“Abzas Media” rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı
ifşa olunub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Abzas Media” xəbər portalı ətrafında son günlər dolaşan məlumatlar bir sıra
məqamları üzə çıxarıb.
Belə ki, özlərini “müstəqil media”nın təmsilçiləri kimi qələmə verən, guya
“açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan” şəxslər başını quma basırmış
dəvəquşu kimi arxada baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı
deyillər.
Bir analitik yazı formatına sığmadığından faktları açıqlamaq üçün növbəti yazı
hazırlamaq zərurəti yaranıb. Belə ki, külli miqdarda pul vəsaitlərinin
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə
əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci
(qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs
qətimkan tədbiri seçilmiş “Abzas Media” xəbər portalının rəhbəri Ülvi
Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov
barəsində yeni məlumatlar üzə çıxıb.
Əldə etdiyimiz məlumatlara görə, yuxarıda qeyd etdiyimiz şəxslər təxribatlar
törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik
inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın
əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların adlarını
sadalamaqla oxuculara həyata keçirilən mütəşəkkil işin səviyyəsini nümayiş
etdirmək istərdik.
Bunlar ABŞ-nin “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya
Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”,
“FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global
Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası”
(American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş
Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil
Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı
Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç
Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni
Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu
və digərləridir. Görün, Qafqazın bir ölkəsində “demokratiya carçısı” rolunda
çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb. Bundan da Ülvi Həsənov və
komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər.
Onlar həmçinin, “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq,
beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə
qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar
aparıb, xarici səfərlərində onlarla görüşüblər.
Bu məqamda, həmin “demokratiya göyərçinlərini” oxuculara daha yaxından
tanıtmaq yerinə düşər. Deməli, “Aleks” kod adlı şəxs[email protected]
Aleksandra Kirbidir. O Londonda “Birmingem” və “Jagiellonian”
universitetlərində təhsil alıb, 2015-ci ildən “Avropa Demokratiyaya Yardım
Fondu”nun baş proqram meneceridir.
Məqalə yazılan dəqiqələrdə şəxsiyyəti dəqiqləşdirilən “Daisy” isə [email
protected]
qeyd olunan platformada qeydiyyatdan keçib. O, Ukraynada anadan olub, Polşada
“Natolin” Avropa Kollecində təhsil alıb, hazırda Brüssel şəhərində yaşayır,
“Avropa Demokratiyaya Yardım Fondu”nda işləyir.
Görünən odur ki, səfərlər və görüşlər bizim “qəhrəmanlar” üçün kifayət qədər
uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış
qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan
qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank
of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına
açılmış bank hesablarına köçürülüb.
Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və
Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici
ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə
nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda
adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla
pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları
vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki
bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb.
Bəs özünü azad, müstəqil adlandıran “Abzas Media”çılar min cür yolla
nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab
vermək üçün “azad söz xiridarlarının” 2020-2023-cü illərə aid aşkarlanmış
sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı
layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək
kifayətdir.
Başlayaq yenə də USAİD-dən. Bütün Qərb sifarişlərini yerinə yetirənlərin
hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və
dəstəsi 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitləri də
sadalayaq:
“Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları,
“Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları,
“German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz”
təşkilatından 24 990 ABŞ dolları,
ABŞ-nin Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları,
“İnternews” təşkilatından 12 000 ABŞ dolları,
“People in Need” təşkilatından 11 000 ABŞ dolları,
“Niderland Helsinki Komitəsi”ndən 5 000 avro,
“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro,
“Norveç Helsinki Komitəsi”ndən 4 000 avro,
“Freedom House” təşkilatından 2 500 ABŞ dolları,
“Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları,
Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın
Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ
dolları həcmində vəsait.
Bu vəsaitlərin məbləğinin dəqiqliklə göstərilməsinin səbəbi isə hər birinə
dair ödəniş sənədlərinin nüsxələrinin olmasıdır. Həmin pulların müqabilində
isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə
nümayiş etdirir. Bunlar: “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq
Konvensiyalara əməl etməsinin monitorinqi”, “Məhkəmə orqanları tərəfindən qəbul
edilmiş qərarların araşdırılması”, “Araşdırılmamış 100 cinayət”, “Turizm və
kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması”, “Media haqqında
qanunla bağlı vəkillik fəaliyyətinə dəstək”, “Media portalının müasir texniki
vasitələrlə təchiz edilməsi” və sair oxşar başlıqlı mövzular.
Hələ bu harasıdır?! Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə
ilkin layihələndirilmiş sənədlər də aşkar edilib. Həmin sənədlərdə
iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı,
müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı
Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə
Qasımova və Nərgiz Absalamovanın da adları keçir.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ABŞ başda olmaqla Qərb mərkəzləri
Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Qeyd olunan mövzulardan da
göründüyü kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq
deyil, əksinə saman tayasında bir iynə tapıb onu beynəlxalq aləmə car
çəkməkdir. Son nəticədə də həmin tapılan çöp Ermənistanın havadarları olan
dövlətlər və qurumlar tərəfindən qlobal səviyyədə şişirdilməklə bəyan olunur.
“Report”un Analitik Qrupu