ADR–100: Azərbaycanın “de-fakto” tanınması

ADR–100: Azərbaycanın “de-fakto” tanınması

Baxış sayı: 2. 650 dəfə baxılıb.

ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin “de-fakto” tanınması məsələsinə geniş yer ayrılıb.

ADR dövrünün ən vacib hadisələrindən biri 1920-ci ilin yanvarında Parisdə baş verdi. 1920-ci il yanvarın 14-də Bakı çoxdan gözlənilən teleqram aldı.

ADR-in Gürcüstandakı diplomatik nümayəndəsinin müavini F.Vəkilov xarici işlər naziri F.Xoyskiyə göndərdiyi teleqramda Gürcüstanın və Azərbaycanın de-fakto tanınması ilə bağlı məlumat verirdi.

Tiflisdən gələn teleqramda yazılırdı:

“Bu gün Uorbron məlumat verdi: “Lord Kerzon Ali Şuraya Gürcüstan və Azərbaycanın müstəqilliyinin faktiki olaraq tanınmasını təklif etdi. Təklif qəbul olundu.

Bununla bağlı lord Kerzon Uorbrondan tərəfləri məlumatlandırmağı tapşırıb. Burada böyük sevinc yaşandı. Hökumət müstəqilliyin tanınması ilə bağlı təbrikləri qəbul edir. Sizi və bütün hökumətimizi ürəkdən təbrik edirəm. Təfərrüatı açıqlayacaqlar”.

Müstəqilliyin tanınması 1920-ci il yanvarın 10-da baş verdi. Sənədlərin alınmasındakı problemlərlə əlaqədar məlumat yanvarın 30-dək gecikdirildi. Yanvarın 30-da Paris Sülh Konfransının baş katibi Ə.M.Topçubaşova Ali Şuranın 10 yanvar 1920-ci ildə qəbul etdiyi qətnamənin sürətini və digər sənədləri göndərdi.

Azərbaycan hökumətinin qərarı ilə yanvarın 14-ü ölkədə qeyri-iş günü elan edildi. Həmin gün parlamentin təntənəli iclası keçirildi.

Parlamentin nümayəndəsi Q.Əliyevin təklifi ilə iclas ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Daha sonra təbrik məktubları oxundu.

Ədliyyə naziri X.Xasməmmədov müstəqilliyin tanınması ilə əlaqədar amnistiya ilə bağlı layihəni parlamentə təqdim etdi. Həmin gün yerli vaxtla 14:00-da “Azneft” meydanında Azərbaycan Milli Ordusunun piyada və süvari birliklərinin paradı keçirildi.

Axşam qəbulunda F.Xoyski İngiltərənin və onun demokratiyasının şərəfinə badə qaldırdı. Daha sonra Gürcüstan, Ermənistan, Azərbaycan və İranın şərəfinə badə qaldırıldı.

Yanvarın 15-də hökumətin siyasətinə dəstək məqsədilə müsəlman işçilər parlament binası qarşısında mitinq keçirdi. Bundan iki gün sonra hökumətin rəhbəri N.Yusifbəylinin başçılığı ilə Azərbaycan və rus dillərində Azərbaycan xalqına müraciəti yayımlandı.

1920-ci il yanvarın 30-da milli gerb və himnin yaradılması ilə bağlı müsabiqə elan olundu.

Denikinlə Sovet Rusiyası arasında mübarizə məntiqi sonuna yaxınlaşırdı. Yanvarın 16-da XI Qızıl ordu Qafqaz cəbhəsinin cənub-şərqinə göndərildi. Onlar Stavropolu tutdular.

Sovet ordusu tez bir zamanda Denikini məhv etmək istəyirdi və buna görə yanvarın 2-də Rusiya Sovet Federasiyası Sosialist Respublikasının xarici işlər naziri Q.V.Çiçerin F.Xoyskiyə teleqram göndərdi. Ancaq yanvarın 14-də Xosyki bu teleqrama nota ilə cavab verdi:

“Azərbaycan hökuməti rus xalqının daxili həyatının düzəlməsi üçün bu məsələyə qarışmağı qəbuledilməz hesab edir. Bitərəf respublika olaraq Azərbaycan öz azadlığını və suverenliyini hər cür qəsdlərdən müdafiə etməkdə qərarlıdır. Bax, buna görə Azərbaycan hökuməti Denikin ordusuna qarşı inadla mübarizə aparırdı”.

Rusiya ilə münasibətlər məsələsi daxili problemlərin yaranmasının səbəblərindən biri oldu. Belə ki, 1920-ci il yanvarın 15-də A.Səfirkürdski sosialist fraksiyalarının adından xarici işlər naziri F.Xoyskiyə sovet hökumətinin notasına mövqeyi ilə əlaqədar sorğu göndərdi və təklif etdi ki, Azərbaycan hökuməti bu məsələni fraksiya nümayəndələri ilə müzakirə etsin.

Ancaq parlamentin böyük qismi hökumətin tərəfini tutdu. Çiçerinin notasına müsbət cavab verilməsini sosialistlər və “İttihad” təklif etmişdi. Yanvarın 23-də Çiçerin ikinci dəfə Bakıya nota göndərdi.

Notada Azərbaycanın Rusiyanın daxili işlərinə qarışmamaqla bağlı təklifi Denikin ordusu ilə mübarizədən qaçmaq kimi qiymətləndirildi.

Bu nota Atlanta nümayəndələrini də narahat etdi. Azərbaycan və Gürcüstan nümayəndələri Paris Sülh Konfransında silah və hərbi sursat veriləcəyi təqdirdə bolşeviklərə qarşı öz orduları ilə mübarizə aparacaqlarını vəd etdilər.

Ermənistan ancaq türklərdən müdafiə olunacağı ilə bağlı qərar qəbul etdi. Azərbaycan münasibətlərin kəskin olduğu dövrdə Ermənistandakı səfiri dəyişdi və A.Axverdovu oraya göndərdi.

Ermənistan hökuməti həmin vaxtda konfrontasiya məsələsini müzakirə edirdi. Onların fikrincə, konfrans Azərbaycan hökuməti tərəfindən dayandırıldı və 1919-cu il yanvarın 27-də Bakıda bolşeviklərlə türklər arasında razılaşma əldə olundu. Razılaşmaya əsasən, Denikinlə mübarizə üçün türk ordusu Ermənistan Respublikasının ərazisindən keçməli idi.

İranla əlaqələr genişlənirdi. Yanvarın 4-ü saat 16:00-da Ədilxan Ziyadxanovun rəhbərliyi ilə Azərbaycan diplomatik missiyası Bakıdan İrana yola düşdü. ABŞ tərəfi ilə də əlaqələr genişləndirilirdi.

Ədliyyə naziri Xasməmmədovun amnistiya təklifi əbəs deyildi. Həbsxanalarda 1918-ci il mart hadisələri ilə bağlı çox sayda insan vardı. Saxlanılanların sayı artsa da, istintaq bitmirdi. Amnistiya həbsxanaların boşaldılmasına və diqqəti digər fəaliyyətlərə yönəltməyə yardım edəcəkdi. 

Orduya pilotların cəlb olunması ilə bağlı müzakirələr aparılırdı. Yanvarın 23-də general-mayorların general-leytenant M.Sulkeviçə yazdıqları məktublarında deyilirdi ki, gürcü pilotların təcrübəsindən istifadə etmək lazımdır.

Gürcü pilotlar arasında üsyançı kəndi bombardman edən leytenant Makeyev də vardı. Bu praktikadan Zəngəzur və digər bölgələrdə istifadə etmək olardı. 1920-ci ilin yanvarında hərbi nazir tərəfindən parlamentə xüsusi layihə təqdim edildi. Həmin layihədə Gəncədə artilleriya silahlarının təmiri üçün zavodun tikilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, Bakının möhkəmləndirilməsi üçün hökumət altı milyon rubl ayırdı.

Bakının ədəbi həyatında canlanmalar müşahidə edilirdi. Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra ölkəni tərk edən şairlər Bakıda məskunlaşdı və burada “İşçi şairlərin dərnəyi”ni yaratdılar.

Azərbaycan Aktyorlar Birliyi 1920-ci il yanvarın 1-də Hüseyn Ərəblinskinin məzarı üzərində monumental abidənin tikintisi barədə qərar qəbul etdi.

Ədəbiyyatın digər tərəfi olan müəllimlərin həyatında canlanmalar yaşanırdı. Müəllimlər üçün ən mühüm xəbər dövlət qulluqçularının maaşlarına qazancının 80 faizi qədər gəlir artırılması oldu.

Bunlara baxmayaraq, təhsildə bəzi problemlər qalmaqda idi. Belə ki, Bakıda məktəb binalarının çatışmaması nəticəsində 35 məktəbdən 30-da dərslər iki növbədə aparılırdı. Dərslər 45-50 dəqiqə antisanitar vəziyyətdə davam edirdi.

Ölkənin siyasi həyatında mühüm hadisələrdən biri “İttihad” partiyasının ikinci qurultayının keçirilməsi oldu. Bu vaxt partiyanın regional bölmələrinin sayı 600-ə çatmışdı. Yanvarın 25-də başlayan qurultayda mindən çox insan iştirak edirdi.

Qurultay normal başa çatdı, ancaq orada bir hadisə baş verdi. İclasların birində türklərdən biri partiya nizamnaməsi ilə razılaşmadıqlarını bildirdi və digər üzvlərlə birlikdə zalı tərk etdi.

Partiyanın məlumatına görə, onlar dörd nəfər idi. Bu məsələ mediada geniş müzakirə edildi. “Müsavat” partiyasında da problemlər artmaqda idi. Yanvarda 150 nəfər partiyanı tərk etdi və “Hümmət”ə daxil oldu.

Bəzi məlumatlara görə, bir müddət öncə Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı möhtəşəm mitinq keçirən Cavad Məlik-Yeqanovun və onun rəhbərlik etdiyi “Sol Müsavat”ın nüfuzu  artırdı.

İqtisadi vəziyyə stabtil deyildi. 1920-ci ilin yanvarda Bakı anbarlarında şəhərin ehtiyatları normadan üç dəfə yuxarı idi. Nəticədə çıxarılan neftin həcmi idxal olunanlarla uyğun gəlmirdi.

Ayın ortalarında Bakıda 18-19 milyon pud neft çıxarılmışdı, ancaq idxal olunan neftin həcmi 5-6 milyon pud idi. “Neft işləri” jurnalı 1920-ci ilin yanvarında yazırdı:

“Hazırda sənayemizdə yaşananları “ağır sınaq” adlandırmaq olar. Bu, böhran deyil, iflicdir…”

Digər sahələrdə də vəziyyət yaxşı deyildi. Tağıyevin fabrikində1214 dəzgahdan 278-i işləyirdi.  Neftçilər arasında işsizlərin sayı 30 min, balıq sənayesində 20 min, ipək sahəsində səkkiz min, dağ-mədən sənayesində iki min idi.

Fəhlələr mütəmadi olaraq kollektiv müqavilələr təklif edirdilər. Dəmiryolçular yazırdı:

“Biz işçilər yaxşı bilirik ki, bu vəziyyətə düşməyimizə hakim dairələrin məhvedici siyasəti səbəb olub”.

Bununla əlaqədar, 1920-ci ilin yanvarında daxili işlər naziri həmkarlar ittifaqı və onların komitələrinin polisin icazəsi olmadan yığışmasının qadağan olunması ilə bağlı sərəncam imzaladı.

Ceyhun Hacıbəyli
(1891-1962)

Ceyhun Hacıbəyli 1891-cı il fevralın 3-də, Şuşa şəhərində anadan olub. O, tanınmış azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin qardaşıdır.

Orta təhsilini Şuşada, N.Vəzirovun rus-tatar məktəbində alıb, daha sonra təhsilini Bakıda davam etdirib. Orta təhsilini başa vurduqdan sonra Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub.

Sonradan C.Hacıbəyli Fransaya köçüb və Sorbonno Universitetinə qəbul olunub. Bu müddətdə o, jurnalistika sahəsində fəaliyyət göstərib. Onun məqalələri “Kaspi”, “İrşad” və “Tərəqqi” qəzetlərində çap olunub.

Fəaliyyətinin əsas hissəsini qardaşı ilə birlikdə teatr şirkətini yaratmaq təşkil edib. Onların fəaliyyəti nəticəsində Azərbaycanın ilk operası olan “Leyli və Məcnun” səhnələşdirilib.

1918-ci ildə Bakıdan köçməyə məcbur olub. ADR yarandıqdan sonra o, ictimai xadim olub və tezliklə hökumətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru kimi fəaliyyətə başlayıb.

Cəmiyyət qarşısındakı xidmətləri nəzərə alınaraq, 1919-cu ildə Versal Sülh Konfransına gedən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilib. Bundan sonra Azərbaycana qayıtmayıb.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Parisdə qalıb və burada kifayət qədər aktiv ictimai fəaliyyətlə məşğul olub. 1925-ci ildə Parisdə “Arşın mal alan”ı səhnələşdirib, Vidadinin, Nəbatinin, Qasım bəy Zakirin şeirlərini fransız dilinə tərcümə edib.

Fransada yaşayarkən Hacıbəyli öz məqalələrini bir sıra qəzet və jurnallarda nəşr etdirib, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının yaradılmasında yaxından iştirak edib. 

O, həm də tanınmış ədəbiyyatçı, Azərbaycan tarixinə, dilinə və ədəbiyyatına həsr olunmuş bir çox povestlərin, məqalələrin və hekayələrin müəllifidir. Onun “Hacı Kərimin səhəri” povesti “Kaspi” qəzetində çap olunub.

“Babək və qədim Arran dövləti”, “Qarabağ dialekti və folkloru” və “Bakı və Bərdə şəhərlərinin tarixi” araşdırmalarının müəllifidir. “Qarabağ dialekti və folkloru” araşdırması 1934-cü ildə Parisdə yayımlanan “İki dünyanın jurnalı” nəşrində çap olunub.

Bu jurnalda ədibin daha iki əsəri – “Azərbaycan tarixindən. Abbasqulu Ağa Bakıxanov” və “SSRİ-nin intellektial potensialı” məqalələri yayımlanıb.

Ceyhun Hacıbəyli əsas diqqəti qadınların hüquq bərabərliyi, ictimai həyatda onların rolu və sosial mübarizəyə çəkib.

Ceyhun Hacıbəyli 1962-ci ildə Parisdə vəfat edib və orada dəfn olunub. 1990-cı ildə onun şəxsi arxivi Azərbaycana gətirilib.

Toğrul Maşallı
www.ÇıxışYolu.Com