be322290-bf47-48a6-bce6-ddd38b7e8ed5..jpg

“Access code”: Zəngəzur

Baxış sayı: 607 dəfə baxılıb.

“Access code”: Zəngəzur

Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ermənistanın düşünən çevrələrindəki fikir axınının analizi göstərir ki, erməni
cəmiyyəti iki vəzifəni mövcud reallığın prioritet hədəfi hesab edir:

– Zəngəzurda effektiv müdafiə sisteminin bərqərar olunması. Yerevanda bu
addımla “məqsədi erməni dövlətçiliyini məhv etmək olan Türkiyə-Rusiya
tandemi”nin təzyiqini neytrallaşdırmağa çalışırlar;

– Təhlükəsizlik sahəsində Rusiya ilə mövcud olan hərbi əlaqələrə xitam vermək.
Ermənistanda hesab edirlər ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin
Zəngəzuru nəzarətində saxlaması Ermənistan dövlətinin məhvinə səbəb olacaq.

Aydındır ki, bu hədəflərə nail olmaq üçün ürkək dövlətçiliyi və son üç ilin
depressiyasında olan erməni xalqının səyləri yetərli deyil. Bu məntiqlə, elə
bir birgə müdafiə sisteminə nail olmaq lazımdır ki, onun vasitəsilə gələcək
addımların təqribi çərçivələrini müəyyən etmək olsun. Kiminlə və yaxud kimlərlə?

Ermənilərin bu suala ənənəvi cavabları var – maksimalist xəyallarında bunu
onların əvəzinə kimlərsə etməlidirlər. 44 günlük müharibədən sonra Fransanın
regiondakı aktivliyi və Almaniyanın qəflətən bu səylərə şərik çıxması göstərir
ki, ümid kontinental Avropayadır (Anqlosaksların bölgədəki maraqları fərqli və
daha köklüdür). Ancaq Avropa da həmin suala cavab axtarırmı? Şərikli
Ermənistanda Praqa görüşündən sonra alman və fransalı “müşahidəçilər”in
Azərbaycanla şərti sərhəd boyu patrul xidmətinə başlamalarına “sıravi Nikolu
xilas etmək” kontekstindən ümid bəsləyirlər. Avropada isə sıravi Nikol, sadəcə,
vasitədir…

Son üç ildə, xüsusilə də sentyabrın 19-20-də həyata keçirilmiş antiterror
əməliyyatı ərəfəsi və sonrasında Qərbin siyasi missionerlərinin dilindən
“Ermənistanın ərazi bütövlüyü” ifadələri düşmür. Biz bunu özünəməxsus sarkazm
və qıcıqla qəbul edirik: yəni ABŞ-nin dövlət katibi və ya Fransanın xarici
işlər naziri bilmirlər ki, Qarabağ Ermənistanın deyil, Azərbaycanın ərazi
bütövlüyü sferasına aiddir? Əslində, çox yaxşı bilirlər və bu bəyanatlar
texniki səhvlərin nəticəsi deyil. Qərbdə Qarabağ probleminin tarixin arxivinə
gömüldüyünə soyuq başla yanaşırlar və reallığı anlayırlar. “Ərazi
bütövlüyü”ndən təlaş isə Ermənistanın gələcək aqibəti, daha doğrusu, onun
ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı narahatlığın göstəricisidir.
Məhz bu səbəbdən Praqa və Kişineu görüşlərindən etibarən Azərbaycan Prezidenti
ilə danışıqlarda Ermənistan liderinin yanında qayğıkeş “bacılar” – Fransa və
Almaniya var. Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi isə sadəcə,
moderatorluqdur, sıravi Nikolu qorumağa kifayət etmir.

2020-ci ilin müharibəsindən sonra Azərbaycana münasibətdə düşmən pozasında
duran İranda da reallığı anlamağa başlayırlar. Hətta o həddə ki, Tehrandakı
səfirliyimizə silahlı basqın etmiş “psixikası qeyri-sabit olan” İran
vətəndaşının edamı barədə qərar da çıxarırlar. Təki Azərbaycanla münasibətlər
yoluna qoyulsun. İran dərin tarixi ənənələri olan dövlətdir. Bununla belə,
görünür ki, Tehranda hələ də ermənilərin xəyanətə genetik aludəçiliklərinə
bələd deyillər. İranın Zəngəzurda böyük ümidlərlə açdığı konsulluq bölgəyə NATO
silahlılarının gəlişi ilə nəinki aktuallığını itirir, hətta təhlükə obyektinə
çevrilir. Məşhur bir lətifədə olduğu kimi: ermənilərdə basketbolun populyar
olmamasının səbəbi odur ki, onlar bütün yumurtaları bir səbətə yığmağı
sevmirlər. Problem isə bundadır ki, həmişə və dərhal bu yumurtalardan hansının
daha çox xeyir verəcəyinin bəlasına düşürlər. İranın, gec olsa da, ayılmasının
əsas səbəbi bu və təbii ki, Zəngəzur dəhlizinin bir qolunun da onun ərazisindən
keçmə perspektivinin vəd etdiyi dividendlərdir.

Bölgədə cərəyan edən hadisələrin kilid kodu “Zəngəzur dəhlizi”dir. Etnik
separatizmin kökü kəsildi, xunta rəhbərləri Bakıda təcridxanadadırlar.

Bakı üç il öncə BMT-nin qətnamələrini həyata keçirdi, indi isə 10 noyabr
2020-ci ildə Ermənistanın üzərinə götürdüyü öhdəliyi və sülhməramlıların icra
edə bilmədikləri vəzifələri təmin edib. Ancaq 10 Noyabr Bəyanatı hələ də tam
icra olunmayıb – Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək
dəhlizin qarşısındakı maneələr qalmaqdadır. “Orta dəhliz”in həlledici bəndi
olacaq Cənubi Qafqazdan keçən logistika qovşaqların kimlərin marağına cavab
verib-verməməsi üzərində ləngiməyə lüzum yoxdur. Zəngəzur dəhlizi onların bir
qisminin həyati maraqları çərçivəsindədir, digərləri isə bu logistika
layihəsinin onların regiondakı mövcudluqlarına xələl gətirdiyini düşünürlər.

Zəngəzur vasitəsilə Naxçıvana yolun açılması Azərbaycana tək 10 Noyabr
Bəyanatında təsbit edildiyi üçün lazım deyil. Bakı ötən əsrin 90-cı illərində
neft kəmərlərinin diversifikasiyasına nail olduğu kimi, tranzit-nəqliyyat
maraqlarının da bir istiqamətdən asılılığı ilə qənaətlənə bilməz. Azərbaycan –
gözünü ilin cəmi bir neçə ayı işləyən Lars yoluna tikən Ermənistan deyil.

Azərbaycan Prezidentinin Qranada görüşündən imtina etməsində Zəngəzur
prioritet səbəb rolunda çıxış edir. Görüş naminə görüş təcrübəsi keçmişdə
qaldı. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Sırada Üçtərəfli Bəyanatın
qalan bəndidir. Dövlət başçılarının imza atdıqları sənəd yarımçıq icra oluna
bilməz.

Source link