Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi
yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə
halları aşkarlanıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, Hökməli qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə
məşğul olan şəxs yaxınlıqdan keçən magistral su kəmərinə qanunsuz qoşulma
verib. Qeyri-qanuni çəkilmiş su xətləri vasitəsilə fərdi yaşayış evləri su ilə
təmin olunub.
Hökməli-Qobu yolunda yerləşən ət kəsimi məntəqəsində sudan qeyri-qanuni
istifadə halı aşkarlanıb. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən su
xəttinə özbaşına birləşmə verib. Həmin ərazidə yerləşən kafe də texniki şərt
almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Nəzarət tədbirləri
zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv
edilib.
Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli
sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin
pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin
su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq
üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar
xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı
sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət
olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında içməli sudan qeyri-qanuni
istifadə ilə bağlı 14 909, Abşeron rayonunda isə 1 437 fakt aşkarlanaraq
qarşısı alınıb.