ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalədə 1919-cu ilin mart ayı öz əksini tapıb.
1919-cu il martı ölümlərlə başladı. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının fəal üzvü Mir Hidayət Seyidovun qəfil vəfatı xəbəri yayıldı.
O, Komitənin İrəvanın Ermənistana verilməsinin əleyhinə səs verən yeganə üzvü idi. Bir qədər sonra, martın 4-də, səhər saat 10:20-də məşhur milyonçu Ağa Musa Nağıyev vəfat etdi və demək olar ki, bütün qəzetlərin üz qabığı bu hadisəyə həsr olunmuşdu.
Həmin günün axşamı Tiflisdə Əliqulu Qəmküsar evə qayıdarkən menşeviklər tərəfindən öldürüldü. Rəsmi fərziyyəyə əsasən, milisioner onu “cani hesab edib və güllələyib”.
Əliqulu Qəmküsar “Molla Nəsrəddin” jurnalının, eləcə də, Azərbaycan qəzetlərinin ən nəhəng müəlliflərindən biri idi. O, nəinki Azərbaycan, həmçinin Gürcüstan hökumətinin müxalifətinin tərkibində idi.
Səhəri gün, martın 5-də M.Maqomayevin “Şah İsmayıl” operasına iki gün qalmış, ölkənin məşhur artisti və operanın rejissoru Hüseyn Ərəblinski Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının şərəfinə təşkil olunmuş əyləncə gecəsindən qayıtdıqdan sonra evində qətlə yetirildi.
Onun öldürülməsi xəbəri ildırım sürətilə bütün şəhərə yayıldı. Onu öz dayısı oğlu öldürmüşdü və nəticədə Bakıdan qaçdı. Bir neçə gün sonra onun dəfn mərasimi keçirildi.
Xalq onun dəfnində iştirak etdi. O vaxtlar aktyorların birmənalı qarşılanmamasına baxmayaraq, minlərlə insan Ərəblinskini son mənzilə yola salmağa gəldi.
Teatrın direktoru xəbər verirdi ki, son vaxtlar Azərbaycan teatrına güclü zərbələr vurulub, son mövsümdə gənc və perspektivli aktyorlar – Hacı Hacinski və Cahangir Zeynalov vəfat edib.
Dəfn mərasimində Üzeyir Hacıbəyov, Sidqi Ruhulla və digər dahi xadimlər iştirak etdilər. Ərəblinskinin vəfatından sonra “Otello” tamaşası, demək olar ki, mövsümün sonuna kimi səhnələşdirilmədi.
İncəsənətə vurulan güclü zərbələrə baxmayaraq, ölkədə bu sahə tədricən bərpa edilirdi. Hökumət qarşısında yeni dövlət teatrının yaradılması məsələsi dururdu və bunun üçün Mailovun teatr binası müsadirə olunmuşdu.
Martın 21-də, Novruz bayramında əlifbanın yenidən qaydaya salınması məsələsi üzrə xüsusi komissiyanın təşkil edilməsi qərarı qəbul edildi.
Maarifləndirmə işində müəyyən nailiyyətlər əldə olunmuşdu. Belə ki, Müəllimlər İttifaqı və Valideynlər Şurası İttifaqı kifayət qədər aktiv fəaliyyət göstərirdilər. Savad kursları hətta yeməkxanalarda da təşkil olunurdu. Nəzərə alsaq ki, müəllimlər pis təmin edilirdilər, Novruz bayramı ərəfəsində onlara küncüt toxumu, konserva, xardal və başqa sovqatlar verilmişdi.
Bakıda yerli əhali və ingilislər arasında münasibət getdikcə pisləşirdi. Daxili İşlər Nazirliyi hər gün ingilislərin şəhərdə davranışlarına görə şikayət qəbul edirdi, bu şikayətlərin birində üç nəfər vətəndaş şikayət edirdi ki, “teatrda, sirkdə və kinematoqrafiyada ingilislər birinci sırada oturaraq butulkadan şərab içirlər, siqaret çəkirlər, fit çalırlar, qışqırırlar”.
Şikayətin müəllifləri sual verirdilər ki, “Mədəni xalq məgər budur?” Demək olar ki, eyni hesabatı Bakıdan olan Deniskinin kəşfiyyatçıları da verirdilər. Onlar ingilis ordusunda qanun-qaydanın pozulduğunu və buna görə ingilis əsgərlərinin sayının azaldığını, onların evlərinə göndərildiyini xəbər verirdilər.
Ölkədə Prjevalskinin və Erdelinin getməsindən sonra Denikinin casus şəbəkəsini aşkar etməyə başladılar. Beləcə, hərbi nazir S.Mehmandarov X.Xasməmmədova xəbər verirdi ki, Gəncədə vətəndaş Smıslıova saxlanılıb, o, Könüllülər Ordusuna və erməni hökumətinə casusluq etməkdə ittiham edilir. Onun köməyilə Bakıda yaşayan dörd nəfərdən ibarət bütöv bir dəstə ifşa edilmişdi.
Hər hansı bir casusluq fəaliyyətinin qarşısını almaq məqsədilə, 28 mart 1919-cu ildə S.Mehmandarov Baş Qərargahın Baş idarəsinin strukturunda “kəşfiyyat və əks-kəşfiyyat” bölməsi yaratdı. Göstərilən strukturun öhdəliyini S.Mehmandarov belə təsvir edirdi:
“Nəzərə alsaq ki, bolşevizmlə mübarizə ümumxalq işidir, hərbi təşkilatlar onlarla tək mübarizə apara bilmirlər, hərbi əks-kəşfiyyatın əsas öhdəliyi – ölkə daxilində hərbi casuslarla mübarizədir”.
Hökumət və ingilislər arasındakı münaqişə tək Bakıda deyil, həmçinin İstanbulda da müşahidə edilirdi. Belə ki, qəzetlər İstanbulda ingilislər tərəfindən Paris Sülh Konfransının azərbaycanlı heyətinin üzvü Əhməd bəy Ağayevin həbs olunduğunu xəbər verirdi.
Qəzetlər onun məhkəmədə öz müdafiəsi üçün söylədiyi nitqi dərc edirdilər.
Yeri gəlmişkən, martın 16-da Bakıda ölkədə sakitliyin və stabilliyin təmin edilməsi yolunda böyük ümidlər doğuran, Məhkəmə Palatasının təntənəli açılış mərasimi keçirildi. Onun işləri kifayət qədər çox idi.
Belə ki, hələ fevralın sonunda hökumət başçısı F.X.Xoyski parlamentə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün onu tutduğu vəzifədən azad edilməsi üçün məktub göndərdi. Parlament razılaşdı, lakin yeni namizədlər aşkar edilənə kimi onu vəzifəsində saxladılar. Artıq martın 3-də, bir sıra qəzalarda buğdanın bölgüsünün aparılması işində rüşvətxorluq hallarını araşdırmalı olan Təftiş-İstintaq Komissiyasının tərkibi müəyyən edildi.
O dövrün ən varlı şəxslərindən olan Şəmsi Əsədullayevin oğlu – Mirzə Əsədullayevin başçılıq etdiyi Ticarət və Sənaye Nazirliyinin əməkdaşları onların hədəfinə çevrildilər. Nəticədə, F.Xoyskinin bütün hökuməti tənqid atəşinə tutuldu. Buna görə martın əvvəllərində parlamenti sədr müavini H.Ağayev tərəfindən maarif naziri N.Yusifbəyliyə öz hökumətini formalaşdırmaq tapşırıldı.
15 nəfərdən ibarət olan yeni hökumətdə səkkiz yer “Müsavat və partiyasızlar” fraksiyasına, iki yer sosialistlərə (poçt və teleqraf naziri, ədliyyə və əmək naziri), “Əhrar” partiyasına iki yer (əkinçilik naziri, maarif naziri və dini inanclar naziri), iki yer ermənilərə (səhiyyə naziri və portfelsiz nazir) və bir yer Slavyan-Rus cəmiyyətinə (sosial himayə naziri) aid idi.
Martın sonuna və yeni hökumətin deklarasiyasının elan edilməsinə kimi (bu aprelin ortalarında baş verdi), keçmiş hökumət öz fəaliyyətini davam etdirirdi.
Yeri gəlmişkən, qalmaqallara baxmayaraq, ticarət naziri maliyyə naziri ilə birgə bəzi məsələləri həll edirdi. Ölkədə Azərbaycan Dövlət Teleqraf Agentliyi, Azərbaycan Dövlət Bankı təşkil edilmişdi.
Yeni hökumət əsl daxili böhranla üzləşmək təhlükəsi qarşısında idi. Qazax qəzasından olan məmurlar martın 4-də xəbər verirdilər ki, Qatır Məmməd öz ətrafına silahlı insanları yığır və nəyəsə hazırlaşır, digərləri bildirirdilər ki, N.Nərimanov və orduya çağırış əleyhinə “Hümmət” təşviqatı ordu yığılmasına mənfi təsir göstərəcək.
Neft sənayesi işçilərinin maaşı gecikdirilirdi. Ertəsi gün İşçi Konfransının nümayəndələri və ingilis komandanlığının təcili danışıqları baş tutdu. Sonuncular – hansı ki, ödənişləri maliyyələşdirməli idilər – xəbər verdilər ki, onlar bunu ona görə edə bilmirlər ki, Azərbaycan hökuməti heç cür bonlar buraxmır.
Deputatlar qarşısında çıxış edən nazirlər xəbər verirdilər ki, buna görə ingilislər günahkardır. Maaşların ləngiməsi işçilərin ümumxalq tətili haqqında söhbətləri daha da qızışdırdı. Xüsusən, Bakıya tədricən bolşeviklər geri qayıtmağa başladılar.
Martın əvvəlində A.Mikoyan, Suren Şaumyan (tezliklə o hökumət tərəfindən həbs edildi və ölkədən xaric olundu), O.Şatunovskaya, L.Qoqoberidze və bir çoxları geri qayıtdı.
Tədricən azərbaycanlı kommunistlər meydana çıxmağa və hümmətçi deputatları A.Qarayevi, S.Ağamalovu və digərlərini öz fəaliyyətləri üçün (DİN-nin hesabatlarında xəbər verilirdi) istifadə etməyə başladılar.
İşçilər tətil etmək üçün hətta əmək naziri Səfikürdskidən dəstək alırdılar. O çıxış edərək bildirdi ki, işçilər tətil etmək hüququna malikdirlər, onlar öz narazılıqlarında haqlıdırlar. Lakin hələ işçi konfransı tətilə dair razılığa gələ bilmirdi, mart ərzində cəmi iki – martın 20 və 31-də ümumxalq tətili baş tutdu.
Hər ikisi matəm hadisəsinə, birincisi 26 Bakı komissarının həlak olmalarının yarım illiyinə, ikincisi isə 1918-ci ilin mart hadisələrinə aid edildi.
Tətillərdə şəhərdə yalnız çörəkxanalar, apteklər və digər mühüm müəssisələr işini davam etdirirdi. 1918-ci ilin mart hadisələri rəsmi matəm elan edilmişdi.
1918-ci ilin mart ayındakı matəmlə yanaşı, bayram günləri də var idi – bu 12 mart 1919-cu il tarixi idi. Bu gün Fevral inqilabının ikinci ildönümü bayram edilirdi, hətta parlament də o günü azad edilirdi.
Parlamenti buraxmaq onu bir yerə yığmaqdan asan idi. Belə ki, mart ayında altı iclas baş tutmuşdu, onların ikisində yetərsay olmamışdı, biri bayram gününə təsadüf etmişdi, cəmi üçü sona kimi keçirilmişdi.
Yetərsayı təmin etmən üçün M.Ə.Rəsulzadə qəzetdə elan verməklə yanaşı, bütün deputatların iclasa gəlməsi üçün dəvətnamə göndərilməsini təklif etdi. Gəlməməyin səbəbini göstərmək və imzalamaq öhdəliyini tətbiq etdikdən sonra, deputatlar imzalamağa və iclasın yarısından getməyə başladılar, nəticədə, martın 20-də sosialistlər iclasları dayandırmağı tələb etdilər, spiker isə heç kimin getməməsi üçün qapıların bağlanmasını tələb etdi.
Parlamentdə yetərsay üçün mübarizə aparılarkən, Azərbaycan cəmiyyəti Dağlılar Respublikasının müstəqilliyinin müdafiəsi üçün mitinqlər təşkil edirdi. Təzəpirdə baş tutan mitinqlərin birində iştirakçılar ingilis komandanlığından Dağlılar Respublikasının ərazisindən Rusiyanın Cənub Hərbi Qüvvələrinin təcili çıxarılmasını tələb edirdilər.
Dağlılar parlamentində Denikinin bu haqda dedikləri kimi, “Dağıstanın xüsusiyyətlərinin və dininin müdafiəsi naminə Azərbaycanla siyasi birləşməsi” mövzusu geniş müzakirə edilirdi.
Azərbaycan hələ Dağıstanla birləşməyə tələsmirdi və martın 28-də Temirxan Şurada ölkənin diplomatik nümayəndəliyi açıldı.
Mart hadisələrinin ildönümünü nəzərə alaraq, ölkənin əsas qəzetlərində bir əvvəl baş vermiş hadisələr ətrafında əsl müzakirələr başladı. X.İbrahim, Ü.Hacıbəyov və bir çoxları bu hadisələrə münasibətlərini paylaşdılar. Müxalifət partiyaları “İttihad”, “Yeniçağ” və digərləri bu hadisələrdə o vaxtlar rəhbərlik edən Müsəlman Milli Şurasını və “Müsavat” partiyasını günahlandırırdılar.
“Azərbaycan” qəzeti bu hadisələrdə bolşevikləri günahlandırırdılar. Ü.Hacıbəyov yazırdı ki, rus inqilabından sonra sadəcə qarovulçular dəyişdirilib, “əvvəllər qarovulçu rus çarlığı idi, indi rus bolşevizmidir”.
Maraqlıdır ki, ermənilərin o faciədə iştirakına, həmçinin notalara (1919-cu ilin martında ermənilər yüzlərlə qız və qadını əsir apardılar) baxmayaraq, hökumət martın 31-də erməni dəmir yollarına malların azad buraxılması üçün hər ay beş min pud neft verilməsi haqqında qərar qəbul etdi.
Qəribədir ki, (ermənilərin hələ də Araz-Türk Respublikasının tərəfini tutan müttəfiqlərinə şikayətlərinə baxmayaraq) hökumətlər xüsusi nümayəndə heyətinin göndərildiyi Cənub-Qərbi Azərbaycan (Naxçıvan və Zəngəzur qəzaları) məsələsində tədricən razılığa gəlirdilər.
Mir Hidayət Seyidov
(1883-1919)
Mir Hidayət Seyidov Yelizavetpolda din xadimi, molla Mir Adilin ailəsində dünyaya gəlib. Onun babası Ordubadda kifayət qədər məşhur adam olub. Orta təhsilini Yelizavetpol gimnaziyasında alıb və 1904-cü ildə oranı bitirib.
1906-cı ildə Kazan Universitetinin tibb fakültəsinə daxil olub, sonra isə hüquq fakültəsinə köçürülüb. Orada eserlərə qoşulub, buna görə də 1907-ci ildə universitetdən xaric edilib. Həmin il eserlərin döyüş təşkilatına üzv olmaqda ittiham olunaraq həbs edilib.
Eserlərin yerli döyüş təşkilatı qısa zamanda üç qubernatoru öldürməklə məşhur idi. Seyidovun fəaliyyəti barədə dəqiq məlumatlar yox idi, buna görə də atasının çox sayda müraciəti nəticəsində azad edildi. Sonradan təhsilini tamamladı.
Azərbaycana qayıtdıqdan sonra İrəvan quberniyasında və Naxçıvan qəzasında müxtəlif strukturlarda çalışıb. 1917-ci il Fevral inqilabından sonra “Müsavat” partiyasına daxil olub. Müxtəlif təşkilatların fəal üzvü olub (bir müddət İrəvan və Naxçıvan Şuralarının sədri olur) və 1917-ci ilin sonunda Təsisçilər Yığıncağına üzv seçilib.
Bundan sonra, 1918-ci ilin əvvəlində dəfələrlə və fəal olaraq Zaqafqaziya Seyminin iclaslarında çıxış edib. Xüsusən İrəvan quberniyasında baş verən hadisələrin müzakirəsində iştirak edib. Həmin quberniyanın nümayəndəsi kimi, o, regiona tərəflərin barışması üçün yönəldilən bütün nümayəndə heyətlərinin tərkibinə daxil olub.
Seyidov Müsəlman fraksiyasının və Azərbaycan Milli Şurasının iclaslarında fəal iştirak edib, sədrin II müavini seçilib. O, Azərbaycanın müstəqilliyinin elan edilməsində iştirak edib.
Şuranın İrəvanın Ermənistana verilməsi məsələsinin həll olunduğu növbəti iclasında, o, digər irəvanlı deputatlarla birlikdə öz etirazını bildirib. Sonra səsvermə zamanı verilmənin əleyhinə səs verən yeganə insan olub. Buna baxmayaraq, o, İrəvan quberniyasına göndərilən müvafiq nümayəndə heyətinin tərkibinə daxil olub.
Nəticədə o, quberniyada qalır və doğma Ordubada geri dönüb. Orada Ordubad Milli Müdafiə Şurasının sədri vəzifəsini tuturğb və daşnaklara qarşı döyüşlərdə iştirak edib.
Mir Hidayət Seyidov 1919-cu ilin fevralında ağır xəstəlikdən vəfat edib.
Toğrul Maşallı
owww.ÇıxışYolu.Com