ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalə sentyabr 1919-cu ildə baş vermiş hadisələrə həsr olunub.
Sentyabrın əvvəllərində rusdilli qəzetlər Bakıda artist Vera Xolodnayanın qətli ilə bağlı məlumat yaydı. Bu, heyrətləndirici xəbər idi. Çünki V.Xolodnaya həmin ilin fevralında Odessada vəfat etmişdi. Buna görə jurnalistlər məsələni araşdırmağa başladılar və məlum oldu ki, Vera Xolodnaya adlı şəxs son bir neçə ayda “kazino” kafesində artist kimi çıxış edirmiş.
Sentyabrda daha bir qətl hadisəsi baş verdi. 1919-cu il sentyabrın 5-də bolşeviklər Levan Qoqoberidze, Mir Fəttah Musəvi və Aşum Əliyev “Yeni işıq” restoranında şam etmək qərarına gəldilər.
Qeyd edilir ki, onlar dostlarını vağzala yola saldıqdan sonra Həştərxana ağ neft dolu qayıq göndərmək məsələsinin müzakirəsi və istirahət üçün restorana gediblər. Gecə yarısı restoranda baş verən atışma zamanı M.F.Musəvi və A.Əliyev öldürüldü, L.Qoqoberidze isə ağır yaralandı.
Hadisənin səbəbi kimi bir neçə versiya göstərildi. Solçu qəzetlər yazırdı ki, onların qatili olan Hacıbəy Seyidbəyov “Müsavat”ın və Denikin dəstəsinin casuslarındandır.
Hadisənin başvermə səbəbləri rəsmi olaraq Bakının polis rəisi Rüstəmbəy Mirzəyev tərəfindən açıqlandı. Onun sözlərinə görə, beş şüşə çaxır içən bolşeviklər gənc xanımla restorana gələn H.Seyidbəyovu ələ salmağa başladılar. Bundan sonra Seyidbəyov üzərindəki tapançadan onların hər üçünə atəş açıb.
Hadisədən sonra Bakının bələdiyyə sədri Q.Qudiyev, R.Mirzəyev və digərləri sürgün edildi. Bolşeviklərin dəfni növbəti gün, sentyabrın 7-də baş tutdu. Həmin vaxt parlamentdə çıxış edən Əliheydər Qarayev müsavatçılara müraciət etdi:
“Bu qurbanlar sizə baha başa gələcək”.
Deputatın bu sözləri kütləvi etirazlara səbəb oldu. Nümayişçilər parlament binası önünə toplaşdılar. Bu hadisələrdən sonra xüsusi xidmət orqanlarının bolşeviklərdən təmizlənməsi prosesi başlandı. Onlar hər yerdə təqibə məruz qalırdılar.
Bu vaxt Zaqafqaziya ölkələri arasında münaqişələrin həlli məsələsində kimin iştirak edəcəyi dəqiqləşdirilməmişdi. Çünki həmin dövrdə münaqişələrin sayı durmadan artırdı.
Sentyabrın sonlarında Gürcüstan hökuməti Ermənistana qarşı iqtisadi blokada elan etdi və gürcülər Azərbaycanla sərhəddəki Mazımçay sərhəd keçid məntəqəsini ələ keçirdilər. Bu da iki ölkə arasında diplomatik böhrana səbəb oldu.
Zəngəzur Azərbaycan və Ermənistan arasında münaqişə səbəbi idi. İngilislər Zaqafqaziyadan çıxmışdılar və yerli problemlərin həllində passiv iştirak edirdilər. Buna görə öz təsirini regionda artırmaq istəyən ABŞ bu məsələlərə qarışmağa qərar Verdi.
Fransa, Böyük Britaniya, İtaliya və ABŞ-ın birgə yaratdığı müttəfiqlərarası baş şura polkovnik U.Xaskeli Ermənistanda baş komissar təyin etdi. Xaskel Zaqafqaziyanın bütün respublikalarının rəhbərləri ilə görüşdü və öz dəstəyini ifadə etdi.
O, Ermənistanda ermənilərə dəstəyini bildirdi, Bakıda isə ermənilərin vəkili olmadığını dedi. Ermənistan nümayəndəsi qeyd edirdi ki, Xaskel gah gürcü, gah türk, gah da erməni tərəfdarı idi. Amerikalılar Naxçıvanda general-qubernatorluq yaratmaq məsələsini müzakirə edirdilər.
Könüllülər Ordusunun mövqeyi anlaşılmaz idi. Belə ki, Denikinin Tiflisdəki səfiri, general A.Baratov deyirdi ki, Moskvanın işğalınadək Könüllülər Ordusu Azərbaycan və Gürcüstana qarşı heç bir hərbi əməliyyat planlaşdırmır.
General A.Denikin Azərbaycan hökumətinə nota göndərdi. Notada Azərbaycan tərəfindən Rusiyanın cənubunun neft və neft məhsulları ilə təminatı, eləcə də, Könüllülər Ordusunun gəmilərinin Xəzər flotiyasında təmir edilməsi tələb olunurdu.
Azərbaycanın hərb naziri S.Mehmandarov hesab edirdi ki, Könüllülər Ordusunun Azərbaycana qarşı arzuolunmaz hərəkətlərinin qarşısını almaq üçün general Denikinin notası qəbul edilməlidir.
Ancaq Azərbaycan hökuməti notaya cavabı gecikdirirdi. Dövlət Müdafiə Komitəsi Könüllülər Ordusundakı xidmətdən yayınan ləzgiləri orduya qəbul etməyə başladılar və ordunun Bakıdan çıxması zamanı şəhəri qorumaq üçün xüsusi birlik yaradıldı.
Bunların fonunda “Müsavat” partiyası hökumətə etimad məsələsini gündəmə gətirdi. Məsələnin müzakirəsi zamanı “Müsavat” bitərəf qaldı, “Əhrar” və “İttihad” partiyası etimadsızlığa səs verdi. Sentyabrın 18-də Yusifbəyli istefaya getdi.
Daxili vəziyyətdə bolşeviklərlə münaqişədən başqa, təhsil sisteminə diqqət durmadan artırdı. Hökumət qeyri-türklərin türk dilini öyrənməsi üçün kursların yaradılması məqsədilə 351 min manat ayırdı.
Milli məktəblər və məktəb proqramlarının dəyişdirilməsi qeyri-müsəlman rus əhali arasında narazılıqlar yaratmışdı. Sentyabrın 11-də Valideyn Dərnəklərinin Mərkəzi Şurasının iclasında nazirliyə müraciət ünvanlandı.
Rusiya tarixinin, Rusiya ilə bağlı bəzi fənlərin və rusdilli məktəblərin ləğvi ilə bağlı narazılıq ifadə edildi (bir müddət öncə, sentyabrın 7-də verilən qərara əsasən, azərbaycanlı uşaqlar yalnız milli siniflərdə təhsil ala bilərdilər) və bu fənlərin tədrisinin Valideyn Dərnəklərinin Mərkəzi Şurası tərəfindən bərpa olunması ilə bağlı vəsatət qaldırıldı.
1919-cu il sentyabrın 12-də bu məsələ mediada müzakirəyə çıxarıldı. Bununla əlaqədar Üzeyir Hacıbəyobun “Daha bəsdir” məqaləsi çap olundu. Məqalədə qeyd edilirdi ki, bu fənlərin tədrisi böyük rus şovinizminin təzahürüdür və Valideyn Dərnəklərinin Mərkəzi Şurası bu cür məsələləri həll edə bilməzlər.
Sentyabrın 22-də proqramın dəyişdirilməsi üçün M.Mahmudbəyovun, M.Şahtaxtinskinin, A.Şaiqin, H.Cavidin və digərlərinin olduğu komissiya iclası keçirildi.
Problem yalnız proqramla deyil, məktəb şəbəkəsi ilə bağlı idi. Belə ki, 1914-cü ildə Azərbaycanda müxtəlif tipli 976 məktəb vardısa, 1919-1920-ci illərdə bu rəqəm 666 idi.
Gimnaziyada təhsil alan 4503 şagirddən 35 faizi rus, 21 faizi yəhudi, 18 faizi erməni, 16,4 faizi isə azərbaycanlı idi. Məktəb şəbəkəsini genişləndirmək üçün sentyabrın 1-də Bakı Texnikumu yaradıldı.
Sentyabr ayında parlamentin fəaliyyəti də təhsil sahəsi ilə sıx əlaqədə idi. Belə ki, sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı qərar qəbul olundu, sentyabrın 18-də məktəb kitabxanaları üçün türk dilində kitabların hazırlanması üçün bir milyon rubl ayrıldı.
Parlament 100 tələbənin yüksək ali təhsil almağa göndərilməsi üçün yeddi milyon rublun ayrılması ilə bağlı qrəar qəbul etdi. Sentyabrın 15-də M.Ə.Rəsulzadə. M.Hacınski, Q.Qarabəyov, B.Cavanşir, A.Pepinovun da olduğu yeni komissiya yaradıldı və ilk iclasını keçirdi.
Mütəxəssislər üçün kvotalar müəyyənləşdirildi: mexanika – 11, kənd təsərrüfatı – 10, təbiyyat – 8, tibb – 8, elektrotexnika – 8, mədən işi – 7, fəlsəfə – 7, hüquq elmi – 6, ekonomika – 5, tarix və filologiya – 5, tikinti – 4, gəmiqayırma – 4, kimya – 3, aqronomiya – 3, politologiya – 3 və aviasiya – 2. Komissiyaya 100 yer üçün 280 müraciət daxil olmuşdu.
Lənkəranda dövlət orqanlarının fəaliyyəti tədricən qaydasına düşürdü. Ən vacib iş yerli sakinlərə yardım edən Himayədarlıq Nazirliyi tərəfindən həyata keçirilirdi.
Sentyabr ərzində nazirlik 3205 nəfərə 1184 pud buğda, 2963 pud arpa, 1600 sakinə yaşayış evləri tikmək üçün materiallar verdi. Bu nazirlik ölkədən kənarda da fəaliyyət göstərirdi.
Belə ki, sentyabrın 1-də nazirlik İrəvanda müsəlmanlar üçün ambulatoriya və uşaq evi açdı, daha sonra bunların idarəsi Amerika Komitəsinə tapşırıldı.
Sentyabrın 27-də parlament dövlət işçilərinin maaşlarının 50 faiz artırılması, eləcə də, aşağı vəzifəli şəxslərə dövlət mənzillərindən istifadə üçün imtiyazların verilməsi ilə bağlı qərarlar qəbul etdi.
Daxili təhlükəsizliyin təmin olunması məsələsində də islahatlar aparılırdı. Polislərin fəaliyyəti ilə bağlı müxəlif şikayətlərdən sonra 1919-cu il sentybarın 16-da Daxili İşlər Nazirliyi yanında Xüsusi İnspeksiya yaradıldı.
İnspeksiya polis personalının fəaliyyətinə nəzarət etməli idi. Eyni zamanda, həmin dövrdə polis əməkdaşlarınının siniflər üzrə bölünmə prosesi başladı. Belə ki, polislərin ümumi sayı 9661-ə çatdırıldı, onlardan 498 qorodovoy 1-ci sinif, 5089 qorodovoy 2-ci sinif, 242 keşikçi 1-ci sinif, 243 keçikçi 2-ci sinifə yerləşdirildi.
Polis əməkdaşlarına üzərində sinfini, xidmət müddətini və rütbəsini göstərən yeni formalar paylandı.
Qurban bayramı ilə yanaşı, sentyabrda Bakının azad olunması günü qeyd edildi. Bakının azad olunmasının ildönümü ilə əlaqədar həmin döyüşlərdə həlak olan türk əsgərlərinə abidə qoyulması təklif olundu.
Aslan bəy Səfikürdski
(1881-1937)
Aslanbəy Ağalar oğlu Səfikürdski 1881-ci ildə Yelizavetpol qəzasının Səfikürd kəndində doğulub. Orta təhsilini Yelizavetpol klassik gimnaziyasında aldıqdan sonra Xarkov Universitetinin hüquq fakültəsinə daxil olub.
1902-ci ildə isə öz isətyi ilə Peterburq Universitetinə keçib. Peterburq həyatı A.Səfikürdskinin bir ziyalı kimi formalaşmasında böyük rol oynayıb. O, burada azərbaycanlı tələbələrin təşkil etdiyi həmyerlilər təşkilatının üzvü olub. Hətta 1903-cü ildə universitetdən xaric olunub və 1904-cü il yanvarın 20-də yenidən təhsilini davam etdirib. 1907-ci ildə universiteti bitirib.
Təhsilini başa vurduqdan sonra – 1907-ci ildə Yelizavetpola qayıdıb. O, əvvəlcə Yelizavetpol, sonra Şuşa məhkəmələrində çalışıb və tezliklə Gəncədə “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən biri, həmçinin “Aktyorlar cəmiyyəti”nin sədri olub.
Səfikürdski Sosialist İnqilabçılar Partiyasının üzvü olub. 1915-ci ildə Peterburq Universitetinin professoru Boduen de Kurtilin sədrliyi altında Kiyevdə ölkənin qeyri-rus millətlərinin qurultayı keçirilib.
Qurultayda Azərbaycandan Qasımbəy Əmircanov və Aslanbəy Səfikürdski nümayəndə kimi iştirak ediblər. Elə məhz ilk dəfə olaraq bu qurultayda “Azərbaycan muxtariyyəti” haqqında məsələ qaldırılıb.
1907-ci il Fevral İnqilabında o, Gəncədə idi. Burada o, yerli Müsəlman Milli Şurasına qoşulub və Gəncə quberniyasının İcraiyyə Komitəsinin üzvü olub. Sosialist-inqilabçı kimi o, Müsəlman Sosialistlər Qrupuna daxil olub.
Aslanbəy Səfikürdski 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzv seçilib. O, burada müsəlman sosialistləri fraksiyasının rəhbəri olub.
Azərbaycan müstəqillik elan etdikdən sonra – 1918-ci ilin dekabrında parlamentin tərkibinə daxil olub. 1918-ci ilin dekabrında teleqraf və poçt naziri kimi Nazirlər Kabinetinin tərkibinə qoşulub. Kabinetin növbəti çağırışında ədliyyə və əmək naziri təyin edilib.
O, dəfələrlə fəhlələrin tətil etmək hüququ uğrunda çıxış edib, eləcə də, sahibkarlarla işçilər arasında əlaqə qurmağa çalışıb. Aslanbəyov Azərbaycan bolşevikləri ilə aparılan danışıqlarda iştirak edib və hökumətin kommunistlərə verilməsinə razılıq verib.
1922-ci ildə sosialist-inqilabçı kimi həbs edilib və üç il müddətinə azadlıqdan məhrum olunub.
O, 1937-ci il oktyabrın 15-də Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat edib.
Toğrul Maşallı
www.ÇıxışYolu.Com