Abşeronda MTK direktoru ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Abşeronda MTK direktoru ilə bağlı cinayət işi açıldı – RƏSMİ

Baxış sayı: 2. 427 dəfə baxılıb.

Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan araşdırmalarla həmin ərazidə tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olan, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 800 manat məbləğində ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.