Adını tarixə yazan lider – “Kaspi”nin RƏYİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu 20 illik fəaliyyəti
dövründə əməli addımları ilə təsdiqlədi. İşğal edilən torpaqlarımız onun
komandanlığı ilə düşməndən təmizləndi, ərazi bütövlüyümüz, suverenliyimiz təmin
olundu.
Öz mənalı həyatının 60 ilini xalqı üçün yaşayan ümummilli lider Heydər Əliyev
Azərbaycanın inkişafı, tərəqqisi naminə böyük xidmətlər göstərib. Xilaskarlıq
missiyası ilə xalqını bəlalardan, dövləti müstəqilliyini itirmək təhlükəsindən
xilas edən ulu öndər ölkəmizi beynəlxalq birliyin layiqli üzvünə çevirə bilib.
Məhz onun istəyi ilə 2003-cü ilin dekabrında vaxt İlham Əliyevin prezidentliyə
namizədliyi irəli sürüldü. Bununla bağlı xalqa müraciətində ümummilli lider
hələ tamamlanmamış çox perspektivli planlarının olduğunu vurğuladı.
Dünyaşöhrətli siyasətçi üzünü həmvətənlərinə tutaraq, onları qarşıdan gələn
prezident seçkisində prezidentliyə namizəd, özünün siyasi varisi İlham Əliyevi
dəstəkləməyə çağırdı.
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqalə dərc edib.
Ümummilli Liderin yolunun davamçısı
İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi
xarakterizə edən ulu öndər seçiciləri əmin etdi ki, o, xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda böyük işlər görəcək. Görkəmli dövlət xadimi
inamla bildirdi ki, özünün axıra çatdıra bilmədiyi taleyüklü məsələləri,
planları, işləri Azərbaycan xalqının köməyi və dəstəyi ilə İlham Əliyev başa
çatdıra biləcək.
“Mən ona özüm qədər inanıram…”
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə
ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim
etdiyi İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə
əməli fəaliyyəti ilə təsdiqlədi. 2003-cü il oktyabrın 15-də Prezident
seçilməsindən indiyə qədər ötən 20 ildə İlham Əliyevin həyata keçirdiyi
strategiyanın prioriteti ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan
həyatı, təhlükəsizliyimizin təmini, pozulmuş ərazi bütövlüyümüzün bərpası oldu.
Bu illər ərzində uğurla həyata keçirilən regional inkişaf proqramları,
genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rayon və şəhərlərimiz arasında
fərqi aradan qaldırdı, əhalinin sosial-rifahını yaxşılaşdırdı, yoxsulluq
səviyyəsini aşağı saldı.
Əsas prioritet torpaqların işğaldan azad edilməsi idi
Sözsüz ki, bu illər ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi
daxili və xarici siyasət, atılan hər bir addım Azərbaycanı işğal altında olan
ərazilərimizin azadlığına da yaxınlaşdırırdı. Çünki bütün istiqamətlərdə
qazanılan uğurlar, əldə edilən nailiyyətlər, diplomatik danışıqlar ərazi
bütövlüyümüzün dinc yolla bərpasına, Ermənistan işğalı altındakı
torpaqlarımızın, o cümlədən Qarabağın azad olunmasına, məcburi köçkünlərin
doğma yurdlarına, isti ocaqlarına qaytarılmasına yönəlmişdi. Lakin Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk
qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir səmərə vermirdi. İşğala
məruz qalanla işğal edənə eyni yanaşan, işğalçı Ermənistanı öz adı ilə çağırmaq
istəməyən havadarlar Azərbaycanı işğal faktı ilə razılaşmağa məcbur edirdilər.
17-ci ilində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu
Amma “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü heç vaxt danışıqlar
predmeti ola bilməz”, – söyləyən Prezident İlham Əliyev ölkəmizin ərazi
bütövlüyünün tam təmin edilməsinin, işğal edilmiş bütün ərazilərin azad
olunmasının zəruriliyini vurğulayır, danışıqlarda prinsipiallıq nümayiş
etdirirdi. Bu prinsipiallığın və qətiyyətin nəticəsi olaraq, 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi rəşadətli Ordumuzun tarixi qələbəsi
ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentliyinin 17-ci
ilində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz,
döyüşkən və qalib xalq kimi tanıtdı.
Son 200 illik tariximizin qələbə səhifəsini yazan rəhbər
44 günlük Vətən müharibəsi dövründə İlham Əliyev həm də ideoloji cəbhədə
inanılmaz mübarizə apardı, beynəlxalq təzyiqlərə, erməni havadarlarının
təhdidlərinə cəsarətlə sinə gərdi, əsl lider olduğunu növbəti dəfə ortaya
qoydu. Lakin missiya tamamlanmamışdı. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə,
Əsgəran azan səsinə, Azərbaycan bayrağına həsrət qalmışdı. Prezident kimi
fəaliyyətinin 20-ci ilində İlham Əliyev buna da nail oldu. Cari il sentyabrın
19-20-də keçirilən antiterror tədbirləri sayəsində Qarabağdakı silahlı
birləşmələr tərk-silah olundu. Xocalı soyqırımında, Qarabağdakı digər
faciələrdə əlləri azərbaycanlıların qanına batmış separatçılar, onların
“liderləri” tutularaq hüquq-mühafizə orqanlarına təhvil verildilər. Bununla da
Azərbaycanın son 200 illik tarixində qələbə başlıqlı şanlı səhifə tamamlanmış
oldu.
İndi ümummilli lider Heydər Əliyevin də ruhu şaddır. Çünki dünyaşöhrətli
siyasətçinin axıra çatdıra bilmədiyi taleyüklü planları Azərbaycan xalqının
köməyi və dəstəyi ilə İlham Əliyev həqiqətən də başa çatdıra bildi. Ulu öndərin
düz 20 il bundan öncə xalqa müraсiətində yer alan məqamlar, verilən vədlər
gerçəkliyə çevrildi. İndi azad Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,
Zəngilan, Füzuli, Qubadlı ilə yanaşı, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da
Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar öz el-obasından didərgin salınan,
evləri talan olunan, dağıdılan məcburi köçkünlər indi doğma rayon və
kəndlərinə, tamamilə yenidən tikilən evlərinə qayıdışın xoşbəxtliyini
yaşayırlar.