Pərviz Heydərov yazır…
BRICS ABŞ başda olmaqla Qərb ölkələri üçün həqiqətən böyük əks qütbə və çox
ciddi bir rəqabət ortağı sayılacaq təşkilata çevrilə bilər. Bəlkə də, artıq
çevrilib. Hazırda özündə cəmi 9 ölkəni birləşdirən bu təşkilat dünya
iqtisadiyyatında və siyasətində kifayət qədər öz gücü, nüfuzu və rolu olan
ölkələri əhatə edir.
Təkcə sözügedən ölkələrdən Rusiya, Çin, Hindistan, Braziliyanı qeyd etsək,
kifayətdir. O baxımdan ki, bunların hər birinin ayrı-ayrılıqda böyük
potensialları var və bu potensial hər il daha da artmaqdadır. Üstəgəl, bu
ölkələr demək olar hamısı ABŞ siyasətindən narazı vəziyyətdədirlər.
Onları bir çətir altına gətirən və yaxınlaşdıran səbəblərdən biri də məhz bu
məqamdır. Qeyd olunan amil çox mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki,
BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. Odur ki, sözügedən
təşkilatın tezliklə daha çox nüfuzlu, böyük bir quruma çevrilmək ehtimalı real
görünür.
BRICS ölkələri çox sürətlə inkişaf edirlər. Ötən il BRICS ölkələri üzrə cəmi
ümumi daxili məhsul (ÜDM) istehsalı həcmi qlobal ÜDM-in 35.7%-ni təşkil edirdi.
15 ildə təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artım nümayiş etdirib. G7
ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddətdə 9,7% azalaraq 29%-ə
düşüb. BRICS ölkələrinin dünya ümumi daxili məhsul istehsalındakı payı çoxdan
“Böyük yeddiliyin” göstəricisini üstələyir və artmaqda da davam edir.
ABŞ başda olmaqla Qərb ölkələri bu durumdan çox narahatdır. Daim istismarçı,
ikiüzlü, parçala və hökm sür, xaos yaratmaq məqsədi daşıyan siyasət yürütməkdə
olan adıçəkilən Qütb ölkələri çox güman, BRICS-in qol-budağını baltalamaq
məqsədilə Hindistan-Pakistan konflikti kimi problemlər ortaya çıxarmaq üçün ilə
gecə-gündüz çalışırlar və bunun üzərində baş sındırırlar…
Yeri gəlmişkən, 2011-ci ilədək təşkilatla bağlı BRIC abreviaturası istifadə
olunurdu ki, Cənubi Afrika Respublikasının sözügedən qrupa birləşməsi ilə 18
fevral 2011-ci il tarixdən hind maliyyə nazirinin ərizəsi üzrə qrup BRICS adını
daşımağa başlayıb.
Bu arada ölkəmizin də BRICS-ə qoşulmaq istəyi qeyd edilməli və bu, təbii
qarşılanmalıdır. Çünki buna, hətta haqqımız da çatır deyə, qeyd edə bilərəm.
Belə ki, birincisi, biz özümüz də təbii resurslarla zəngin ölkəyik. İkincisi,
sürətlə inkişaf əldə etmiş və inkişafda olan ölkə sayılırıq. Üçüncüsü, regionda
bir sıra zəngin infrastruktura sahibik.
Söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit
kəmərlərinə sahib olmaqla yanaşı, hava, quru və dəmiryolu nəqliyyat
dəhlizlərinə malik olmaqdan gedir. Bu baxımdan, əslində bir sıra BRICS ölkələri
özləri də ölkəmizin həmin təşkilata qoşulmasında maraqlıdırlar.
Ümumiyyətlə, BRICS-ə qoşulmaq bizə çox şeylər verə bilər. Çünki bu ölkələr çox
sürətlə inkişaf edirlər. Qeyd olunan təşkilata daxil olan ölkələrin sırasına,
yəni Rusiya, Hindistan, Çin və digərlərinin adlarına təkrar-təkrar nəzər salmaq
kifayətdir ki, təkcə, bu 3 ölkə ilə ölkəmizin geniş iqtisadi və ticari
əlaqələrinin, alış-verişin və ötürmələrin, yəni daşımaların mövcudluğu bizə nə
kimi xeyir gətirir və təşkilata qoşulduqdan sonra isə nə kimi xeyir gətirəcək,
demək və proqnozlaşdırmaq çətin deyil.
Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi faydalar vəd
edir. BRICS-ə üzvlüyün gətirə biləcəyi üstünlüklərdən biri isə həm də ondan
ibarət olacaq ki, bizə adıçəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni
yollar açılacaq.
O ki qaldı BRICS-in vahid valyuta məsələsinə, bu cür perspektivlər haqqında
danışmaq isə hələ tezdir. Gələcəkdə təşkilatın pul köçürmələri üçün SWIFT-ə
bənzər bir sistem yaradılacağı, öz valyutasını dövriyyəyə buraxacağı
fikirlərinin reallaşması əlbəttə mümkündür və real görünür.
Lakin bunun üçün müəyyən vaxt lazımdır.
BRICS-in tərkibindəki ölkələrin ortaq maraqları getdikcə daha da çox
möhkəmlənməlidir. Çünki dünya iqtisadiyyatı elə bir sistem şəklində formalaşıb
ki, bundan ötrü uzun bir yol qət edilib. Qlobal iqtisadiyyatda müəyyən balans
təşəkkül tapmalı, çoxqütblü tarazlı inkişaf əldə olunmalıdır ki, SWIFT və vahid
valyuta kimi amillərdən də danışmağa dəysin.