ADR-100: Rus qoşunlarının Bakını tərk etməsi

ADR-100: Rus qoşunlarının Bakını tərk etməsi

Baxış sayı: 2. 682 dəfə baxılıb.

ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalə ADR-in 1918-ci il fevral ayına həsr olunub.

1919-cu ilin fevral ayı daxili hadisələrlə yadda qaldı. Xarici əlaqələrdə vəziyyət az-çox sabitləşirdi, buna görə bütün diqqət daxili hadisələrə yönəlmişdi. Dövlət müəssisələrində korrupsiya və hələ də Bakı limanında dayanan rus qoşunları barədə məsələ qaldırılmışdı.

Parlament tədricən hakimiyyəti öz əlinə alırdı. Fevralda parlamentin yeddi iclası keçirilir, bunlardan biri yetərsay olmadığı üçün ləğv edilir.

Ümumilikdə, yetərsay hələ də parlamentin ən vacib problemlərindən biri olaraq qalırdı, ya deputatlar qətiyyən iştirak etmirdilər, ya da vaxtından əvvəl gedirdilər.

Beləcə, mühüm məsələlərin müzakirəsi yarımçıq qalırdı. Bəziləri 2-4 həftəlik məzuniyyətə çıxırdılar. Buna baxmayaraq, iclaslarda kimin parlamentdə və vəzifədə qalması haqqında məsələlər həll olunurdu. Qanuna görə, deputat nazir müavini və ya digər orqanın işçisi ola bilməzdi, ən yaxşı halda nazir ola bilərdi.

Beləcə, F.Köçərlinski və T.Makinski dərhal öz işlərinin xeyrinə deputatlıqdan imtina etdilər, A.Zizikski, B.Vəzirov, A.Qabulzadə və digər deputatlar öz əlavə vəzifələrindən imtina etdilər.

Buna baxmayaraq, hələ yeddi deputat – M.Y.Cəfərov, Q.Şaxtaxtınski və digərləri öz qərarlarını açıqlamamışdı.

Onlardan bir çoxunun parlamentdən xaric olunması barədə qərar qəbul edilmişdi və iclasların birində Rəsulzadə və partiyasız fraksiyaların nümayəndələri arasında, boş yerlərin kimlər tərəfindən tutulması barədə mübahisələr yaranırdı.

Sonrakı iki iclasda parlament  məmurluq sistemində və Tağıyev fabrikininin məhsullarının satışı sahəsindəki korrupsiyanı müzakirə etdi.

Beləcə, “İttihad” fraksiyasının başçısı Q.Qarabəyov xəbər verdi ki, Qazaxda bütün yoldan keçənlərdən məlum olmayan vergi yığılır, buna cavab olaraq, daxili işlər naziri X.Xasməmmədov bildirdi ki, onlar neftdən tutulan 20 rubl məbləğində vergini ləğv ediblər, ancaq buna baxmayaraq, Qubada, Göyçayda və Gəncədə bu məsələ hələ də qalır.

Onun sözlərinə görə, bu, onunla bağlı idi ki, türklər vaxtında bütün əhalidən ərzaq yığırdılar, ancaq bu barədə yerli hökumətə xəbər vermirdilər.

İndi isə DİN-nin orada nə qədər ərzaq olduğunu, nə qədərinin talan olunduğunu bilmir.

Onun “hər məsələyə görə nazirliyə müraciət etməyə ehtiyac yoxdur” sözləri Ağamalov və Qənizadə tərəfindən tənqid olundu.

Dəmiryolu işçilərinin maaşları qaldırıldı. Yollar naziri X. Məlik-Aslanovun sözlərinə görə, yararlı parovozların sayını 40%-dən 60%-dək, vaqonları isə 4%-dən 20%-dək artırmağa müvəffəq olublar. Bunun ardınca biletlərin qiyməti artırıldı.

Fevralın 25-də keçirilən iclasda parlamentin erməni fraksiyası bəyanatla çıxış etdi. Bəyanatda deyilirdi:

“Nəinki türk, həmçinin Azərbaycanın hüdudlarından kənardakı xalqların rifahı üçün səmimi işləmək arzusundan ruhlanaraq, parlamentə daxil oluruq. Respublikanın daxilində və ondan kənarda hər bir assimilyator, imperialist və qəsbkar təşəbbüslərə qarşı mübarizə aparacağıq”.

Həmçinin bəyanatda qeyd olunurdu ki, Ermənistanın və Azərbaycanın eyni vaxtda iddia etdiyi mübahisəli Qarabağ məsələsi sülh yolu ilə tamamilə həll oluna bilər.

Məsələ ilə bağlı M.Ə.Rəsulzadə qeyd edirdi:

“Bu, mübahisəli məsələ deyil, artıq həll olunub”.

Parlamentdəki dil məsələsinə gəldikdə, ilk iclasdan qərara alınmışdı ki, Azərbaycan dili (türk) aparıcı olacaq. Amma istisnalar da az deyildi. Belə ki, fevral ayında F.Xoyski və A.Ziyadxanov XİN-nin adından çıxış edərək, dili kifayət qədər bilmədikləri üçün üzr istəyirdilər. 

Rus fraksiyası daima tərcümə tələb edirdi, milli azlıqlar isə həmişə rus dilində çıxış edirdilər. Fevral ayında keçirilən son iclasda hərbi nazir Mehmandarov hesabatla çıxış edərək, dili kifayət qədər yaxşı bilmədiyi üçün üzr istəyir və rus dilində çıxış edir.

Qəribədir ki, parlamentin sədri hərdən rus dilində çıxış edirdi, bu isə stenoqramlarda öz əksini tapırdı. Lakin hökumət türk dilinin işlənmə arealının genişlənməsi üçün addımlar atırdı. Belə ki, fevralın 3-də türk şriftinin alınması üçün 200 min rubl ayrılmışdı, fevralın 7-də isə süvari qoşunun Nizamnaməsinin tərcümə edilməsinə qərar verildi.

Ölkədə iqtisadi problemlər çoxalırdı. Buna görə hökumət Ermənistan və Gürcüstanla pul vahidinin nizama salınması məsələsinin həlli, həmçinin türk lirəsi ilə mübadilə kursları üçün addımlar atırdı. Hətta fevralın 2-də “türk lirəsinin dövlət xəzinədarlığında mübadiləsinin ləğv edilməsi” qət edildi.

Oğurluq və sui-istifadə problemi ciddi hal almışdı. Fevralın 7-də Fövqəladə İstintaq Komissiyası müxtəlif müəssisələrdə sui-istifadə hallarının araşdırılması işi haqqında layihənin işlənib-hazırlanmasına başladı.

Ağır iqtisadi vəziyyətlə əlaqədar olaraq, fevralın 12-də 20 milyonluq fond yaradılması, bu və ya digər təcili məsələlərin maliyyələşdirilməsinə vəsaitlərin yönəldilməsinə qərar verildi.

Dağlılar Respublikası ilə əlaqələrin genişləndirilməsi davam edirdi, belə ki, onlar 10 milyon məbləğində iki illik faizsiz borc verdilər.

Maraqlıdır ki, Bakı Başqırdıstan hökumətinin nümayəndəsi Şərif Manatovun Paris Sülh Konfransında iştirakını maliyyələşdirmişdi. Ümumilikdə, Paris Sülh Komfransının nümayəndə heyətinin tərkibində bir çox Bakı sakini var idi. Məsələn, Bakı sakinləri general Baqratuni və Papacanyan erməni nümayəndə heyətinə daxil edilmişdi. Digər tərəfdən, bir müddət əvvəl təsis edilmiş Azərbaycanın Ermənistanda səfirinin köməyilə, Ermənistanda yaşayan azərbaycanlılara hər cür yardım həyata keçirilirdi. Bu yolla onlara 20 min pud buğda, 10 milyon pud kerosin, 1,2 milyon rubl göndərilmişdi.

Beynəlxalq münaqişələr nəinki Ermənistanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılara görə yaranırdı. Belə ki, fevralın 28-də hökumət “Gürcüstan hökuməti qarşısında Axalsıx mahalında müstəqil yaşayan müsəlmanlara qarşı silahlı təsirə etiraz edilməsi” haqqında qərar qəbul etdi.

Gürcüstanda yaşayan azərbaycanlılar dedikdə, qeyd etmək lazımdır ki, fevralın 14-də ölkədə parlament seçkiləri başlandı. Azərbaycanlıların namizədliyi iki partiyadan irəli sürülürdü. Lakin parlamentə cəmi bir deputat seçildi və bu da ilk qadın deputat Pəri xanım Sofiyeva idi.

Diplomatik əlaqələr genişlənirdi. Ukrayna Demokratik Respublikasının nümayəndəsi Bakıya gəldi.

Tiflisdəki İsveçrə Milli Şurası öz hökumətlərinə Bakıya nümayəndə təyin etməsi üçün müraciət etdi.

Hökumətə aqressiv yanaşan Rus Milli Şurası fevralın 9-da xəbər verirdi:

“Azərbaycan hökuməti millətləri barışdırmaq təşəbbüsünü həyata keçirir”.

Könüllülər Ordusu ilə problemlər daha çox nəzərə çarpırdı. Ordunun nümayəndəsi general Prjevalski Bakıda qoşun yığmağa başladı, general Erdeli isə Muğanlı qoşununun Şimali Qafqaza göndərilməsi imkanlarını öyrənmək üçün Bakıya gəldi.

Onların vəziyyəti nəinki yerli hökumətdə təlaş yaratmışdı, həmçinin Bakıda digər silahlı qüvvələrə dözmək niyyətində olmayan ingilis komandanlığında da təşvişə səbəb olmuşdu. Erdeli öz gündəliyində yazırdı ki, Tomsonla donanmanı müzakirə edirdi.

“Qərar verdim, lakin uğursuz oldu, ingilislərin tələsinə düşdüm, özümü alicənab apardım, onlar isə dələduzluq etdilər və mən nəticədə axmaq vəziyyətinə düşdüm”.

Erdeli və Tomson arasındakı müzakirələrin nəticəsi o oldu ki, fevralın 16-da bütün rus hərbi hissələri Bakıdan qovuldu, donanma tərk-silah edildi və Erdeli Bakıda tək qaldı. Bir neçə gündən sonra o, Bakıdan getməyə məcbur oldu, fevralın 28-də isə ingilislər gəmilərin komanda heyətinə sahilə məzuniyyətə çıxmaq şəraiti yaratdı və bundan istifadə edərək bütün gəmiləri zəbt etdilər.

Bu, Mehmandarova ordunun qurulması üçün yaxşı imkanlar verdi. Axı sahildə xeyli işsiz rus zabiti qalmışdı. Mehmandarov parlamentdə ordunun strukturunun təsdiq edilməsinə, hərbi mükəlləfiyyət üzrə xidmət etmək haqqında türk qanununun ləğv edilməsinə (köhnə rus qanununu geri qaytardılar), spirtli içkilərdən sui-istifadə edən zabitlərin işdən çıxarılmasına, başqa millətlərdən olan zabitlərin türk dilində verilən komandaları öyrənməsinə, Milli Şuranın orduda fəaliyyətinin dayandırılmasına, alay intizam məhkəməsinin tətbiq edilməsinə müvəffəq olmuşdu.

Eyni vaxtda ordu böyük itki verdi. 1918-ci ildən bəri, demək olar ki, bütün hadisələrin iştirakçısı, general-mayor Süleyman Əfəndiyev Ağdamda epidemiyanın ən geniş yayılmış vaxtında səpmə yatalaqdan vəfat etdi. Bakıda epidemiya olmasa da, sanitar vəziyyət ağır olaraq qalırdı.

Buna görə ingilis komandanlığı vəziyyətin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görürdülər. Bu tədbirlərdən biri nəzarəti ingilis polis komissarına və Sanitar Büroya verilməklə, 1919-cu il fevralın 27-də ictimai evlərin fəaliyyətini yeniləmək idi.

Təhsil sahəsində Azərbaycanda tədricən özünütəşkil prosesi başlamışdı. Fevralın 17-də Bakıda Müsəlman Zəhmətkeş Ziyalılar Birliyinin ilk iclası keçirildi, məqsəd ölkədə maariflənmənin inkişafı idi. Müəllimlər müxtəlif təşkilatlarda, məsələn, Dövlət Qulluqçuları Birliyində iştirak edirdilər. Onlar çox şeyə nail ola bilmişdilər.

Bakı şəhər İdarəçiliyi musiqi məktəblərini vergidən azad etmişdi, Zaqatala mahalında, Cavanşir və Zəngəzur qəzalarında kilsə-prixod məktəblərinin dövlət tərəfindən maliyyələşdirilməsi qərarı verilmişdi və Novruz bayramı münasibətilə müəllimlərə əlavə müavinət ödənmişdi.

Ermənistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, ərazi məsələləri xüsusilə kəskin idi. Xarici İşlər nazirinin müavini A.Ziyadxanov dəfələrlə Ermənistan hökumətinə notalar göndərmişdi. Qarşıdurmalar davam edirdi.

Məsələn, 1919-cu il fevralın 28-də “rotmistr Silikovun erməni dəstəsi müsəlman kəndlərinə gəldi, hər kənddən 750 pud buğda və 100 pud yonca tələb etdi. Əhali bu tələbi çox hesab etdi və xahiş etdi ki, miqdarın çox olmaması üçün biyar yığılsın.

Bu zaman Silikov qamçı ilə kəndliləri döyməyə və söyməyə başlayır, hətta Zot kəndinin sakini Məci Süleyman oğlunu öldürür, qalan zabitlər isə daha üç müsəlmanı yaralayır. Təlaşlanmış xalq hücum edərək, dörd zabiti və 15 əsgəri qətlə yetirir.

Tərəflər Birlik Komandanlığına şikayət ərizəsi göndərir, lakin qarşı tərəf problemin həlli üçün reaksiya vermir.

Xudadat bəy Məlik-Aslanov
(1879-1935)

Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Tuğ Şuşinski qəzasının kəndində, Dizah mahalının naibi, nəslin qurucusu, Məlik-Aslanın nəvəsi Ağabəyin ailəsində anadan olub. Orta təhsilini Şuşa Realnı Məktəbində alıb.

ADR-100: Rus qoşunlarının Bakını tərk etməsi

1899-cu ildə onu bitirərək Peterburq Rabitə Yolları Mühəndisləri İnstitutuna daxil olur, 1904-cü ildə oranı bitirir. O, bu institutda Mehmandarov, Ləmbəranski, Əzizbəyov, Vəzirov, həmçinin Şimali Qafqazın nümayəndələri Terequlov və M.Dahadayevlə birgə təhsil alıb.

Bu şəxsiyyətlər Azərbaycanın və Şimali Qafqazın tarixində mühüm rol oynayıblar. Dostlarının təsirilə o, Rusiya Sosial Demokrat İşçi Partiyasına (RSDİP) daxil olub, lakin 1904-cü ildə partiyadan çıxıb və “partiyasız” kimi fəaliyyətini davam etdirib.

İnstitutu bitirdikdən sonra bir müddət Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryollarının Araşdırılması İdarəsində mühəndis işləyib. 1905-ci ildə Tiflisə köçüb və Zaqafqaziya Dəmiryolları İdarəsində çalışıb, orada o, ikinci yolların, mülki binaların, Çiatura manqan mədəninə dar dəmiryollarının tikintisinə rəhbərlik edir. İşini və elmi fəaliyyətini uğurla birləşdirərək, Peterburq jurnallarında dəmiryollarının texniki inkişaf perspektivləri və problemləri haqqında dörd məqalə dərc edib.

1917-ci ildə Fevral inqilabından sonra Zaqafqaziya dəmir yolunda müvəqqəti hökumətin nümayəndəsi təyin edilib, bir neçə aydan sonra isə Zaqafqaziya Komissarlığının dəmir yolu nəqliyyatı nazirinin işlər üzrə komissarı təsdiq olunub.

Bir müddət sonar – artıq 1918-ci ilin aprel ayında o, Zaqafqaziya Respublikasının yollar naziri olur. Həmin il o, Tiflis dəmiryolları nəqliyyatının tarixi haqqında kitab dərc etdirir.

Azərbaycanın müstəqilliyinin elan olunmasından sonra, o, ölkə hökumətinin tərkibinə daxil olub və oktyabrın 6-na kimi yollar naziri vəzifəsini icra edir.

Dekabrın 26-da yenidən yollar naziri təyin edilir və 1920-ci ilin aprel ayına kimi bu vəzifədə qalır.

O, parlamentin üzvü idi və orada dəmir yolu nəqliyyatı işçilərinin hüquqlarını müdafiə edirdi. Fəaliyyət dövrü ərzində Xudadat bəy Məlik-Aslanov bir sıra yolların və şoselərin tikilməsinə, Bakı və digər məntəqələr arasında dəmiryolu rabitəsinin bərpa edilməsinə nəzarəti həyata keçirə bilib.

O, ilk hesabatında qeyd edirdi ki, üç ay ərzində, işçilərin səyi nəticəsində yararlı vaqonları 4%-dən 20%-dək artırmağa müvəffəq olublar.

1919-cu il iyunun 11-də o, Dövlət Müdafiə Komitəsinin ilk müavini təyin edilib. Onun iştirakı ilə Bakıda dəmir yolları üzrə ixtisaslı kadrların hazırlanması üçün məktəb açılıb. Bununla yanaşı, o, Azərbaycan dilinin latın qrafikasına keçirilməsi layihəsinin hazırlanması üzrə komissiyaya daxil olub.

Sovet hökumətinin gəlişindən sonra, o, Bakıda qalır. 1921-ci ildə Azərbaycan Politexnik İnstitutunun professoru olur, həmçinin mühəndis-tikinti fakültəsində dekan vəzifəsində çalışır və nəqliyyat fakültəsini idarə edir.

Eyni vaxtda Azərbaycan Dövlət İnşaat Komitəsinin sədri təyin edilir. Onun bu vəzifədə işləyərkən həyata keçirdiyi layihələrdən biri Hökumət Evinin layihəsi idi.

Dövlət planında olan komitələrin ləğv edilməsi və bütün təsərrüfat orqanlarının birləşdirilməsindən sonra, onu Respublika Dövlət Planının rabitə və nəqliyyat şöbəsinin sədri, bir il sonra isə respublikanın Xalq Təsərrüfatı Ali Şurasının Dəmiryolları İdarəsinə sədr vəzifəsinə təyin edirlər. O, həm Azərbaycanın, həm də Zaqafqaziya Mərkəzi İcra Komitəsinin üzvü idi.

Bununla yanaşı, elmi fəaliyyətini davam etdirir. 1925-ci ildə o, Xalq Maarifləndirmə Komissarlığının Dövlət Alim Şurasının elmi-texniki bölməsinin üzvü, iki ildən sonra Azərbaycanın Ali İqtisadi Şurasının tərkibində Ali Arbitraj Komissiyasının üzvü olur. 1928-ci ildə Məlik-Aslanov respublikanın Ali texniki komitəsinin sədr müavini təyin edilir.

Xudadat bəy Məlik-Aslanovun rəhbərliyi altında Culfa-Bakı dəmir yolunun və Sabunçu elektrik dəmir yolunun tikintisinə hazırlıq görülür. Bəzi məlumatlara görə, hələ 1929-cu ildə o, Bakıda yeraltı dəmir yolunun tikilməsi zərurəti məsələsini qaldırır.

1930-cu ildə ona yenicə yaradılmış Azərbaycan Neft İnstitutunda nəqliyyat fakültəsinə rəhbərlik etmək həvalə edilir. Lakin həmin il o, 1918-1920-ci illərdə bir çox xadimin də həbs edildiyi, “Azərbaycan Milli Mərkəzi” işi üzrə həbs olunur.

1933-cü ildə guya M.Bağırovun əmri ilə azad edilir. Məlik-Aslanov dərhal Azərbaycan Nəqliyyat və İnşaat İnstitutunda işə cəlb edilir. Lakin 1934-cü ilin avqust ayında o, “cəzasını axıra kimi çəkmədiyi üçün” yenidən həb olunur.

30-cu illərin sonundan fərqli olaraq, bu vaxt hələ kitab göndərmək mümkün idi. 1935-ci ildə yazılmış məktubların birində o, bacısı oğlu Xosrova yazır: ”Xosrov! Mənə növbəti kitablar lazımdır: 1. Mənzil tikintisi üzrə elmi-araşdırma institutu. Tikinti işlərinin istehsalının təşkil edilməsinin layihələndirilməsi üzrə texniki şərtlər”. 2. “Lokomotivlərin yoluna təsirin araşdırılması (EAİ-yolu 13-ci toplusu). Transjildostroy”.

Bəzi məlumatlara görə, 1935-ci ildə oğulluğu Xosrovun (o, bacısının oğlu idi, amma X.Məlik-Aslanov onu övladlığa götürmüşdü) Bağırova zəngindən iki gün sonra, iyul ayında X.Məlik-Aslanov Bayıl türməsində vaxtsız vəfat edir. Cənazə ailəsinə verilmir və Çəmbərəkənd qəbiristanlığında ümumi qəbirdə basdırılır. Məlik-Aslanov 1959-cu ildə bəraət alır.

Toğrul Maşallı
www.ÇıxışYolu.Com