38f00dea-2797-4f76-93a0-0fe4e8725776..jpg

ACF-in baş katibi: “Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 038 dəfə baxılıb.

ACF-in baş katibi: “Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik” –
MÜSAHİBƏ + FOTO

Geridə qalan 2022-ci il Azərbaycan cüdoçuları üçün bir sıra beynəlxalq
yarışlar, turnirlər və təlim-məşq toplanışları ilə əlamətdar olub.

Ötən ilin yekunları və gələcək planlarla bağlı “Report”un suallarını
cavablandıran Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu
bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

Federasiya rəsmisinin geniş müsahibəsini təqdim edirik.

– Ötən ili Azərbaycan Cüdo Federasiyası üçün necə qiymətləndirirsiniz? Qarşıya
qoyulan hədəflərlə görülən işlər, qazanılan nəticələr üst-üstə düşdümü?
– Bilirsiniz ki, federasiyada dəyişikliklər 2021-ci ilin sonlarında baş
verdi. İlin əvvəlində də elan etdiyimiz kimi, hazırlanan yeni strategiyaya
görə, iki əsas istiqamətdə fəaliyyətimiz oldu.

Birinci beynəlxalq arenada nəticələr məsələsidir. Çünki fəaliyyətimizin son
nəticəsi özünü məhz bunda göstərir. Burada isə ən önəmli məsələ Paris-2024 Yay
Olimpiya Oyunlarına ciddi hazırlaşmaq və orada uğurlu çıxış etməkdir. Bu
baxımdan, tək böyüklər deyil, gənclər və yeniyetmələr beynəlxalq yarışlarda
ümumilikdə 198 medal qazanıblar. Bunlar arasında xüsusilə Avropa çempionatında
əldə olunan 1 qızıl, 2 bürünc və dünya çempionatında əldə edilən 2 bürünc
medalı qeyd etmək olar. Yeniyetmə cüdoçularımızın Avropa və dünya
çempionatındakı uğurlu çıxışını da vurğulamaq lazımdır. Eyni zamanda, komanda
yarışlarında qazanılan nəticələri xüsusi qeyd etmək istərdim. Ötən il
Azərbaycanın cüdo tarixində ilk dəfə komanda yarışında qızıl medal qazandıq.
XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında birinci yeri tutduq. 23 yaşadək
idmançıların Avropa çempionatı istisna olmaqla, ötən il qatıldığımız bütün
komanda yarışlarında medal əldə etmişik. Bu, özlüyündə bizi sevindirən
tərəfdir. Qarışıq komanda yarışlarında oğlanlar və qızlar birlikdə mübarizə
aparırlar. Bu da onu göstərir ki, aşağı yaş qruplarında qız cüdosunda inkişaf
var. Bu, özünü fərdi yarışların nəticələrində də göstərdi. Avropa və dünya
çempionatında medallarımız oldu. Yeniyetmələr arasında dünya çempionatında
qızların yarışında Azərbaycan sonuncu dəfə 2013-cü ildə medal qazanmışdı. 9
ildən sonra ilk dəfə nəticə əldə olundu. Nəticələri yaxşı qiymətləndiririk.
Amma sırf dünya çempionatlarına baxsaq, ümumi vəziyyəti qənaətbəxş hesab etmək
olar. Pis də demək olmaz, yaxşı da. Adətən dünya çempionatı deyiləndə yalnız
böyüklər arasında keçirilən yarışlara fokuslanırlar ki, indiyədək cəmi 1 dünya
çempionumuz var. Amma digər yaş qruplarında da dünya çempionlarımızın sayı elə
də çox deyil. Məsələn, yeniyetmələr arasında da bu say birdir. Gənclər arasında
isə cəmi 4 nəfərdir. Federasiya olaraq, əsas məqsədimiz dünya çempionatlarından
mükafatlarla qayıtmaqdır. Amma qızıl medal qazanmaq şanslarımız da kifayət
qədər yüksək olur. Analizlərimiz göstərir ki, “qızıl”ı çox vaxt xırda
səbəblərdən itiririk. Məsələn, yeniyetmələr arasında dünya çempionatında 60
kq-da çıxış edən Nizami İmranov çox potensiallı idmançıdır. O, yarımfinal
görüşünü rəqibə sadəcə hədiyyə etdi. Fəndi tətbiq edərkən başını yerə qoydu.

– Bu, yeni qaydalara əsasən yolverilməzdir…
– Bəli, düzgün deyil. Xırda çatışmazlıqlar bəzən udmaq üçün böyük şansınızın
olduğu görüşdə uduzmağınıza gətirib çıxara bilər. Başqa bir misal kimi Zelim
Kotosyevi göstərmək olar. Dünya çempionatında qızıl medala çox yaxın idi.
Yarımfinalda kanadalı idmançı ilə güləşirdi və görüşün başa çatmasına 1 dəqiqə
20 saniyə qalmış bir vazari xalı ilə öndə idi. Hər şeyə nəzarət edirdi. Sonra
nəsə oldu, fəndə düşdü. Vazari, ardınca isə saxlama fəndi ilə rəqib ikinci
vazarini aldı və Zelim uduzdu. Sonra 3-cü yer uğrunda güləşdi və qalib gəlməklə
bizi sevindirdi, sağ olsun. Qarşılaşmadan sonra soruşdum ki, yarımfinalda
vəziyyətə nəzarət edirdin, birdən-birə konsentrasiyanı niyə itirdin? Bildirdi
ki, digər tatamidə o biri yarımfinal görüşü gedirdi və özbək idmançı öz rəqibi
ilə güləşirdi. Birdən zalın gurultusunu eşidib və yerli cüdoçunun qalib
gəldiyini başa düşüb. Kotsoyev əvvəlki təlim-məşq toplanışlarında və yarışlarda
bir neçə dəfə bu idmançıya qalib gəlib, ona çox uyğun rəqibdir. Yarımfinal
görüşündə həmin cüdoçu udub, Zelim də hesabda öndə olduğundan düşünüb ki, artıq
qızıl medal mənimdir. Haradasa 5-10 saniyəlik diqqətsizlik nəticəsində məğlub
oldu. Cüdoda çox təcrübəli idmançılar var. Ani boşluqdan dərhal istifadə
olunur. Bu cür xırda detallar qızıl medal qazanmağımıza mane olur.

– Hazırda Azərbaycan cüdosunda əsas çatışmazlıq nədən ibarətdir?
– Analizlər göstərir ki, burada 3 əsas məqam var. Məhz həmin tərəflərimiz
zəifdir. Bunun üzərində işləmək lazımdır. Birincisi, tutmalardır. Bu, cüdoda
çox vacibdir. Tutmalarda zəifik. İkincisi, parterdəki güləşimiz ayaq üstə
apardığımız mübarizədən çox geri qalır. Amma hər iki cəhətdən bu il ciddi
inkişaf gözləyirik. Aşağı yaş qruplarındakı nəticələrdən də görürük ki, artıq
iş gedir. Üçüncüsü isə cüdoçularımız bəzən taktiki cəhətdən çox böyük səhvlərə
yol verirlər. Lazımsız anda şido xəbərdarlığı alırlar. Durduqları yerdə
özlərini çətin vəziyyətə salırlar. Sonra da risk edirlər ki, bu zaman əks fəndə
düşmək ehtimalı yüksək olur. Sadaladığımız 3 çatışmazlıq bir-biri ilə bağlıdır.
Məsələn, parterdə yaxşı güləşə bilirsinizsə, bundan istifadə edib yerdə
dincələ, fiziki gücünüzdən daha səmərəli istifadə edə bilərsiniz.

– Bəs çatışmazlıqları aradan qaldırmaq üçün hansı işlər görülür?
– Bunun üçün ilk növbədə milli komandalarda məşq prosesi düzgün qurulmalıdır.
İkincisi, klublarda uşaqları hazırlayarkən bunları onlara başa salmaq lazımdır.
Çünki cüdo tək fənd tətbiq etmək deyil, həm də həyat tərzi, təlim vasitəsidir.
Cüdonun banisi Ciqaro Kano bunu tək idman növü kimi yaratmayıb. Cüdo vasitəsilə
uşaqlara təlim keçə, onları tərbiyə edə, yaxşı vətəndaş kimi yetişdirə
bilərsiniz. Əsasən bu istiqamətə önəm veririk. Bununla bağlı gördüyümüz əsas iş
Beynəlxalq Cüdo Federasiyasının (IJF) akademiyası ilə məşqçilərin təhsili
layihəsinə start verməyimizdir. Artıq 78 məşqçimiz həmin kursda təhsil alır.
Nəzəri imtahanları başa vurublar. Üç əyani seminarımız olub. Fevralda Bakıda
məşqçilərin imtahanı olacaq. İJF akademiyasının 8 nümayəndəsi buraya gələcək və
məşqçilərdən praktiki imtahan götürəcəklər. Həmin vaxt mütəxəssislər yuxarıda
dediyim məsələlərlə bağlı öz bacarıqlarını göstərməlidirlər ki, sertifikat ala
bilsinlər. Bundan sonra həmin məşqçilər klublarda məhz klassik cüdonu uşaqlara
öyrətməyə başlayacaqlar. Bu, birinci addımdır. Növbəti addımların da üzərində
işləyəcəyik. Bu, tək yığmanın problemi deyil. Uşaqlar klublardan hazır
gəlməlidirlər. Sadə bir misal deyim. Bir çox idman növlərində olduğu kimi
cüdoda da öyrədilən ilk şey “təhlükəsiz yıxılma”dır. İnandırım ki, bəzən
yığmada xüsusilə də qızlara primitiv şeyləri öyrətməkdən başlayırıq. Çünki
düzgün yıxılmağı, isinmə hərəkətlərini etməyi bacarmırlar. Bu isə vaxt itkisi
deməkdir və ümumi inkişafa mənfi təsir göstərir. Təsəvvür edin ki, milli
komandaya yeni futbolçu gəlib, ona topu saxlamağı başa salırsınız. Amma müsbət
dinamikanı da görürük. Yeniyetmə və gənc cüdoçularımız artıq görüşləri parterdə
udmağa başlayırlar. Məsələn, Balabəy Ağayev Masters turnirində bir görüşünü bu
üsulla qazandı. Çevirmə fəndi ilə qazaxıstanlı rəqibini məğlub etdi.

– Yarışlara hazırlıq baxımından başqa hansı yeniliklər tətbiq olunub?
– Hər yarışdan öncə və sonra ciddi analiz işi gedir. Azərbaycan cüdosuna
analitik yanaşma gətirmişik. Püşkatmadan sonra ilk və potensial rəqibləriniz
bəlli olur. Bunların hər birinin detallı analizi gedir. Müxtəlif resurslardan
istifadə olunur. Hər idmançı fərqlidir. Analizin nəticələrini kiməsə axşamdan,
kiməsə görüşdən 2 dəqiqə əvvəl deməlisiniz. Hətta bunu hansı məşqçinin
söyləməsi də önəmlidir. Çünki hər idmançı ayrıca fərddir və öz psixologiyası
var. Ayrıca yanaşma tələb edir.

– Yeri gəlmişkən, ötən il milli komandaya yeni təyinatlar oldu. Riçard
Trautman baş məşqçi, Mark van der Ham isə texniki performans direktoru təyin
edildi. Xüsusilə sonuncunun işi nədən ibarətdir?
– Bu sualı mənə tez-tez verirlər. Onun əsas vəzifəsi analizlərlə bağlıdır.
Amma bu, tək onun işi deyil. Bizdə yerli analitiklərdən Zaur Babayev də var.
Eyni zamanda, yerli mütəxəssislərimiz də bu işlə məşğuldur. Görüşdən bir gün
əvvəl cüdoçularımızın rəqibləri və öz çıxışları detallı şəkildə təhlil edilir.
Yekunda onlara taktika verilir ki, belə güləşəcəksiniz. İndiyə qədər görmədim
ki, hansısa idmançı ona verilən taktikanı sonadək dəqiq yerinə yetirsin və
uduzsun. Lap uduzsa belə, effekti çox böyük olur. Verilən tapşırığı düzgün
yerinə yetirə bilməsə, dərhal onun çıxışında problemlər başlayır.

– Yığmaya başqa əcnəbi mütəxəssislərin cəlb olunması gözlənilir?
– Hazırda fiziki hazırlıq proqramı ilə bağlı da təkmilləşdirmələr gedir.
Əcnəbi qidalanma mütəxəssisi ilə danışıqlar aparırıq. Bu, idmançıların
çəkilərinin tənzimlənməsi baxımından bizə kömək edəcək. Burada olması o qədər
də vacib deyil. Kənardan bizə kömək edəcək. Təəssüf ki, Azərbaycanda bu cür
mütəxəssislər tapmaq çox çətindir. Bundan başqa, uzun müddətdir idman psixoloqu
axtarırıq. Bununla bağlı Gənclər və İdman Nazirliyi də axtarışdadır. Ümid
edirik ki, həllini tapacaq. Bu, elə bir məsələdir ki, psixoloq mütləq
Azərbaycan dilində danışmalıdır. Hansısa əcnəbini bura gətirsəniz, o effekti
verməyəcək. Ona görə çətin, həssas məsələdir. İdmançılar bəzən psixoloji
hazırlığı istənilən səviyyədə olmadığı üçün uduzurlar. Bu amil onların çıxışına
və nəticələrinə ciddi şəkildə təsir göstərir.

– Riçard Trautmanın gəlişindən sonra milli komandalarda hansı müsbət
dəyişikliklər nəzərə çarpır?
– İlk növbədə sistemli yanaşma tətbiq olunur. Bayaq dediyim analiz məsələsi
tək texniki performans direktorunun deyil, baş məşqçinin də nəzarətində olan
işdir. Məşq prosesinin təşkili, digər yığmalarla iş və müxtəlif sahələrdə
irəliləyiş görürük. Sözsüz ki, müəyyən çatışmazlıqlar da var. Bunu qeyd
etməliyik. Əslində çatışmazlıq yox, adaptasiya dövrü desək, daha yaxşı olar.
Onlara bir az vaxt lazım idi ki, bizim idmançıları daha yaxşı tanısınlar. Gənc
cüdoçu ilə təcrübəli, medallar qazanmış, karyerasının son dövrlərini yaşayan
idmançıların motivasiyası eyni olmur. Bu səbəbdən yanaşmalar da fərqli
olmalıdır. Digər tərəfdən, əcnəbi mütəxəssislər bizim mentaliteti də
bilməlidirlər. Məsələn, qərb ölkəsindən olan idmançıya tapşırıq verirsən ki,
səhər yuxudan durub 10 km kros qaçacaqsan. Heç bir məşqçi gedib ona nəzarət
etməyəcək. Biz isə bəzən məcbur oluruq ki, hər 2 km-dən bir məşqçi qoyaq,
görək, qaçdı, ya yox. Məsuliyyət məsələsi var. Bəzən idmançı deyir ki, bugünkü
məşqi buraxım. Bu isə onun 1 həftəlik işinin üstündən xətt çəkir və hər şeyə
sıfırdan başlamalı olur. Bunların üzərində işləyirik. Amma ümumi inkişaf
dinamikası müsbətdir. Bizim üçün ən önəmlisi dünya çempionatında nəticə
qazanmaqdır. Yeniyetmə və gənclərdə nəticələrə görə güzəştə getmək olar. Çünki
bunlar bizim ehtiyat qüvvəmizdir. Əsas odur ki, transformasiya düzgün getsin.

– Bu il lisenziya yarışları olacaq. Ümumilikdə neçə lisenziya qazanmağı
hədəfləyirsiniz?
– Bilirsiniz ki, cüdoda həm kişi, həm də qadın cüdoçular arasında 7 çəki
dərəcəsi üzrə lisenziya verilir. Kişilərdə bütün çəkilərdə kvota qazanmağı
hədəfləyirik. Lisenziyalar olimpiya reytinqinə əsasən əldə olunur. 2024-cü ilin
iyununda reytinq hesablanması dayanacaq və Beynəlxalq Olimpiya Komitəsindən
(IOC) Milli Olimpiya Komitəsinə (MOK) məktub gələcək ki, filan cüdoçular həmin
siyahıya düşüblər. Bundan sonra biz öz seçimimizi MOK-a, onlar isə IOC-a
bildirəcəklər. Bizim bununla bağlı 2 hədəfimiz var. Birincisi, 2023-cü ilin
sonunadək maksimum dərəcədə lisenziyaları zəmanət altına almaq istəyirik. Çünki
olimpiadaya hazırlığa 6 ay əvvəldən rahat şəkildə başlamaq istəyirik. Digər
tərəfdən, məsələn, Oyunlara hər çəki dərəcəsi üzrə 3 idmançı namizəddir.
Onların arasında necə seçim etməliyik? 2024-cü ilin fevralında Parisdə Böyük
Dəbilqə olacaq. Həmin turnirdən sonra demək olar ki, olimpiadaya kimin
gedəcəyinə qərar verəcəyik. Yəni, iyul ayını gözləməyəcəyik. Seçim edərkən
beynəlxalq yarışlardakı nəticələr nəzərə alınacaq. Əgər cüdoçular arasında fərq
az olarsa, onlar 1 və ya 2 eyni yarışa göndəriləcəklər. Orada kimin nəticəsi
yaxşı olacaqsa, o da gedəcək. Amma burada bir çətinliyimiz var. Beynəlxalq Cüdo
Federasiyası təqvimə olimpiadanın startına 2 ay qalmış dünya çempionatı salsa,
vəziyyət bir az mürəkkəbləşəcək. Olimpiadaya ilk “8-lik”də yollanmaq önəmlidir.
Bu zaman püşkatmada “səpələnmişlər”də olursunuz. Təsəvvür edin ki, lisenziyanı
təmin etmisiniz, bu səbəbdən dünya çempionatına getmirsiniz. Amma reytinqdə
sizdən aşağıda olan idmançı mundialda 5-ci yeri tutsa belə, gəlib sizi keçəcək
və nəticədə ilk “8-lik”dəki yerinizi itirəcəksiniz. Bu da sizin hazırlıq
prosesinizə mənfi təsir göstərir. Bu il dünya çempionatını may ayına təyin
etdilər. Adətən ilin ikinci yarısında olurdu. Bu da onu göstərir ki, gələn il
də mayda mundial keçirilə bilər. Belə olan halda Avropa çempionatı nə vaxt
olacaq? Böyük ehtimalla mart və ya apreldə. Həmçinin kontinental kvotalar
verirlər. Qızlarda bu cür lisenziya qazana bilərik. Seçim bir az mürəkkəb
prosesdir. Baş məşqçi və texniki performans direktorunun bununla bağlı xüsusi
hesablama cədvəlləri var.

– Dediklərinizdən belə başa düşmək olar ki, seçim prosesi tam ədalətli
olacaq…
– Təbii ki.

– Hər idman növündə olduğu kimi cüdoda da zamanla müəyyən söz-söhbətlər üzə
çıxır. Məsələn, belə bir fikir var ki, Kəramət Hüseynov Azərbaycan Cüdo
Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin qohumu
olduğu üçün irəli çəkilir…
– Kəramət Hüseynovun Tokio Olimpiadasına getməsinin bir səbəbi var idi: həm
Avropa, həm də dünya çempionatında 3-cü yeri tutmuşdu. 2021-ci ildə bütün
cüdoçularımız arasında ən yaxşı nəticə verən idmançı idi. Bəli, Elnur
Məmmədlinin bacısı oğludur, amma həm yeniyetmələr, həm gənclər, həm də böyüklər
arasında nəticəsi olan idmançıdır. 2018-ci ildə Bakıdakı dünya çempionatında
5-ci yeri tutmuşdu. Çox istedadlı cüdoçudur. 60 kq-da çox böyük rəqabət var.
Tək Kəramət və Balabəy Ağayev deyil, Turan Bayramovu da qeyd etmək lazımdır.
Bundan başqa, Nazir Talıbov da var. Ümumiyyətlə, bu çəki dərəcəsində təxminən
7-8 idmançı çox ciddi rəqabətdədir. Hətta hazırda gənclər yığmasında çıxış edən
Nizami İmranov elə bir nəticə göstərə bilər ki, digərlərini geridə qoyar. Amma
hazırkı nəticələrə görə, bu çəkidə ölkənin 1 nömrəsi Ağayevdir. Yığmanın elə
bir üzvü deyə bilməz ki, mənə şans verilməyib. Elə bir idmançı varsa, gəlsin
danışaq. Hətta bizdə yarışlara göndərilmə qaydası da var. Qran-pri və Böyük
Dəbilqəyə getmək üçün mütləq əvvəlcə Açıq Avropa və qitə kuboklarında iştirak
etməlisən. İdmançılar da bunu çox gözəl bilirlər. Ötən il ümumilikdə 586
idmançı beynəlxalq yarışlara qatılıb. Bu isə kifayət qədər böyük rəqəmdir.
Hamıya şans verilir. Sadəcə, məsələ bundan necə istifadə etməkdir.

– Paris olimpiadasında məşqçilər heyətinin qarşısına hansı hədəf qoyulacaq?
– Olimpiadaya 7 cüdoçu göndəririksə, bu, 7 potensial medal deməkdir. Xüsusilə
kişilərdə həqiqətən belədir. Açığı, indidən nəsə deməyim qeyri-peşəkar olar.
Çünki zədə, hansısa xəstəlik ola bilər. Ən real proqnozu 2024-cü il iyulun
25-də – yarışdan bir gün əvvəl və ya püşkatmadan sonra vermək olar. Sadəcə,
təxmin edə bilərəm. Hazırkı göstəricilərə əsasən, ən çox medal gözlədiyimiz
çəkilər 73, 81 və 100 kq-dır. 60, 66 və 90 kq-da da potensialımız yüksəkdir.
Ağır çəkidə isə medal gözləntimiz çox aşağıdır. Amma olimpiada fərqli yarışdır.
Orada istənilən idmançı medal qazana bilər. Azərbaycan cüdoçuları 2008 və
2016-cı il olimpiadalarında 2 medal qazanıblar. Hədəfimiz ən azı həmin
göstəricini təkrarlamaqdır. Əyarı necə olacaq, bunu zaman göstərəcək.

– Rüstəm Orucov çəkisini dəyişdi və bundan sonra 81 kq-da çıxış edəcək. Daha
əvvəl 73 kq-da güləşən Orucovun bu addımı rəqabətdə Hidayət Heydərova uduzması
ilə bağlıdırsa, yeni çəkidə Səid Mollayi ilə bacara biləcək?
– Məgər, 81 kq-da təkcə Mollayidir?

– Hazırda əsas cüdoçu odur…
– Bu çəkidə rəqabət aşağıdır ki? Rüstəmin məsələsi başqadır. Uzun illərdir 73
kq-da çıxış edir. Artıq yaşı 30-u keçib. Bu halda çəkini 73 kq-da saxlamaq çox
çətindir. Hazırda Orucovun çəkisi 83 kq-dır. Hər yarışdan öncə nə qədər çəki
salır. Bu isə kifayət qədər enerji itkisi deməkdir. Əvvəllər çəkisi maksimum
78-79 kq olurdu. Biri var çəkini 5 kq azaldasan, biri də var 10 kq. Yaş
artdıqca, bunu etmək o qədər də asan olmur. Çəkini salandan sonra bərpa prosesi
də sürətlə getmir. Bu qədər çəki salmaq onun çıxışına mənfi təsir göstərirdi.
Məşqçilər heyəti Rüstəmlə danışıb, o, özünü 81 kq-da sınamaq istəyir. Bizim
üçün çox dəyərli idmançıdır. Bu cür titullu və təcrübəli cüdoçunun yığmada
qalması bizi çox məmnun etdi. Komandanın kapitanıdır. Orucova 81 kq-da şans
veriləcək. Amma özünü doğrulda bilməsə, ondan sonra digər mərhələlər müzakirə
olunacaq. Bu il özünü sınayacaq, çox iddialıdır. Rüstəm kimi idmançı ilə
rəqabətdə olmaq Səid Mollayi üçün də yaxşıdır. Bu çəkidə Elcan Hacıyev, Zelim
Tçkayev kimi potensiallı cüdoçularımız da var. Rüstəm kimi idmançının da bu
çəkidə mübarizə aparması rəqabəti artıracaq.

– Səid Mollayi Azərbaycan millisinə keçdikdən sonra 1 qızıl, 3 gümüş və 1
bürünc medal qazanıb. Cənubi azərbaycanlı idmançının çıxışı federasiya
rəhbərliyini, məşqçilər heyətini qane edir?
– Onun çıxışını yaxşı hesab edirik. Sadəcə, dünya çempionatında istədiyimiz
nəticəni əldə edə bilmədi. Masters turnirində ikinci yeri tutması yaxşı
göstəricidir. Bir sirri açım, Səid demək olar ki, zədəli halda güləşirdi. Sol
dirsəyi tam açılmır. Hətta İsraildəki yarışdan bir gün sonra Almaniyada
əməliyyat olundu. İnanırıq ki, 1 ay sonra məşqlərə başlayacaq. Dirsəyindəki
problemə görə istədiyi kimi güləşə bilmirdi. Dünya çempionatının 1/4 finalında
cənubi koreyalı Yunvan Lini udduqdan sonra dedik ki, minimum finalda olmalıdır.
Çünki həmin cüdoçu ötən il bütün rəqiblərini məğlub etmişdi. Amma Masters
turnirinin yarımfinalında gürcüstanlı Tato Qriqalaşvili ilə bacarmadı. Özü də
potensialından aşağı səviyyədə çıxış etdiyini bildirdi. Taktikanı düzgün
qurmamışdı. Üstəlik, xəstə halda tatamiyə çıxmışdı. Ümumiyyətlə, ötən il 3 dəfə
gürcüstanlı idmançıya uduzub. Halbuki, olimpiadada ona qalib gəlmişdi.
Mundialda 5-ci yer də pis nəticə deyil, qənaətbəxş saymaq olar. Ümumi götürsək,
Səidin çıxışını yaxşı qiymətləndiririk. Çox peşəkar idmançıdır. Yeniyetmə və
gənc cüdoçularımız üçün nümunədir. Rejimə əməl edən, verilən tapşırıqları
düzgün yerinə yetirən, vaxtında yatan, düzgün qidalanan idmançıdır. Çəkisi heç
vaxt 84 kq-ı keçmir. Bəzən təlim-məşq toplanışlarını izləyirik. Yerli
idmançılarımız düyü və makaronu çörəklə yeyirlər (gülür). Sual verirəm ki, niyə
belə edirsiniz? Deyirlər ki, doymuruq. Amma Səidin çörək yediyini hələ
görməmişəm. Qidalanmasına fikir verir. Şirniyyatı çox az yeyir. Rejimə tam əməl
edir. Gənclərə daim onu nümunə göstəririk. Ola bilər, olimpiya çempionu deyil.
Yeri gəlmişkən, iki qızıl medalı var, hər ikisini Bakıda qazanıb. Stabil
idmançıdır, bu, çox önəmlidir. Bu yaşda belə nəticələr əldə edirsə, bu, sırf
rejimə düzgün əməl etməsi ilə bağlıdır. Ondan tam olaraq razıyıq. Komanda
yoldaşları da Səidi çox istəyirlər. Bildiyim qədərilə Hidayətlə eyni otaqda
qalırlar. Hər yerə birlikdə gedirlər. Fərqli həyat təcrübəsi var. İnsan kimi
yetişkindir. Biz ona tək idmançı kimi baxmırıq. Mollayidən uzun müddət
faydalanmaq istəyirik. Məşqçi kimi də ola bilər, başqa istiqamətdə də.
Azərbaycanı çox sevir, karyerasını bitirəndən sonra burada qalmaq, yaşamaq
istəyir. Biz də belə düzgün insanın cüdo ailəmizdə yer almasından məmnun olarıq.

– Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması, Ukrayna
təmsilçilərinin ölkədəki müharibə səbəbindən əksər turnirlərdən kənarda qalması
niyə Azərbaycan cüdoçularının xüsusilə qızıl medal sayına ciddi təsir
göstərmədi?
– Belarusu bu siyahıdan çıxaraq. Orada hazırda cüdo yoxdur. Natiq Bağırov
Belarus yığmasını tərk etdikdən sonra heç bir nəticə qazana bilmirlər. 2008-ci
ildən sonra ciddi uğurları yoxdur. Amma Rusiya tərəfi ilə razıyam. Rusiya cüdo
sahəsində güclüdür. Amma bu idman növündə rəqabət olduqca böyükdür. Sonuncu
dünya çempionatında 30-dan çox ölkə medal qazanıb. Rusiya yoxdursa, Yaponiya,
Gürcüstan var. Rusiyanın beynəlxalq arenada olmaması qızıl medal şansımızı cəmi
10 faiz artırır. Guya, onlar hər dəfə birinci yeri tuturlar ki? Məsələn, son
olimpiadada cüdoda qızıl medalları olmadı. Çəki dərəcələrinə də baxmaq
lazımdır. Məsələn, 60, 66 və 73 kq-da yaponlar liderdirlər. 81 və 90 kq-da
gürcülər fərqlənirlər. 100 və +100 kq-da isə vəziyyət dəyişir. Medal sayına
baxsaq, Avropada “ilk beşlik”də, dünyada isə “onluq”dayıq. Amma sırf qızıl
medala qalanda inanılmaz rəqabət var. Yarışdan öncə soruşsalar ki, hansı
ölkələr qızıl medal qazanacaq, ikisinin adını çəkərəm: Yaponiya və Gürcüstan.
Gürcülər bu uğura son 2-3 ildə nail olublar.

– Maraqlıdır, gürcülərin uğurunun sirri nədədir və yaxın illərdə onların
təcrübəsindən yararlanmaq planınız varmı?
– Burada bir neçə məqam var. Birincisi, gürcülərin milli güləşi cüdoya çox
yaxın və uyğundur. Tutma fəndindən çox istifadə edirlər. Ona görə də hələ SSRİ
vaxtında belə, yığmanın aparıcı üzvləri məhz onlar olublar. Məsələn, biz daha
çox ayağa giririk. Bu səbəbdən sərbəst güləş bizə daha uyğundur. Gürcülərlə
yanaşı, monqolların, qazaxların və özbəklərin güləşi cüdoya yaxındır. Onlarda
kəmərdən tutma var. Bizdə isə güləşçilər o cür paltar geyinmirlər. Əsasən
bədəndən tutmadır. Türklərdə də belədir. Gürcülərin inkişafının ilk səbəbi
genetika ilə bağlıdır. Analiz etmişik, onlar 2017-2018-ci illərdən sonra sabit
nəticələr qazanmağa başlayıblar. Gürcüstan Cüdo Federasiyası EJU akademiyası
ilə 2013-cü ildən işləməyə başlayıblar. Orada akademiyanı bitirən 150-yə yaxın
məşqçi var. Türkiyədə 200-dən çoxdur, bizdə isə cəmi 2 nəfərdir. Onlar da
məşqçilik deyil, idarəetmə kurslarını yenicə bitiriblər. Sertifikatları ötən il
alıblar. Yəni Azərbaycanda hazırda akademiyanı başa vuran məşqçi yoxdur. Bizdə
bu ilin fevralında olacaq. Ümid edirəm ki, 78 nəfərin ən azı 50 faizi
imtahandan keçə biləcək. Kəsilənlər də olacaq, çünki çox ciddi imtahandır.
Gürcülərin ikinci üstünlüyü məhz akademiya oldu. Vaxtında bu imkanı
dəyərləndirdilər. Bu isə onların uşaq cüdosunda sürətli inkişafına səbəb oldu.
Gürcülər bir çox görüşləri yerdə güləşməklə udurlar. Onlar uşaqlar arasında
ayrıca “ne vaza” (parterdə güləş) üzrə yarışlar, təlim-məşq toplanışları
keçirirlər. Amma gürcülərin də çatışmayan cəhətləri var. Sadəcə, bizdən bir az
öndədirlər. Yaponlar öz yerində, qızlarda onlarla yanaşı, fransızlar da çox
güclüdürlər.

– Zelim Kotsoyevin istedadlı cüdoçu olduğunu vurğuladınız. Hazırda onun
çəkisində – 100 kq-da Elmar Qasımov da çıxış edir. Sizcə, hansının Paris
olimpiadasına getmək şansı daha böyükdür?
– Baş katib kimi bu suala cavab verməyim düzgün olmaz. Nəticələrə baxsanız,
özünüz hər şeyi görərsiniz. Amma çox şey Elmar Qasımovun özündən asılıdır. Ötən
il bir çox yarışa göndərsək də, yeganə nəticəsi Antalyadakı Böyük Dəbilqədə
3-cü yer oldu. Parisdəki Böyük Dəbilqədə də güləşəcək. Həmin şansdan istifadə
etməlidir. Əks halda karyerası ilə bağlı qərar verməlidir ki, nə istəyir.
Düşünürəm ki, həmin yarış çox suala aydınlıq gətirəcək. Özünü yaxşı tərəfdən
göstərməlidir. Məsələ təkcə medaldan getmir. Hazırlığı, çıxışı da önəmli
olacaq. Məşqçilər heyəti görməlidir ki, işıq var. Elmarda bir çox cüdoçuda
olmayan potensial var. Təəssüf ki, potensialını tam aça bilməyib. Rio
Olimpiadasında 2-ci yeri tutduqdan sonra ən azı bu nəticəni təkrarlamaq üçün
idmançı kimi lazımi qədər səy göstərmir. Bunun səbəbini ilk növbədə özündə
axtarmalıdır. Xüsusilə son 1 ildə.

– “Ulduz xəstəliyi”?
– Yox, Elmar elə insan deyil ki, “ulduz xəstəliyi”nə tutulsun. Onda elə
xüsusiyyət yoxdur. Məsələ peşəkarlıqla bağlıdır?

– Daha video çəkmir?
– Bunu mən deyə bilmərəm. Siz baxa bilərsiniz (gülür). Bilirsiniz, həmin
video da çox şişirdilmiş məsələ idi.

– Bəlkə də bunu başqa ölkənin idmançısı etsəydi, bu qədər ajiotaja səbəb
olmazdı. Sadəcə, mentalitet məsələsi var…
– Bilirəm, elədir. Cüdoda bu cür hallara yaxşı yanaşmırlar. Kütləvi
İnformasiya Vasitələri bunu işıqlandırırlar. Amma hərdən sosial şəbəkələrdə çox
şişirdilir. Təbii, etdiyi hərəkət səhv idi.

– Bu il Polşada III Avropa Oyunları keçiriləcək. 2019-cu ildə Belarusun
paytaxtı Minskdə keçirilmiş yarış həm də Avropa çempionatı statusu daşıyırdı.
Bu il də belə bir şey gözlənilir?
– Xeyr, bu il Avropa Oyunlarında ancaq qarışıq komanda yarışları olacaq. Biz
isə çox güman ki, orada iştirak etməyəcəyik. Çünki qızlar arasında ağır çəkili
idmançımız yoxdur. Sadəcə, Nigar Süleymanova var. İstedadlı qızdır.
Yeniyetmələrin dünya çempionatında qarışıq komanda yarışında bir gün əvvəl
çempion olmuş fransalı idmançını uddu. Potensialı var, amma onu Avropa
Oyunlarına göndərə bilmərik, “yana” bilər. İrina Kindzerska olsaydı, başqa
məsələ. Həm də elə vaxta salıblar ki, uşaqların əsas yarışlara hazırlıq dövrü
olacaq. İyulda Avropa Oyunları, bir ay sonra isə Masters yarışı olacaq.

– Bu il Bakıda yeniyetmələr arasında Avropa Kuboku və Böyük Dəbilqə turnirinin
keçirilməsi planlaşdırır. Təqvimdə hər hansı dəyişiklik yoxdur?
– Xeyr. Sadəcə, biz gənclər arasında da Avropa Kuboku təşkil etmək
istəyirdik. Hər yaş kateqoriyası üzrə beynəlxalq yarış keçirmək bizim üçün çox
vacibdir. Avropa Kuboku elə yarışdır ki, Böyük Dəbilqədən fərqli, istədiyimiz
qədər idmançı sifariş edə bilərik. Bəzən seçim etmək üçün belə yarışlar
keçirmək daha rahatdır, nəinki hansısa əcnəbi ölkədəki turnirə idmançı
göndərmək. Gənclər arasında Avropa Kuboku üçün də EJU-yə müraciət etdik.
Bildirdilər ki, əvvəl bunu keçirək, yaxşı olsa, növbəti illərdə hər iki yarışı
bizə həvalə edərlər. Bu il Avropa Kuboku 6-7 mayda olacaq. Mayın 7-də isə
Qətərdə böyüklər arasında dünya çempionatı olacaq. Kifayət qədər peşəkar
komandamız var. Yarışı ən yüksək səviyyədə təşkil edəcəyik. Regionda olmasını
çox istəyirdik. Gənclər və İdman Nazirliyi də buna ciddi önəm verir. Yarış
Göygöldə olacaq. Qərb zonasıdır. Azərbaycanda cüdonun ən çox inkişaf etdiyi
regionlardan biridir. Bu yarışın ənənəvi olmasını istəyirik. Gələcəkdə Avropa
Kubokunu Gəncədə də keçirə bilərik.

Source link