ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalə avqust 1919-cu ildə baş vermiş hadisələrə həsr olunub.
1919-cu ilin avqustu Azərbaycan üçün əlamətdar oldu: əcnəbi qoşunların son hissəsi ölkə ərazisini tamamilə tərk etdi. Belə ki, ingilislər mayda bəyan etdikləri kimi, avqustda Zaqafqaziyadan çıxdı.
Düzdür, bu, yaxşı nəticələr vəd etmirdi. Buna misal olaraq, Britaniya Baş Qərargah rəisinin 1919-cu il 19 avqust sərəncamına əsasən, dövlət bankına məxsus Bakı şöbəsinin bir hissəsi Bakıdan Batuma köçürüldü. Onlar buna qədər ölkədə maliyyə məsələlərinə Britaniya komandanlığı tərəfindən baxılmasından istifadə etdilər.
Məlumatlara görə, komandanlıq 1918-ci ilin dekabrından 1919-cu ilin avqustunadək ölkədən 13,5 milyon rubl dəyərində 500 min ton neft çıxarmışdı.
Bakı ticarət limanı və Xəzər hərbi flotiyası da ingilislərin nəzarətində idi. Bu işdə onlar anlaşılmaz balans yaradırdılar: Bakı ticarət limanı Azərbaycan hökumətinə, Xəzər hərbi flotiyası isə Denikinin Könüllülər Ordusuna verildi.
Sonuncu addım Azərbaycan hökumətinin kəskin etirazına səbəb oldu. Hökumətin notasında qeyd edilirdi:
“Xəzər hərbi flotiyasının Denikinin ordusuna verilməsi Azərbaycanın müstəqilliyi və bütövlüyü üçün təhlükədir. Bunun əhalidə həyəcan doğurması təbiidir”.
Notaya cavab olaraq ingilislər açıqladılar ki, Xəzər hərbi flotiyasına məxsus olan əmlaklardan yalnız gəmilər Denikinə verilir (silah-sursat, hərbi radiostansiyalar yerli idarəetmə orqanlarına verildi).
Britaniyalı komandirlər 1919-cu il avqustun 4-də Azərbaycan və Gürcüstan sərhədində üçüncü dəfə demarkasiya xətti qurdu. Yusifbəylinin Q.N.Korna göndərdiyi məktubda deyilirdi:
“General Denikin və Zaqafqaziya respublikaları arasında qəbul edilmiş qərara əsasən, Dağıstan Könüllülər Ordusunun tabeliyinə keçdi”.
Bundan sonra Denikin bir müddət Cənubi Qafqazda hərbi əməliyyatları dayandırdı. Denikin general N.Baratova göndərdiyi məktubunda yazırdı:
“Cənubi Qafqazın Rusiyanın tərkib hissəsi kimi qəbul olunmasına baxmayaraq, hələlik yerli hakimiyyətə dözmək olar”.
İngilislər Azərbaycan və İran arasında münasibətlərin normallaşmasına kömək edirdilər. 1919-cu il avqustun 19-da İranla İngiltərə arasında müqavilə bağlandıqdan sonra İran Azərbaycan üzərində ərazi iddialarından imtina etdi.
Əhməd Mirzə Pəhləvi dünya turuna Bakıdan başladı. Bakıda onu hökumət nümayəndəsi Yusifbəyli və xarici işlər nazirinin müavini Ziyadxanov qarşıladı.
İngilislər Azərbaycanı tərk etməzdən əvvəl general Şatelvort Bakı sakinlərinə vida çağırışı ilə müraciət etdi:
“Bakını tərk edən Britaniya ordusunun adından Azərbaycan xalqından, xüsusən də Bakı şəhərindən üzr istəyirəm. Təəssüf edirik ki, dostlarımızla sağollaşırıq və onlara sülh və xoşbəxtlik arzu edirik. Britaniya ordusu Azərbaycandan yaxşı xatirələrlə ayrılır”.
Ölkədən çıxması ilə əlaqədar Yusifbəyli general Korn və digər yüksək rütbəlilərin şərəfinə “Metropol” hotelində nahar verdi. Nahar zamanı çıxış edən Korn bildirdi ki, Azərbaycan hökumətinin, xüsusən də Xarici İşlər Nazirliyinin belə çətin keçid dövründəki fəaliyyəti onu heyrətləndirir.
İngilislər ölkəni tərk etdikdən sonra Dövlət Bankının yaradılması və daxili iqtisadi vəziyyəti həll etmək ehtiyacı yarandı. 1919-cu il avqustun 18-də parlamentdə Dövlət bankının yaradılması qanun layihəsi müzakirəyə çıxarıldı və avqustun 28-də üçüncü oxunuşdan qəbul olundu. Dövlət bankının əsas məqsədi pul dövriyyəsinin sadələşdirilməsi, daxili ticarətə yardım və pul sisteminin birləşdirilməsi idi.
Bankın əsas kapitalı 500 milyon rubl idi. Banka pul nişanlarının buraxılmasında müstəsna hüquqlar verildi.
Daxili siyasətlə bağklı hökumət qarşısında duran əsas məsələlərdən biri də aqrar islahatlar idi. Zaqafqaziya hökumətinin islahatları həyata keçirməkdən imtina etməsindən sonra aqrar münasibətləri həll etmək zərurəti ortaya çıxdı.
Hələ yayın əvvəlində Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi təsis edildi. Avqustun sonunda həmin şöbə parlament komissiyası ilə birlikdə “Azərbaycan respublikasının əhalisinin torpaq təminatı haqqında” və “Xüsusi meşə mülkiyyətinin dövlət mülkiyyətinə çevrilməsinə dair” qanun layihələri hazırladı.
Qanun layihələrinin əsas tezisləri bunlar idi:
1. Respublika daxilində bütün torpaqlar dövlət mülkiyyətləri sayılır;
2. Bütün torpaqlar təmənnasız olaraq dövlətin əlinə keçir;
3. Torpaqların müəyyən hissəsi növbəti torpaq normalarına qədər əvvəlki sahiblərində qalır. Qalan torpaqlar isə dövlət torpaq fondunun tərkibinə keçirilir.
Regionlarla əlaqələrdə bəzi stabilliklər müşahidə edilirdi. Xüsusilə, baş nazir Yusifbəylinin və hərb naziri Mehmandarovun ölkənin regionlarına səfərindən sonra bölgə sakinləri Azərbaycan hökumətinin hakimiyyətini tanıdı.
Digər regionların erməniləri də eyni qərarı qəbul etdilər. İngilislərin vasitəçiliyilə Lənkəran məsələsi həll olundu. Burada yerli ruslar bolşeviklərin getməsindən sonra təslim olmaqdan imtina etmişdilər. Nəticədə, avqustun 13-də onlar silahı yerə qoydu və Azərbaycan ordusu şəhərə daxil oldu.
Zəngəzur və Naxçıvan qeyri-müəyyən bölgə olaraq qalırdı. İngilislərin müvəqqəti qərarı ilə bu regionlar hələ də Ermənistanın nəzarəti altında idi. Sülh konfransı zamanı Azərbaycan nümayəndə heyəti Naxçıvan, Surmalinsk, Şərur-Dərələyəz qəzaları ilə bağlı nota təqdim etdi.
Hökumət fəhlələrlə qarşılıqlı münasibətlər qurmağa cəhd edirdi. Fəhlələr arasında azərbaycanlıların sayı getdikcə artırdı və onların öz təşkilatları yaradılırdı. Problemləri həll etmək üçün X.Müzəffərovun rəhbərliyi ilə birlik yaradıldı.
Fəhlələr və işçilərlə yanaşı, müəllimlər arasında da xüsusi birliklər yaradılırdı. Belə ki, avqustun 7-də “Türk müəllimləri birliyi”nin ilk iclası keçirildi. Birliyə Bakı, Şamaxı, Göyçay, Quba, Lənkəran və Cavad qəzalarının müəllimləri cəlb edilmişdi.
Avqustun 20-də isə türk müəllimlərin ilk qurultayı keçirildi. Qurultayı birliyin sədri Ağabəy İsrafilbəyov açdı. Həmçinin, S.M.Qənizadə, M.Ə.Rəsulzadə, A.D.Pepinov və digərləri çıxış etdi.
Avqustun 23-də birlik “Azərbaycan müəllimlərinin birliyi” adlandırıldı. Əlifba, dərslik və proqramlar üçün xüsusi komissiyalar yaradıldı. Avqustun 27-də qurultay latın əlifbasına dəstəyini bəyan etdi.
Nazirlik təhsil sistemində islahatları davam etdirirdi. Belə ki, 1919-cu il avqustun 13-də rus ədəbiyyatı və coğrafiyası fənni ləğv edildi. Rusiya tarixi və ədəbiyyatı indi Ümumi tarix, coğrafiya və ədəbiyyat kurslarında tədris olunurdu.
Avqustun 9-da iki ayrı pedaqoji kurs yaradıldı. Avqustun 30-da isə böyüklər üçün türk dilində gecə kursları təşkil olunmağa başlandı. Təhsilin kütləviləşməyə başlaması ingilis qoşunları tərəfindən tutulmuş məktəb binalarının azad olunmasına səbəb oldu.
Parlament avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. 1918-ci mayın 28-dək ölkə ərazisində yaşayanlar Azərbaycan vətəndaşları oldular. Bu tarixdən sonra ölkə ərazinə köçənlər isə üç aylıq dövrü keçməli idilər.
Əcnəbilər də vətəndaşlıq ala bilərdilər. Bunun üçün onlar and içməli idilər:
“Mən (ad və soyadı), Azərbaycan Respublikasının vətəndaşı kimi Allah və öz vicdanım qarşısında Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, Azərbaycan vətəndaşı kimi bütün öhdliklərimi yerinə yetirəcəyimə, Azərbaycan Respublikasının maraqları üçün hər şeyi edəcəyimə söz verirəm və and içirəm. Bütün andlarıma sadiq qalmağım üçün Allah yardımçım olsun”.
And içməyən insanlar haqqında istisnalar da vardı. Onlar “and içirəm” sözü olmadan təntənəli vəd verməli idilər.
Hərbi əməkdaşlıq məsələsində inkişaflar nəzərə çarpırdı. Belə ki, hərbi pilotlar səfərdən geri döndükdən sonra avqustun 19-da leytenant Teymur xan Əfşar Azərbaycan ordusunun Baş Qərargahı nəzdində hərbi heyətin rəhbəri vəzifəsinə təyin olundu.
Bu dövrdə 1918-ci il hadisələri ilə bağlı istintaq başa çatmaq üzrə idi. Şamaxı hadisələrində ittiham olunan Martiros Gülbandyants, Mixail Arzumanov və Enak İvanyants avqustun 18-də həbs edildilər.
Bakı Erməni Milli Şurası Azərbaycan hökumətinə xüsusi məktub göndərərək, tutulanların azad olunmasını istədilər. Həmin hadisələrdə adı çəkilən Stefan Lalayev də Bakıda həbs edildi. Həbs edilənlər arasında ermənilərlə yanaşı, bolşeviklər də vardı.
Belə ki, “Azərbaycan” qəzeti avqustun əvvəlində “Həştərxan bolşevikləri”nin tutulduğunu yazırdı: Həmid Sultanov, Dadaş Bünyadzadə və İsrafilbəyov. Tutulanlar Balaxanı-Sabunçu polis bölməsinə aparıldılar. Onların həbsdən narazı qalması nəticəsində polis bölməsinin bəzi əməkdaşları kobud davranış səbəbindən istintaqa cəlb edildi.
Bəzi bolşevik qəzetləri qapadılırdı. Avqustun əvvəlində N.Nərimanovun və Yusifbəylinin açıq məktubu bir neçə qəzetdə yayımlandı və avqustun ortasında “Bakı Fəhlə Partiyası”nın bolşevik orqanı bağlandı. Ancaq bolşevik Q.Q.Anciyevskinin həbsi hökumətin reputasiyasına daha çox zərbə endirdi. O, avqustun 17-də Bakıda ingilis polisləri tərəfindən kreyserə rus zabiti formasında daxil olmaq istəyərkən saxlanıldı.
O, bolşeviklərin olduğu Pyatiqorsk məhkəməsinə göndərildi. Burada onu ölüm hökmü gözləyirdi. Adətən, Azərbaycan hökuməti tutulan bolşevikləri ya Gürcüstana, ya Dağıstana göndərir, ya da ingilislərə verirdilər. Ancaq bu dəfə ingilislər Daxili İşlər Nazirliyinin razılığı ilə Q.Q.Anciyevskini Denikinin dəstələrinə verdilər.
Onlar isə 1919-cu il avqustun 31-də onu edam etdilər. Bu, sonralar sol partiyalar və təşkilatlar tərəfindən hökumətin sərt tənqid olunmasına səbəb oldu.
Yeri gəlmişkən, həbsxanalarda da vəziyyət ürəkaçan deyildi. Avqustun əvvəlində Bakı həbsxanasının 90 məhbusu 12 günlük aclıq elan etdi. Hökumət həbsxanaları Ədliyyə Nazirliyinin tərkibinə keçirrməyə və burada yoxlamalar aparmağa məcbur oldu.
Bu ay iqtisadi sahədə tədbirlərlə yadda qaldı. Avqustun 24-də bütün ölkədə alkoqollu məhsulların, avqustun 27-də bütün məhsulların azad satışına icazə verildi. Artıq idxal üçün icazə lazım olmurdu. Malların ixracı isə yalnız Ticarət və Sənaye Nazirliyinin icazəsi ilə aparılırdı.
Həmin gün pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında qərar qəbul olundu.
Parlament ayın sonlarında Bakı Dövlət Universiteti haqqında qanun layihəsini müzakirəyə çıxardı. Bu layihəyə qarşı yalnız “Əhrar” partiyası çıxış edirdi.
Firudin bəy Köçərli
(1863-1920)
Firudin bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlib.
M.K.Münşidzadənin rus-müsəlman məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasına daxil olub. O, seminariyanın ilk məzunlarından biri olub. F.Köçərli həmin seminariyada 1879-1885-ci illərdə təhsil alıb.
1885-ci ildə qısa müddət İrəvan Gimnaziyasında dərs deyib. Burada olarkən İrəvan Müsəlman Teatrını təşkil edib və 1886-cı ildə M.F.Axundovun pyesini səhnələşdirib. Yaratdığı teatr truppası onun gedişindən sonra da fəaliyyətini davam etdirib.
Firudin bəy Köçərli 1895-ci ildə Qori Müəllimlər Seminariyasına işə düzəlir.
O, Azərbaycan ədəbiyyatının sistemləşdirilməsi və Azərbaycan dilinin standartlaşdırılması haqqında məsələ qaldıran, eləcə də, bu istiqamətdə işə başlayan ilk azərbaycanlı alim olub.
1895-ci ildə Köçərli ilk məqaləsini çapa verib – “Tatar komediyaları”. 1904-cu ildə isə “Bizim ədəbiyyat haqqında məktub” nəşr olunub.
1903-cü ildə onun ilk elmi əsəri olan “Azərbaycan tatar ədəbiyyatı” yayımlanıb. Əsərdə 130 azərbaycanlı şair və yazıçının işləri tənqid olunur. Ömrünün sonlarına yaxın “Mirzə Fətəli Axundov” və “Balalara hədiyyə” əsərlərini yazıb.
Köçərli bir çox rus və Avropa dillərində olan əsərləri Azərbaycan dilinə tərcümə edib. Onun ən böyük əsəri “Azərbaycan ədəbiyyat tarixi haqqında materiallar” ölümündən sonra – 1925-ci çap olunub. Bu, Azərbaycan ədəbiyyatı tarixçiliyi baxımından ilk fundamental əsərdir.
1917-ci ildən o, aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. O, Qazax qəzasında Müsəlman Milli Şurasının üzvlərindən biri olub. Azərbaycan Milli Şurasının iclaslarında iştirak edib və müstəqilliyin lehinə səs verib.
Azərbaycan müstəqil olduqdan sonra o, Qori Müəllimlər Seminariyası üzərində qurduğu Qazax Müəllimlər Seminariyasının direktoru olub. Qazaxdakı fəaliyyəti ilə əlaqədar deputatlıqdan imtina edib. Onun rəhbərliyi ilə bir çox pedaqoji kadrlar hazırlanıb.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə bağlı başlanan siyasi və ictimai çaxnaşma zamanı Köçərli Gəncədə həbs edilib. Məlumatlara görə, o, iyunun 4-də Gəncədə güllələnib.
Toğrul Maşallı
www.ÇıxışYolu.Com