Adil Əliyev od püskürdü: Saxta idman qurumları incəsənətlə məşğuldur

Baxış sayı: 2. 125 dəfə baxılıb.

Adil Əliyev od püskürdü: Saxta idman qurumları incəsənətlə məşğuldur

Saxta qurumlara qarşı mübarizə aparırıq. Bizim federasiya ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Federasiyamızda həvəskar və peşəkar kikboksinq var. Amma həvəskar kikboksinqdə heç bir halda saxta yarışlarda iştirak etmirik.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Millət vəkili bəzi idmançıların saxta qurumlarla əməkdaşlıq etməsindən şikayətlənib:

“Biz həmişə Beynəlxalq Olimpiya komitəsinin tanıdığı WAKO-nun turnirlərinə qatılırıq. Elə idmançı var, deyir, filan şəhərdə dünya və ya Avropa çempionu olmuşam. Halbuki araşdıranda məlum olur ki, heç o şəhərin tarixində dünya çempionatı keçirilməyib.

Saxta insanların qarşısını almağı tək bacarmırıq. İdmançı yarışda iştirak edəndə mətbuat orqanı federasiyadan soruşmalıdır. Biz kimin əsl dünya və Avropa çempionu olduğunu bilirik.

Bizim başqa idman növləri kimi böyük sponsorumuz yoxdur. İdmançıları WAKO-nun il ərzində 22 yarışından üçünə göndərə bilirik. Maksimum 15 idmançı ilə təmsil olunmağı bacarırıq. Çünki maliyyəmiz yetmir.

Saxta federasiyaların adlarını çəkmək istəmirəm. O saxtakarların klubları belə yoxdur. Azərbaycan Kikboksinq Federasiyasının isə 100-dən çox klubu var. Hətta məşqçi tapmırıq ki, o klubları dolduraq.

Onlar İncəsənət Universitetini bitiriblər, idmanı yox, incəsənəti yaxşı bacarırlar. İstəyirəm ki, media da əsl çempionlarımızı işıqlandırsınlar. Bu məsələdə medianın da üzərinə çox yük düşür”.

Səbuhi Musayev