Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev bu gün Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsində gecə saatlarında vətəndaşın evindən çıxarılması ilə bağlı sakinlərlə görüşüb.
Bina sakini Alim Məmmədovun övladları Sadıq və Rauf dünən axşam saatlarında binanın yaxınlığında sosial şəbəkə hesablarında çıxış edərək şirkətin Adil Əliyevə məxsus olduğunu və deputatın adamlarının onları evlərindən zorla çıxardığını iddia edib.
“Qafqazinfo” xəbər verir ki, A.Əliyev bu gün söküntü gedən binanın yaxınlığında həmin sakinlərlə görüşüb və həmin ərazidən millət vəkili seçildiyi üçün, həm də adının hallandığı üçün məsələyə aydınlıq gətirmək istədiyini bildirib.
Adil Əliyev qeyd edib ki, onun həm burada tikinti aparan şirkətlərlə, həm də ümumiyyətlə, hər hansı bir tikinti şirkəti ilə heç bir əlaqəsi yoxdur:
“Dünəndən mənə deyirlər ki, sosial şəbəkələrdə təhqir olunursunuz, şərəf və ləyaqətiniz alçaldılır. Mən araşdırdım, bu tikinti şirkətlərinin sahiblərindən birinin adı Adil, qardaşının adı isə Məhərrəmdir. Orxan Əliyev adlı ortaqlarından biri də Kikboks Federasiyasının yeni prezidentidir. Ola bilsin bununla bağlı səhvən mənim adım hallanır. Mən o federasiyanın köhnə prezidentiyəm, indi yeni prezidenti var.
Bu şirkətin mənə aid olduğunu hansı sübutlarla, dəlillərlə iddia edirlər? Mən buradan rəsmən bəyan edirəm ki, mənim, qardaşımın, ailə üzvlərimin heç birinin tikinti şirkəti yoxdur. Mənim qohumlarımdan kimin bir çayxanası varsa, tez götürüb yazırlar ki, bu obyekt Adil Əliyevindir”.
Deputat bildirib ki, vətəndaş Alim Məmmədov və övladlarının sözləri əsasında onun adını çəkən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək: “Mən özüm də həmin şəxslərlə görüşəcəyəm. Görək niyə mənim adımı çəkirlər? Əgər mənim adımı çəkdiklərini etiraf edərlərsə, lazımi hüquqi addımlar atılacaq”.
Millət vəkili qeyd edib ki, seçiciləri kimi həmin şəxslərin problemləri ilə bağlı rəsmi qurumlara müraciət etməyə hazırdır: “Xahiş edirəm, siz rəsmi qaydada mənə müraciət edin. Mən də bir ərizə əlavə edərək sizin müraciətinizi Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə göndərim”.
Nərimanov Rayon İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə həmin görüşdə bildirib ki, istismar müddəti bitən dörd mərtəbəli binanın qəzalı olması barədə rəsmi rəy verilib:
“Bu ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırkı tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb.
Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda, “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub.
Sakin Alim Məmmədov reallığa uyğun olmayan, astronomik şərtlər tələb edir. Ona məxsus 140 kv.m. mənzil üçün 185 kv.m.-lik və 95 kv.m.-lik iki ədəd təmirsiz mənzil, iki ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100 000 manat pul istəyirlər.
Bu da tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Tikinti şirkətinə sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb”.