ADR–100: Siyasi çəkişmələr və türklərin Abşerona gəlişi

ADR–100: Siyasi çəkişmələr və türklərin Abşerona gəlişi

Baxış sayı: 6. 361 dəfə baxılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə start verdiyimiz “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdiririk. 

ÇıxışYolu.Com layihənin beşinci məqaləsi olan, Azərbaycan Respublikasının sələfinin avqust 1918 dönəmini ehtiva edən növbəti yazını təqdim edir:

Avqustun 1-dən Bakıda rəsmi olaraq “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin müvəqqəti diktaturası” adlandırılan yeni hökumət öz işinə başladı.

Həm sovet, həm də azərbaycan tarixçiləri onu qısaca “diktatura” adlandırır. Bu, anlaşılandır, belə ki, hakimiyyətdə olduğu 1,5 aydan az müddət ərzində Bakıda hökumətin tərkibi dəfələrlə dəyişdi.

Bununla belə, onun müəyyən təməli var idi. İlk hökumətin tərkibində “Sentrokaspi”dən beş nəfər – Peçyonkin, Tyuşkov, Buşev, Lemleyn və Yeramkov (özlərini eser hesab edirdilər) və Bakı İcraiyyə Komitəsindən altı nəfər – Arakelyan, Melik-Yolçyan (“Daşnaksütun”), Umanski, Velunts (eserlər), Ayollo və Sadovski (menşevik) təmsil olunurdu.

Bakıya Sadovski rəhbərlik edirdi. Biçeraxov qoşunların baş komandanı təyin olunmuşdu. Ona həmin dönəmlərdə bir qədər fərqli tapşırıqlar –Dərbəndin və bütün Dağıstanın zəbt olunması həvalə olunmuşdu. 

O, bu vəzifəni qəbul etsə də, həmin müddət ərzində Bakıya gəlmək ona qismət olmadı. 

Biçeraxov Bakıda olmasa belə, bəzi göstərişlər verdi. Belə ki, təyinatdan dərhal sonra qardaşı Q.Biçexarova (həmin vaxt Terek yaxınlığındakı ərazilərə başçılıq edirdi) məktub yazaraq, Bakıda hakimiyyətin qorunması üçün üç minlik kazak birləşmələrinə ehtiyac olduğunu bildirdi.

Kazakların əvəzinə Bakıya bir milyondan çox tüfəng patronu, 1500 mərmi və bir milyon rubl göndərildi. Kazaklar isə gəlib-çıxmadı. Diktatura Ənzəlidə britaniyalılarla danışıqlara başladı, onlar ingilislərin ən qısa zamanda Bakıya gəlməsini istəyirdi.

Bu arada, Bakı bolşevikləri təxliyyə olunma haqqında qərar qəbul etdi. Avqustun 1-də ilk cəhddən baş tutmasa da, artıq avqustun 14-də, günün ikinci yarısında göyərtəsində hərbi şəxsi heyət və texnika yüklənən 17 paroxod bir-birinin ardınca Bakı buxtasını tərk etməyə başladı.

Növbəti gün onlar Çilov adasında dayandılar. Burada onları “Sentrokaspi”nin kanonerləri qarşılayaraq, geri dönmələrini tələb etdi. Bolşeviklər razılaşmaq istəmirdi, ancaq açılan atəşdən sonra geri qayıtmağa məcbur oldular. 17 paroxoddan yalnız biri Həştərxan istiqamətində üzməyə macal tapdı.

Avqustun 18-də “Sentrokaspi” Diktaturası Bakı Soveti komissarlarının xərclərin sərf olunması ilə bağlı hesabat vermədən qaçmaq cəhdlərinə, dövlətə xəyanətə və digər əməllərə görə (həqiqətən, onlarda 50-60 milyon rubl aşkarlanmışdı) vəzifədən kənarlaşdırılması haqqında fərman verdi.

Bütün Qızıl Ordu üzvləri tərksilah edilərək Həştərxana göndərildi, komissarlar və onların əhatəsində olan insanlar zindana atıldı. Bundan istifadə edən diktatura bolşeviklərin diskreditasiyası ilə bağlı işlərə başladı.

Rəsmi məlumatlara görə, milliləşdirmədən iki ay sonra Bakıdan 547 min tona yaxın neft çıxarıldı. Bununla yanaşı, Diktaturanın nümayəndələri taxıl təchizatı ilə bağlı araşdırma apardı və məlum oldu ki, Muğana taxılı gətirmək məqsədilə göndərilən heyət şübhə doğurduğundan oradan külli miqdarda taxılı çıxara bilməyiblər.

Şaumyan özü bu insanlar haqqında “hər cür cır-cındır” sözlərini işlədirdi.

Dağıstan limanlarında Bakı üçün nəzərdə tutulmuş taxıl çürüyüb gedirdi. Belə ki, Bakı gəmiləri başlıca olaraq Ənzəli-Bakı arasında spekulyasiya ilə, ya da Bakı neftinin Həştərxana çatdırılması ilə məşğul idi. Bununla yanaşı, gündəlik olaraq bülletenlərdə həbs zamanı Şaumyan və digər rəhbərlərdən müsadirə olunmuş müxtəlif sənədlər dərc olunurdu.

Bu arada, ADR ordusu böyüməkdə idi, hərbçilərin sayı artırdı.

Bakı yaxınlığında Dağıstan və Ləzgi diviziyaları yaradıldı. Qafqaz İslam Ordusuna Bakının kəndlərindən qoşulan qoçuların da sayı az deyildi. Ancaq problemlər kifayət qədər çox idi. Avqustun 1-də Q.Səlimov Nuru Paşaya yazırdı:

“…bundan sonra Bakı istiqamətində irəliləməyə davam edəcəyəm. Dəstə susuz qalıb. Bəzi döyüşçülər halsız vəziyyətə düşüb. Bir daha sizdən dəstənin dərhal su ilə təmin olunmasına göstəriş verməyinizi xahiş edirəm….”

Belə problemlər tədricən öz həllini tapırdı və qoşunlar irəliləməyə davam edirdi. Artıq avqustun əvvəlində Şükrü Paşanın başçılıq etdiyi dəstələr Qubaya daxil oldu, avqustun 3-də isə komandan Mürsəl Paşa Diktaturanın təslim olması üçün ultimatum göndərdi.

Bunun əvəzində Mürsəl Paşa milliyyətindən və dini etiqadından asılı olmayaraq, dinc əhalinin təhlükəsizliyinə zəmanət verirdi. Eyni zamanda, şəhəri tərk etmək istəyən şəxslərin sərbəst keçidinə şərait yaradılacağına zamin dururdu.

Şəhər rəhbərliyi ingilisləri gözlədiyindən ultimatuma cavab verməməyi məqsədəuyğun bildi. İlk britaniyalılar şəhərdə avqustun 4-də peyda oldu. Həmin vaxt kapitan Stoksun başçılığı altında 300 nəfərlik dəstə Bakı limanına daxil oldu. Yerli hökumət isə azı 3-4 min hərbçinin göndəriləcəyini gözləyirdi.

Bu gözləntilərin nədən qaynaqlandığı aydın deyil, belə ki, polkovnik Denstervilin belə İrandakı qoşunlarının sayı 1500 nəfərdən çox deyildi. Məhz ingilislərin ordu ilə yardım edəcəyinə olan ümid onların türklərə yuxarıdan aşağı baxmalarına rəvac verirdi.

Bakıda olan britaniyalıların ümumi sayı heç 900 nəfəri ötmürdü. İngilis qoşunları şəhərin həyatına müəyyən mənada maraq qatmışdı. Onların pulu var idi, ona görə də şəhərin iaşə obyektləri və mehmanxanalarının fəaliyyətində canlanma baş verdi, şəhər sakinləri isə şort geyinən əsgərlərə mat-məəttəl qalmışdı.

Avqustun əvvəlində Türk qoşunları artıq faktiki olaraq Qurd qapısı, Binəqədi, Maştağa və digər kəndlərə qədər gəlib çıxmışdı.

Avqustun 5-də Həştərxandan Bakıya Moskvadan olan nümayəndə heyətinin müşayiəti altında alman qrupu gəldi. Onlar sahilə çıxan kimi Türkiyə qərargahına aparılmalarını tələb etdilər.

Ümumilikdə, həmin vaxt, demək olar ki, heç kimin cəbhə xəttindən kənarda baş verənlərdən xəbəri yox idi, cəbhə hüdudlarından kənarda kimlərin hakimiyyətdə olduğundan çoxları bixəbər idi.

Avqustun 21-də Lenin və Çiçerin Bakıya Şaumyanın adına teleqram göndərərək, ondan ingilislərin Bakıdan kənarlaşdırılmasını tələb etdi. Ancaq bütün teleqramlar birbaşa olaraq Diktaturanın əlinə keçdiyindən onlar dərhal ictimailəşdirilirdi.

Cəbhə xəttində də müəyyən kuryoz hadisələr baş verirdi. Binəqədidən yola çıxan bir neçə ingilis zabit səhvən cəbhənin qarşı tərəfinə keçdi və nəticədə əsir düşdü.

17 avqust 1918-ci ildə Denstervil Bakıya gəldi. O, gəlişini belə şərh etmişdi:

“İngilis gəmilərinin indiyə kimi üzmədiyi yeganə dəniz – Xəzər dənizində, Cənubi afrikalı holland prezidentin xatirəsinə adlandırılmış, İnqilabçı rus şəhərində erməniləri Türk əsarətindən qurtarmaq üçün serb bayrağı ilə İran limanından üzən paroxodun göyərtəsində olan ingilis generalı”.

Onun bu şərhinə bir az aydınlıq gətirək: Onlar “Prezident Krüqer” paroxodunun göyərtəsində irəliləyirdilər, rus zabitlər isə ingilis bayrağı altında üzməkdən imtina etdiyindən belə bir ortaq məxrəcə gəldilər ki, alt-üst olmuş rus bayrağı altında üzsünlər.

Həmin dönəmdə müasir Azərbaycan ərazisində vahid hakimiyyət mövcud deyildi. Məsələn, Muğanda “Beşliyin diktaturası” qurulmuşdu. Bu diktaturaya sərhəd qoşunlarının yerli zabitləri daxil idi.

Onlar L.Biçeraxova tabe olacaqlarını elan etmişdi. Bununla belə, onlar bu planda hər hansı fəal addım atmadı. Heç öz bölgələrinə belə nəzarət edə bilmirdilər – şahsevənlər bölgədə, müsəlman kəndlərində gəzib dolaşır və heç kimə tabe olmurdular.

Beynəlxalq arenada isə Bakı uğrunda kifayət qədər inadlı mübarizə gedirdi. Belə ki, Rusiya və Almaniya arasında aparılan danışıqlar avqustun 27-də Brest-Litovsk sülh müqaviləsinin bağlanması ilə yekunlaşdı.

Həmin müqaviləyə görə, Almaniya Şamaxı və Bakı qəzalarının ərazisinə hər hansı üçüncü dövlətin keçməsinə əngəl olmağı öz öhdəsinə götürürdü, bunun əvəzində isə Rusiya Bakıda hasil olan bütün neftin dörddə bir hissəsini və ya hər ay müəyyən miqdarda Almaniyaya göndərəcəkdi.

Bu, türk qoşunları baş komandanı Xəlil Paşanın avqustun 29-da Bakının ən qısa zamanda azad edilməsi uğrunda əməliyyat keçirilməsi haqqında əmr verməsinə əngəl olmadı.

ADR nəzarətində olan ərazilərdə asayişin bərpa olunması üçün müxtəlif tədbirlər həyata keçirilirdi. Avqustun 12-də müvəqqəti olaraq ölüm cəzasının tətbiq ilə bağlı qərar qəbul olunmuşdu. 

Müvafiq ölçülər təhsil sferasında həyata keçirilirdi. Belə ki, təhsilin idarə olunması sistemlərinin tənzimlənməsi məqsədilə xalq məktəbləri müfəttişliyinin təsis olunmasına qərar verildi. Bununla yanaşı, hökumət Tiflis Politexnik Məktəbi ilə danışıqlara başladı (12 avqust), xalq məktəbləri müəllimləri üçün kurslar təsis etdi (24 avqust), ibtidai məktəblərin, həmçinin orta təhsil ocaqlarının milliləşdirilməsi haqqında sərəncam verildi (28 avqust).

Sonuncu ilə əlaqədar dərslərin dövlət dili olan türk dilində aparılmasına dair qərar qəbul olundu.

İqtisadi sferada hökumət xarici ticarətin nizamlanması və genişləndirilməsi üzrə səyləri davam etdirirdi. Avqustun 17-də Azərbaycan dəmiryolu xətti şəbəkəsinin yaradılması haqqında qərar çıxarıldı, avqustun 20-də isə müəyyən dövlətlərlə əmtəə mübadiləsinin nizamlanması haqqında qətnamə qəbul olundu.

Avqustun 27-də ölkədən fındıq ixrac olunmağa başladı. Daxili iqtisadi münasibətlərə gəlincə, avqustun 27-də hökumət Azərbaycan hüdudları daxilində bütün növ məhsulların azad satışının məqsədəuyğun hesab olunması haqqında qətnamə qəbul etdi. 

Sosial siyasət sahəsində bir sıra tədbirlər qəbul olundu. İstefaya gedən şəxslərə uzun müddət xidmətə görə təqaüdün təyin olunması haqqında qanun layihəsinin hazırlanması üçün xüsusi komissiya yaratmaq məsələsi ədliyyə nazirinə həvalə edildi. Ayın sonunda isə Ağdaşa şəhər statusu verildi.

Nəsib bəy Yusifbəyli
(1881-1920)

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Yelizavetpolda (indiki Gəncədə) anadan olub. Orta təhsilini doğma şəhərində, klassik gimnaziyada alıb.

ADR–100: Siyasi çəkişmələr və türklərin Abşerona gəlişi

1902-ci ildə Odessanın Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub. Tələbə hərəkatının fəallaşması nəticəsində 1905-ci ildə universitet bağlanıb, Nəsib bəy ali təhsilini başa vura bilməyib.

N.Yusifbəyli həmin universitetdə azərbaycanlılar təşkilatının rəhbəri olub. Həmin dönəmdə Nəriman Nərimanov və Xosrovpaşa bəy Sultanovla birgə tələbə hərəkatında fəal iştirak edib.

Elə həmin il – 1905-ci ildə o, vətənə qayıdaraq, “Difai” firqəsinin təsisçilərindən birinə çevrilib. Bu, genişməqsədli firqə idi.

Firqənin əsas məqsədi milli ədavətin qarşısının alınmasına vasitəçilik etmək idi. Hakimiyyət həmin dönəmdə inqilabın qarşısını almaq üçün bundan sui-istifadə edirdi. Onun təsisçiləri X.Rəfibəyov, A.Ağayev, Ş.Rüstəmbəyov və başqaları idi. 

Təşkilatın rusiyalı məmurlara qarşı bir sıra terror hücumlarında iştirak etdiyi bildirilir. 

İnqilabdan sonra – 1907-ci ildə Yusifbəyli Bağçasaraya gedib və orada “Tərcüman” qəzetinin nəşrində İsmayıl Qaspıralının yardımçısı olub. Sonradan İ.Qaspıralının qızı ilə ailə qurub. Yusifbəyli bir müddət sonra onun qızı ilə boşanıb.

Onlar boşansa da, Qaspıralı öz işini Yusifbəyliyə ötürmək niyyətində idi.

1908-ci ildə o, İstanbula səfər edir və Gənc Türklər İnqilabının canlı iştirakçısı olur. Türk mətbuatında aktiv şəkildə dərc nəşr olunur. Ancaq hadisələrin sonrakı inkişafı Yusifbəylinin ürəyincə olmur və o, 1909-cu ildə Yelizavetpola qayıtmaq qərarına gəlir. Şəhər Dumasında işə düzəlir. 

Həmin vaxtdan etibarən “Difai” firqəsinin fəaliyyəti tamamilə zəifləyib. 1909-1917-ci illərdə müxtəlif xeyriyyə, maarif təşkilatlarının fəaliyyətində yaxından iştirak edir, yazıları dövri mətbuatda, hətta “Molla Nəsrəddin” jurnalında dərc olunur.

Digər fəallar kimi, o da Fevral inqilabından sonra siyasi fəal fəaliyyətini bərpa edir. Həmin vaxt o, Yelizavetpol quberniyasının digər tanınmış insanları ilə bərabər yerli Milli Müsəlman İctimai Təşkilatlarının Komitəsini yaradır.

N.Yusifbəyli paralel olaraq Türk Federalistlər Partiyasını təsis edir. O, Bakı və Moskvada keçirilən müsəlman qurultaylarında aktiv şəkildə iştirak edir. Vahid dövlətin tərkibində milli-ərazi muxtariyyətinin verilməsi ideyasını fəal şəkildə dəstəkləyir. 1917-ci ilin yayında məlum olur ki, Müsavat Partiyası da eyni ideyaları bölüşür, ona görə də iyunun 20-də iki partiyanın birləşməsi ilə bağlı razılaşma əldə olunur.

İlin sonunda o, Cənubi Qafqaz seçki dairəsindən Təsis Yığıncağına üzv seçilir. O, Oktyabr inqilabını tanımır.

Yelizavetpolda hakimiyyətin faktiki olaraq Milli Komitəyə məxsus olduğunu nəzərə alsaq, artıq mərkəzə tabe olmaması anlaşılan idi.

Cənubi Qafqaz Komissarlığının qərarlarına tabe olmağa davam etsələr də, onlar digər variantların axtarışında idilər. Yerli komitə yardım istəmək üçün Türkiyəyə nümayəndə heyəti yollamağa qərar verir. Nümayəndə heyətinin üzvü N.Şeyxzamanlının xatirələrinə əsasən, nümayəndə heyəti üzvlərini seçən və onlara danışıqlarla bağlı tapşırıqlar verən məhz N.Yusifbəyli olub. 

1918-ci ilin fevral ayında o, Seymdə müsəlman fraksiyası rəhbərinin müavini seçilib. Cənubi Qafqaz hökumətində maarif naziri vəzifəsini tutub.

Müstəqilliyin elan olunmasından sonra maliyyə naziri, xalq maarif naziri və dini məsələlər üzrə nazir vəzifələrində çalışıb. Yusifbəyli Türkiyə ilə hərbi ittifaqın tərəfdarlarından olub. Bu barədə Yusifbəyli deyirdi:

“Təkcə Azərbaycan türklərinin deyil, bütün Cənubi Qafqazın üzləşdiyi və türk xalqını tam məhv edə biləcək misli görünməmiş anarxiyanı təkbaşına öz güclərimiz hesabına yatıra bilmərik… İndiki halda biz yaranmış əlverişli şəraitə – bura məhz dost və qardaş olan qüvvənin –Türkiyənin gələcəyinə görə minnətdar olmalıyıq”.

İkinci və üçüncü Nazirlər Kabinetində o, xalq maarifi və dini məsələlər üzrə nazir vəzifəsini icra edib. Dördüncü və beşinci kabinetləri Yusifbəyli hökumət başçısı olaraq özü qurub. Hökumət başçısı vəzifələrinin icrasına başlayan zaman bəyannamə verərək, Nazirlər Kabinetinin əsas tapşırığının hakimiyyətin sabitliyinin təmin edilməsi olacağını vurğulayıb. Fəhlə hüquqlarının təmin olunmasının, ümummilli təhsilin, aqrar məsələnin həllinin və Rusiya ilə iqtisadi əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Ermənistanla ərazi münaqişələri, Britaniya qoşunlarının Azərbaycanı tərk etməsi, Muğanda daxili münaqişə və digər bu kimi amillər onun başçılıq etdiyi Nazirlər Kabinetinin fəaliyyəti çətinləşdirib. O, barəsində sui-qəsd planı hazırlanan yeganə Azərbaycan hökumət başçısı olub.

1920-ci ilin aprel ayında istefa verib. Qırmızı Ordunun Bakıya daxil olmasından sonra Azərbaycanı tərk etməyə çalışıb. Yalnız o məlumdur ki, Bakıdan Tiflisə gedərkən yolda öldürülüb. Ancaq onun harada və nə məqsədlə öldürüldüyü indiyə kimi müəmmalı olaraq qalır.

Toğrul Maşallı
www.ÇıxışYolu.Com