AÇG-də yeni platformada ilk hasilat quyusunun qazılacağı vaxt açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz
yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk
hasilat quyusunun qazılmasına bu ilin noyabr ayında başlanılacaq.
“Report” xəbər verir ki, bunu “ bp Azerbaijan” şirkətinin maliyyə məsələləri
üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi
Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual
Caspian Technical Conference) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ACE layihəsi üzrə işlər davam etdirilir və ilk
kəşfiyyat quyusunun qazılmasına yaxın günlərdə start veriləcək.
Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon
barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları
tərəfindən 19 aprel 2019-cu ildə imzalanıb. Layihənin dəyəri altı milyard ABŞ
dolları təşkil edir. Platformanın istismarı dövründə bütövlükdə buradan 300
milyon barel neftin hasilatı proqnozlaşdırılır. Bu layihənin məqsədi əlavə
quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə
qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail
olmaqdır.
Layihə suyun 137 metr dərinliyində “Mərkəzi Azəri” və “Şərqi Azəri”
platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma
platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru
xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; “Şərqi
Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən
birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin
çəkilməsini nəzərdə tutur.