ABŞ və Aİ-nin siyasi riyakarlığı: Azərbaycan qurulan oyunların fərqindədir –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də
birsutkalıq antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü
təmin etməsi regionda sülhə unikal imkan yaradıb. Ayrı-ayrı dövlət və hökumət
başçıları, rəsmiləri bunu tarixi fürsət adlandırırlar.
Doğrudur, Bakı və İrəvan arasında yekun sülhə mane olan müəyyən məqamlar hələ
də qalır. Məsələn, Azərbaycanın 8 kəndinin işğalı altında olması, Ermənistan
konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu, minalı
ərazilərin dəqiq xəritəsinin rəsmi Bakıya təhvil verilməməsi və s. Qonşu dövlət
daxilindəki revanşist qüvvələrin fəallaşması, Ermənistanın baş naziri Nikol
Paşinyan hökumətinin lazımi siyasi iradə ortaya qoya bilməməsi, kənar güclərin
təhriki və təzyiqi ilə hərəkət etməsi məsələni bir az da çətinləşdirir.
Azərbaycan hər dəfə olduğu kimi, yenə də öz işini müstəqil yerinə yetirəcək.
Bakının bunun üçün kimsənin vasitəçiliyinə, təəssübkeşliyinə ehtiyacı yoxdur.
Azərbaycan ötən illərdə bunu sübut edib.
Həmçinin beynəlxalq aktorlar da iç üzlərini göstərirlər. 30 il ərzində ATƏT-in
keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistanla Azərbaycan
arasında münasibətlərin normallaşması istiqamətində heç bir iş görməyən ABŞ öz
riyakarlığını davam etdirməkdədir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller martın
26-da keçirdiyi brifinqdə deyib ki, ölkəsinin Azərbaycan və Ermənistanla hər
bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
“Ermənistan və Azərbaycan hökumətləri ilə hər əlaqəmizdə məqsəd onlar
arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün
işləməyə təşviq etməkdir”, – deyə o bildirib.
Martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri
Lui Bono Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub. Xarici işlər
naziri Ceyhun Bayramov görüş zamanı regiondakı mövcud vəziyyət, eləcə də
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri
müzakirə edilib. Nazir Azərbaycanın sülh prosesində gözləntiləri, proses
çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb,
sülh prosesinə sadiqliyini bildirib.
Verilən bəyanatlar da, səfərlər də öz-özlüyündə yaxşı haldır. Amma ötən illər
ərzində nə bu açıqlamalar, nə də səfərlər nəticə verib. Etiraf etmək lazımdır
ki, bu gün ABŞ dünyanın əsas güclərindən biridir. İstəsə idi çoxdan normallaşma
prosesinə töhfə verərdi. Mövcud mənzərə isə yalnız iki versiyanı ağlabatan
edir: ya ABŞ Ermənistanın və xüsusilə erməni lobbisinin əlində aciz qalıb, ya
da sadəcə qeyri-səmimidir.
Əvvəla, praktik baxımdan bu versiyaların hər ikisində həqiqət ola bilər. Belə
ki, ABŞ-də erməni lobbisi və diasporu kifayət qədər güclüdür. Onlar dəfələrlə
Konqresin qərarlarına da müdaxilə etməyə nail olublar. Məsələn, 2023-cü ilin
fevral ayında ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin
Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim
edilmişdi. Belə nümunələr çox çəkmək olar.
İkincisi, ABŞ-nin xarici siyasət kursu üçün ən səciyyəvi detallardan biri
daimi münasibətlər yox, daimi maraqlar prizmasından hərəkət etməsidir. Ağ Evin
Yaxın Şərqdə, Şərqi Avropada etdikləri bunu təsdiqləyir. Gürcüstanda keçmiş
Prezident Mixail Saakaşvilinin uğursuzluğu da buna nümunədir. Bu gün eyni
taleyi Ukrayna lideri Volodimir Zelenski yaşamaqdadır. Ermənistan baş naziri
Nikol Paşinyanın da növbəti qurban olması istisna deyil.
Çünki ABŞ öz maraqları naminə faktiki olaraq Ermənistandan istifadə edir.
Vaşinqtonun maraqları Cənubi Qafqazda təsir imkanlarının gücləndirilməsini,
Rusiyanın bölgədəki “rıçaqlarının” zəiflədilməsini nəzərdə tutur. Elə buna görə
də zaman-zaman Ermənistandakı mövcud iqtidardan istifadə edir. N.Paşinyan bütün
çətinliklərə, hətta böhranlara baxmayaraq, indiyə qədər hakimiyyətdə qalmasına
görə məhz ABŞ-yə minnətdar olmalıdır. Səbəb də odur ki, Qərbin Paşinyanla bağlı
planları hələ bitməyib. Yeri gəlmişkən, xatırladaq ki, 2018-ci ildə Paşinyana
hakimiyyətə gətirən də məhz Qərb olmuşdu.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ rəsmiləri sülhlə bağlı
bəyanatlarında səmimi deyillər. Çünki sülh təmin olunarsa, ABŞ-nin regiona
təsir imkanları xeyli azalacaq, ümumiyyətlə, bölgədə üçüncü gücə ehtiyac
qalmayacaq. Odur ki, ABŞ zaman-zaman sadəcə “mən buradayam” deyir və Rusiyanın
Cənubi Qafqazda hərəkət etməsinə mane olmağa çalışır.
Əslində ABŞ siyasəti ilə özünü ifşa edir. Belə ki, Vaşinqton balanslı
davrandığını iddia etsə də, açıq-aşkar Ermənistanı dəstəkləyir. Məsələn,
aprelin 5-də Brüsseldə ABŞ, Ermənistan və Avropa İttifaqı arasında müştərək
konfrans keçiriləcək. Sual yaranır: Xeyir ola? Məqsəd nədir? Azərbaycan Xarici
İşlər Nazirliyinin martın 27-də yaydığı bəyanatda bildirilib ki, 30 ilə yaxın
silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Bakı heç zaman
Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Təkcə bu fikrin özü
Qərbin, o cümlədən ABŞ-nin ikili standartlarının ifşası baxımından
əhəmiyyətlidir.
Nazirlikdən o da bildirilib ki, bu konfrans, erməni tərəfini xoş niyyətlə
danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası
təsir dairələri yaradır.
Ehtimal etmək olar ki, sözügedən konfransdan sonra Ermənistanın aqressiv
ritorikası güclənəcək, İrəvan sülhdən yayınmağa çalışacaq. Çünki həm Brüssel,
həm də Vaşinqton onun “başının altına yastıq qoyurlar”. Beləliklə, Ermənistan
özünü təhlükəsizlik hiss etməklə yanaşı, həm də aldığı direktivləri yerinə
yetirir.
Tarix siyasi riyakarlıqlara lazımi qiymət verir. ABŞ və Aİ bunu unutmamalıdır.
Azərbaycana qarşı məkrli plan kağız üzərində qalacaq. Tarix isə buna layiqli
qiymət verəcək.
“Report” İnformasiya Agentliyi