NATO standartlarına uyğun gəlmədiyini bildirir və Ankaranı sanksiyalarla hədələyir. Onlar bununla əlaqədar Türkiyəyə “F-35” qırıcılarının tədarükü prosesinin ertələnəcəyini və ya tamam təxirə salınacağını istisna etmir.