Parlamentin yaz sessiyası başa çatsa da, vacib hesab etdiyimiz bir sıra qanun layihələri var ki, onlar yenə gündəmdədir və bu istiqamətdə də işlər davam etdirilir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
Komitə sədri hesab edir ki, həmin qanun layihələrinin hazırlanması və müzakirələrə çıxarılaraq, qəbul olunması cəmiyyətin sifarişidir.
“Hesab edirik ki, muğam sənətinin qorunması, o cümlədən, aşıq sənəti ilə bağlı qanun layihələrinin müzakirələrə çıxarılması və parlamentdə qəbulu vacibdir. Bildiyiniz kimi, artıq neçə illərdir bu məsələlər gündəmdədir.
Şəxsən mən özüm muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi hazırlamışam. Onun bir daha təkmilləşdirilib, parlamentin növbəti sessiyasının müzakirəsinə təqdim olunması mümkün və gözləniləndir. Bu sözlər aşıq sənəti ilə bağlı qanunvericiliyə də aid edilə bilər. Çünki aşıq sənətinin qorunması və inkişafı ilə də bağlı ayrıca qanuna ehtiyac var.
Həmçinin, “Adlar və soyadlar haqqında” qanun layihəsinin artıq müzakirələrə çıxarılması zamanıdır. Bu yöndə hələ bir neçə il öncə müvafiq qanun layihəsi hazırlamışdım. Bu məsələnin Nazirlər Kabinetinin hansısa əsasnaməsi və ya təlimatı ilə tənzimlənməsi düzgün deyil. Bu məsələ ilə bağlı mütləq ayrıca qanun olmalıdır.
Odur ki, biz bu qanun layihələrinin, eləcə də, digər vacib sahəvi qanun layihələrinin parlamentin qarşıdan gələn payız sessiyasında ən azı komitəmiz səviyyəsində müzakirələrə çıxarılmasına və plenar iclaslara tövsiyə olunmasına çalışacağıq”, – deyə komitə sədri sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com