Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs
tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur
Seyfullayevin ölməsi barədə məlumat daxil olub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında
deyilir.
Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin
əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü
Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi
yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən
sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması
nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş
şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil
verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin
basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı
çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.