ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalədə dövlət teatrının və universitetin yaradılması kimi tarixi əhəmiyyətli hadisələr işıqlandırılır.
Teatr sezonu başlandıqdan sonra ölkənin mədəni ictimaiyyəti qarşısında yerli teatrın yaradılması ilə bağlı məsələ dayanırdı. Yerli teatr truppalarının dəstəklənməsi üçün hökumətə müraciət olunması qərara alındı.
Müraciətlər və təqdim olunan layihələrdən sonra Maarif Nazirliyi tərəfindən 1919-cu il noyabrın 17-də türk opera-dram təşkilatının yaradılması ilə bağlı hesabat hazırlandı. Nazirlər Şurası dövlət türk opera-dram teatrının yaradılması ilə bağlı qanun layihəsini təsdiq etdi.
Dövlət teatrının rekonstruksiyası üçün 300605 rubl ayrıldı. Bakı teatrları qarşısında zalların doldurulması və tamaşaçının cəlb olunması ilə bağlı problem yarandı.
Hələ 1917-ci ildən teatr biletlərinə vergi tətbiq olunurdu. Bu, biletlərin qiymətlərinin yüksək olmasına gətirib-çıxarırdı. Müraciətdən sonra isə hökumət parlamentə bu verginin iki dəfə azaldılması ilə bağlı qanun layihəsi təqdim etdi. Həmin qanun layihəsi heç bir etiraz doğurmadı.
“Hümmət” təşkilatının nümayəndəsi Saniyev hesab edirdi ki, bütün məktəb və ya xəstəxanaların açılışı parlament tərəfindən təşkil olunmalıdır. Parlament ancaq noyabrda Göyçay realnı məktəbinin və Şuşa pulsuz xəstəxanasının açılması məsələsini təsdiq etmişdi. O, bu məsələnin nazirliyə tapşırılmasını təklif etdi.
Noyabrda parlament Maliyyə Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsini müzakirəyə çıxardı. Artıq bir neçə ay idi ki, parlamentarilər növbəti ilin dövlət büdcəsi layihəsini tələb edirdilər. İndi isə Maliyyə Nazirliyi 600 milyon rublun əlavə buraxılışı ilə bağlı parlamentə layihə təqdim etdi. Ancaq müxalif deputatlar nazirliyin bu layihəsinə sərt şəkildə etiraz edirdilər. Onlar bundan öncə nazirliyin 464 milyon rubl əlavə buraxılışı həyata keçirdiyini bildirdi. Rəsulzadənin rəhbərlik etdiyi hakim partiya nazirliyi və layihəni dəstəklədi.
Valyuta ilə bağlı problemlər bitmək bilmirdi. Qadağan olunmasına baxmayaraq, ölkədə kerenki, nikolayevki və digər valyutalardan istifadə olunurdu. Noyabrın 8-də növbəti dəfə açıqlandı ki, ölkədə yalnız hökumət, Bakı şəhər Bələdiyyəsi, Şəhər Təsərrüfatı Şurası və Zaqafqaziya komissarlığı tərəfindən hazırlanmış banknotlar qəbul olunur.
Bu, infilyasiyanın sabitləşməsinə kömək etmədi. Əgər oktyabrda 1 funt 525 rubla bərabər idisə, noyabrda bu rəqəm 730-a çatdı.
İqtisadi sahədə işlər qeyri-stabil olaraq qalmaqda idi. Buna səbəb neftin satılmaması, sahibkarların bu sahədən gəlir əldə etməməsi və hökumətin məcburi olaraq sahibkarlığa dəstək verməsi idi. İxrac və idxalda vəziyyət yaxşı deyildi.
Əvvəlcə, çap məhsullarının gətirilməsinə tətbiq olunan rüsum ləğv edildi, sonra pambıq və yunın ixracına qoyulan rüsum azaldıldı.
Məlum oldu ki, ölkədə buğda və una tələbata baxmayaraq, bu məhsullar daha çox ixrac olunur. Hökumət bu məhsulların ixracını qadağan etdi.
Maraqlıdır ki, valyuta, yerli pul çatışmazlıqlarına və digər problemlərə baxmayaraq, deputatlar özlərini də unutmurdular. Deputatların əməkhaqlarının günlük 300 rubla kimi çatdırılması qərara alındı. Nazirlər Kabinetinin üzvləri dəmir yollarından özü, ailəsi və ev əşyaları gətirmək üçün pulsuz istifadə edə bilərdi.
Noyabrın 15-də ölkədə təntənəli hadisə baş verdi. Bu gün Bakı Dövlət Universitetində ilk mühazirələr baş tutdu. Mühaziələrdə kənar şəxslər, o cümlədən deputatlar çıxış edirdi. Universitetdəki tələbələrin sayı 1094 idi. Onlar arasında 366 yəhudi, 297 müsəlman, 209 rus və 181 erməni var idi. Bunlarla yanaşı, uşaq bağçalarının müdirlərini hazırlamaq üçün kurslar açılmışdı.
Gəncədə donuz qripi epidemiyası tüğyan edirdi və hökumət bu xəstəliklə mübarizə üçün 100 min rubl ayırdı. Himayədarlıq Nazirliyi hökumətin əsas orqanlarından birinə çevrildi. Bu nazirliyin qarşısına təkcə xəstəliklər, ölümlər və digər problemlərin deyil, qaçqınların sayının tənzimlənməsi məsələsinin həlli də qoyulmuşdu.
Noyabrda Himayədarlıq Nazirliyi qaçqınların vətənlərinə qaytarılmasına qərar verdi. Nazirlik onların yol və digər xərclərini üzərinə götürdü. Erməni və Rus Milli Komitələrinin rəyinə əsasən, beş min erməni və 2500 rus vətənlərinə qaytarıldı. Dörd min müsəlman və digər millətlərdən olan min nəfər də eyni aqibətlə üzləşdi.
Pulsuz gedişdən başqa, bu qaçqınlara əlavə pul da verilirdi. Nazirlik Ermənikənddə yerləşdirilən 700 qaçqına pulsuz çörək verilməsi ilə bağlı qərar qəbul etmişdi. 1919-cu ilin noyabrından 1920-ci ilin yanvarın 1-dək nazirlik 526195 rubl xərcləmişdi.
Ədliyyə sahəsində hər şey asanlaşırdı. Noyabrın 15-də “Qanunların və dövlət sifarişlərinin toplusu” nəşr etdirildi.
Xarici siyasətdə də qeyri-müəyyən hadisələr baş verirdi.
Dağıstanda Dağlılar Respublikasının qalıqlarına dəstək vermək üçün Azərbaycanda olan Nuru paşa buraya ezam olundu. Bəzi məlumatlara görə, ona bolşeviklərin Dağıstana yaxınlaşması halında bu bölgəni Azərbaycana birləşdirilməsi tapşırılmışdı.
İlk vaxtlar türk ordusunun polkovniki Rüfət bəy və cəbhə təchizat rəisi, polkovnik Heydər bəy Nuru paşaya xidmət edirdi. Onlar Dağıstanda quru, Çeçenistanda isə süvari diviziyaları formalaşdırmağa başladı.
Nuru paşanın gəlməsindən bir gün sonra Dağıstanın Milli Müdafiə Şurası səfərbərlik haqqında qərar qəbul etdi. Həmin vaxtlar Denikinin Könüllülər Ordusunda vəziyyət stabillikdən uzaq idi. Onlar tədricən mövqelərini və qüvvələrini itirməyə başlamışdılar. Faktiki olaraq Denikinin ordusu Cənub və Cənub-şərq cəbhələrində məğlub olmuşdular.
Müsbət xəbərlər də gəlirdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycan və İran Azərbaycanın müstəqilliyinin tanınması, iki ölkə arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı saziş imzaladı.
Ermənistanla əlaqələr də hüquqi məcraya daxil olurdu. Noyabrın 18-19-da Naxçıvan qəzasında müsəlmanların yaşadığı Oxçu kəndinin sakinləri ilə ermənilərin Panıs və Kürdikənd camaatı arasında münaqişə baş verdi. Münaqişə qanla başa çatdı. Tərəflər bir-birilərinə nota verdilər. Ancaq nəticədə, noyabrın 23-də ABŞ və İngiltərənin vasitəçiliyi ilə hər iki ölkə rəhbərləri dekabrda Ermənistan-Azərbaycan konfransı keçirməyə qərar verdilər və beş maddədən ibarət razılaşma imzaladılar.
Ölkənin siyasi həyatında partiyalar getdikcə fəallaşırdı. “İttihad” partiyasının ölkədə geniş nüfuz qazanmışdı. İndi isə müsəlman sosialist inqilabçılarının “Xalqçı” partiyası formalaşdırıldı. Ona Aslan bəy Səfikürdski rəhbərlik edirdi.
Sol sosialist inqilabçı müsəlmanlar tam olaraq bolşeviklərə birləşdilər. Onlar ya “Hümmət”in tərkibinə, ya da ki RKP Bakı təşkilatına daxil oldular. Hərbi tikintilər də davam edirdi. Birinci növbədə, bir müddət öncə İtaliyaya ezam olunmuş İ.Yusifova ordu üçün silah və avadanlıq almaq icazəsi verildi.
Noyabrın 9-da Hərb Nazirliyi tərəfindən bütün qoşunların yerləşməsi və quruluşu müəyyən edildi. Digər tərəfdən, çağırışla bağlı bir çox problemlər var idi. Bu səbəbdən Mehmandarov orduya könüllülərin qəbul olunması ilə bağlı qərar qəbul etdi.
İbrahim Əbilov
(1881-1923)
İbrahim Məhərrəm oğlu Əbilov 1881-ci ildə Navçıvan qəzasının Ordubad şəhərində anadan olub. 1892-ci ildə Məhəmməd Tağı Sidqi tərəfindən açılmış “Əxtar” məktəbinə daxil olub və ilk təhsilini burada alıb. Ancaq atasının ölümündən sonra məktəbi buraxmalı olub və ailəni saxlamaq üçün işləməyə başlayıb.
1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik edib. İnqilabi hərəkata qoşulub, ilk Azərbaycan sosial-demokrat təşkilatı “Hümmət”in (menşevik) üzvü kimi fəaliyyət göstərib. Burada Nəriman Nərimanovla yaxından tanış olub.
1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub. 1908-ci ildə Cənubi Qafqazda və Cənubi Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan “İctimaiyyun-Amiyyun” (azərbaycanca “Mücahid”) sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilib.
1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan “Bakı həyatı” qəzetində redaktor vəzifəsində işləyib. Bu müddətdə məktəbi yarıda qoyduğu üçün təhsillə özü məşğul olmağa məcbur olub və heyrətamiz uğurlar qazanıb.
O, inqilabi fəaliyyəti dövründə dəfələrlə həbs olunub, 1913-cü ildə Həştərxana sürgün olunub. O, ancaq Fevral inqilabından sonra Qafqaza qayıda bilib. Tiflisə gəlib və burada menşevik “Hümmət” təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərib.
Bu vaxtlar o, mütəmadi şəkildə Bakı və Həştərxanda olub. Ancaq sonralar Tiflisdə məskunlaşıb. 1918-ci ildə Zaqafqaziya Seyminə daxil olub və müsəlman fraksiyasının iclaslarında iştirak edib.
1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilib və onun sosialist fraksiyasına başçılıq edib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin işğalı altına düşdükdən sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunub.
Şərq xalqlarının Bakıda çağırılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilib. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak edib.
1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-nin, sonra isə ZSFSR-nin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olub. O, həmin ilin oktyabrın 11-də Ankaraya gedib. Etimadnaməsini oktyabrın 22-də təqdim edib.
Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynayıb. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılıb. Noyabrın 18-də səfirlik faktiki fəaliyyətinə başlayıb.
İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Türkiyə Respublikasının banisi və ilk prezidenti olan Mustafa Kamal Atatürklə Əbilov arasında dostluq münasibətləri olub.
Əbilov Azərbaycan hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyyə verib, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak edib.
İbrahim Əbilov 1923-cü ildə fevralın 23-də Türkiyənin İzmir şəhərində vəfat edib, Bakıda dəfn olunub.
Toğrul Maşallı
www.ÇıxışYolu.Com