ÇıxışYolu.Com Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Şərqin ilk demokratik respublikasının fəaliyyətinin 1918-ci il oktyabr ayına işıq salan məqaləni təqdim edirik:
Oktyabr hökumətin neft sənayesinin özəlləşdirilməsi haqqında qərar qəbul etməsi ilə başladı. Bu qərara əsasən, bütün neft mədənləri əvvəlki sahiblərinə qaytarılmalı idi. Tədricən hökumət işini qaydaya salır və idarə sistemini formalaşdırırdı.
Hökumətin fəaliyyətilə paralel olaraq Fəhlə və Əsgər Deputatlarının Bakı Soveti yenidən işə başladı. Gözlənilmədən Bakı Soveti əməkhaqqı dərəcələrinin artırıldığını və fabrik-zavod komitələrinin fəaliyyətinin bərpa olunduğunu elan etdi. Bu, hökumətin planlarına uyğun deyildi.
Ərzaq işi “Sentrodom”a və Bakı şəhər dumasına həvalə edilsə də, fəhlələrlə bağlı problemlər Təsis Yığıncağı səviyyəsində həll edilməli idi. Bu vəziyyəti tənzimləmək üçün oktyabrın 12-də Bakı quberniyasının Fabrik Müfəttişliyinin orqan kimi bərpa edildiyi elan olundu.
Fəhlələrlə bağlı məsələlərin tənzimlənməsi bu orqanın səlahiyyətlərinə verilməli idi. Maraqlıdır ki, bu məsələnin həlli ölkənin digər regionlarında sonraya saxlanılmışdı.
Hökumət təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də bir sıra problemlərlə üzləşdi. Əlimərdan bəy Topçubaşovla görüşən Tələt paşa bəyan etdi ki, nə Avstriya-Macarıstan, nə də Almaniya Azərbaycanın müstəqilliyini tanımaq istəyir.
O qeyd etdi ki, vəziyyət çox mürəkkəbləşib. Tələt paşa deyirdi: “Bizim yalnız bir arzumuz, şübhəsiz, reallaşmışdır: Çar Rusiyasının dağılması”.
Danışıqlar zamanı Tələt paşa qeyd etdi ki, bunun Osmanlı və bütün ümumrusiya xalqları, o cümlədən Qafqaz üçün nəticələri müsbət olmalıdır. O, Qafqazı birliyə çağırdı.
Üç gündən sonra Osmanlının Nazirlər Kabineti Qafqazdakı türk qoşunlarının təxliyyəsi haqqında qərar qəbul etdi. Doğrudur, Nuru paşa hələ də manevr edirdi. O, Qafqaz İslam Ordusunun qüvvələrini Dağıstana göndərmək, Dağıstanı aldıqdan sonra Xəzər dənizini keçmək və Orta Asiyaya doğru hərəkət etmək məqsədi güdürdü.
Nəticədə oktyabrın 9-da Dərbənd, 23-də isə Temirxan Şura (indiki Buynaksk) ələ keçirildi və türk qoşunları Port-Petrovskun (indiki Mahaçqala) alınması üçün hazırlaşmağa başladı. Ordunun ayrı-ayrı hissələri Qarabağda və ölkənin qalan ərazisində qanun-qaydanın bərqərar olunması ilə məşğul idi.
İngilis ordusunun bəzi hissələri Azərbaycan ərazisində qalmaqda idi. Sonuncu Britaniya hərbi hissələri yalnız oktyabrın 18-də ölkə ərazisindən çıxdı (onlar Lənkəran yaxınlığında yerləşirdi).
Xarici siyasətlə bağlı hökumət ümidini itirmirdi. Dağlılar Respublikası ilə münasibətlər genişlənirdi.
Oktyabrın 8-də Dağlılar Respublikasına bir milyon rubl məbləğində faizsiz kredit ayrıldı. Xarici ölkələrdə səfirliklərin açılması üçün Əlimərdan bəy Topçubaşova mandat verildi. Xarici işlər nazirinə yeni respublikalardan biri olan Krımda səfirliyin açılması tapşırıldı.
Hökumət Osmanlının dəstəyinə ümid bəsləyirdi. Osmanlı hökuməti bir-birinə zidd olan tədbirlərə əl atırdı. Belə ki, artıq oktyabrın 12-də Zaqafqaziyadan türk qoşunlarının tamamilə çıxarılması qərara alındı.
Nuru paşa, İzzət paşa və başqa hərbi komandanlar bu qərara tabe olmadı. Oktyabrın 26-da Osmanlı hökuməti Azərbaycanda hərbi xidmətdə olan türklərə yerli orduya qoşulmaq şərtilə burada qalmağa icazə verdi.
Üç gün keçməmiş, oktyabrın 29-da Qafqazda ələ keçirilən ərazilərin boşaldılması və türk qoşunlarının Brest-Litovsk sülh danışığına görə təyin edilmiş sərhədlərə kimi çəkilməsi haqqında qərar qəbul edildi. İki aydan gec olmayaraq IX Ordunun sərəncamına keçməyən hərbi birliklərin cəzalandırılacağı qeyd olunurdu.
Hökumətin təhsil sahəsində apardığı siyasət bu dönəmdə məhsuldar oldu. Oktyabrın 13-də xalq maarifi naziri aşağıdakı əmri imzaladı:
“Bakı quberniyasının uyezdlərində oxuyan hər kəsə xidməti yerlərə getməyi, tədris binalarının və vəsaitin müvafiq vəziyyətə gətirilməsini və dərslərə başlanılmasını təklif edirəm”.
Artıq ayın 15-də ölkədə ilk dərs ili başlandı. O zaman Bakıda təhsil alanların sayı 5942 nəfər təşkil edirdi. Zaqatala dairəsində isə 25 ədəd birsinifli məktəbin açılmasına qərar verildi.
Hökumətin yeni siyasətinə uyğun olaraq, artıq bütün məktəblərdə türk dilinin icbari tədrisi nəzərdə tutulmuşdu, milli azlıqlara isə könüllü seçim etmək imkanı verilirdi.
Məsələn, gələcəkdə yazılacaq “Əli və Nino” romanının müəllifi Lev Nussimbaum həmin dövrdə türk dili dərslərinə yazılmışdı. “Kaspi” qəzeti bir sinifdə 25 şagirdlik normanın müəyyən edilməsi barədə yazırdı.
Bu norma anarxiya ya görə bir çoxlarının yaşayış yerini tərk etməsinə görə qəbul edilmişdi və yeniləri gələrsə, təhsil alanların sayının artırılması məqsədi daşıyırdı. Bir aydan çox vaxt itirildiyi təqdirdə, tədris prosesinin intensivliyini artırmaq mümkün idi.
Hökumət yerli kadrların yetişdirilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başladı. Belə ki, oktyabrın 21-də Qazax Müəllim Seminariyasının pansionu, işçilərin şəxsi heyəti və ilin sonuna qədər digər xərclər üçün nəzərdə tutulmuş kredit açıldı. Seminariyanın noyabrda fəaliyyətə başlaması nəzərdə tutulurdu.
Yerli kadr məsələsi ciddi problem idi və buna görə bir həftədən sonra səfərbərliyə baxmayaraq, hökumət azərbaycanlı-müsəlman tələbələrin xarici ölkəyə getməsinə icazə verən qərar qəbul etdi. Ancaq o tələbələr xarici ali məktəblərdə təhsil almaq imkanlarını isbat etməli idilər. Tələbələrin təqaüd almasına imkan yaradıldı.
Türk qoşunlarının Azərbaycandan getməsi labüd idi, buna görə hökumət milli hərbi hissələrin formalaşdırılmasına cəhd göstərməyə başladı. Ayın əvvəlində hərbi işlər üzrə səlahiyyətli şəxs rütbəsi təsis edildi, daha sonra isə hərbi təhsil sisteminin formalaşdırılmasına başlandı.
O dövrdə ölkədə yalnız Gəncədə gizirlər üçün peşə məktəbi var idi. Oktyabrın 1-də Gəncə sənət-peşə məktəbinin hərbi məktəbə çevrilməsi, oktyabrın 27-də isə Bakıda üç hərbi məktəbin açılması və vəsaitlə təmin olunması üçün pul ayrıldı.
İqtisadi baxımdan hökumət xarici ticarət münasibətlərinin tənzimlənməsi üçün tədbirlərin həyata keçirilməsini davam etdirirdi. Belə ki, oktyabrın 8-də aksiz idarələri təsis edildi, oktyabrın 21-də isə qoz və şərabdan başqa digər istehlak malları üçün nəzərdə tutulan idxal rüsumları ləğv edildi.
İdxal rüsumlarının ləğv edilməsinə baxmayaraq, istehlak mallarının qiyməti çox sürətlə artırdı. Bununla bağlı “Həddən artıq bahalıq səbəbindən Azərbaycan Respublikasının dövlət müəssisələrində bütün işçilərin əməkhaqqına müvəqqəti olaraq hər ay 250 rubl əlavə edilməsi” haqqında qərar qəbul edildi.
Xəzinə gəlirlərinin artırılması məqsədilə oktyabrın 22-də balıq vətəgələrinin icarəyə verilməsinə və balıq ticarətinin özəlləşdirilməsinə qərar verildi.
Ay oktyabrın 30-da Türkiyənin Birinci Dünya Müharibəsində məğlubiyyətini əks etdirən Mudros sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Razılığın 11-ci bəndinə əsasən, türk ordusu tez bir zamanda şimal-qərbi İranı, Kilikiyanı və Zaqafqaziyanı tərk etməli idi.
Bakını tərk etmək üçün ona bir həftə, Azərbaycanı tərk etmək üçün isə bir ay vaxt verilirdi. Türklərin Batum və Kars vilayətləri ərazisində qalmasına icazə verilirdi. Müttəfiq dövlətlər istədikləri vaxt bu ərazilərə qoşun yeridə bilərdi.
Zaqafqaziya dəmir yolu müttəfiqlərin ixtiyarına keçirdi. Fransa və Britaniya arasındakı razılaşmaya görə, Azərbaycanın ərazisi ingilis idarəçiliyinə verilirdi.
Bakıya Üzeyir Hacıbəyov, Salman Mümtaz kimi incəsənət xadimləri və maarifçilər axışmağa başladı.
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyov
(1893-1960)
Şəfi bəy Rüstəmbəyov 1893-cü ildə Ağdaş uyezdinin Məmmədli kəndində, Mustafa bəy Rüstəmbəyovun ailəsində dünyaya gəlib.
Orta təhsilini Yelizavetpol Klassik Gimnaziyasında alıb. Gimnaziyanı bitirdikdən sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub.
Kiyevdə Şəfi ictimai-siyasi həyata qatılıb. Tezliklə Azərbaycan birliklərin liderlərindən birinə çevrilib. 1913-cü ilin aprelində ilk iclasdan dərhal sonra Şəfi və 16 nəfər azərbaycanlı həbs edilib və yalnız bir aydan sonra azadlığa buraxılıb.
Eyni dönəmdə o, Müsavat Partiyasının Yusif Vəzir Çəmənzəminlinin başqanı olduğu Kiyev bölməsinin üzvünə çevrilib. 1916-cı ildə universitetdə təhsilini başa vuran Şəfi vətənə dönərək, dairə məhkəməsində işə düzəlir.
Fevral inqilabından sonra Şəfi Müsəlman Milli Komitəsinin üzvlüyünə qəbul olunur, Bakıda keçirilən müsəlmanların qurultayında iştirak edir, burada müsəlmanlar üçün muxtariyyət tələb edir.
Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayının iştirakçısı olur. Artıq 1918-ci ili o, Tiflis cə Gəncənin Müsəlman Milli Komitəsinin fəal üzvü, Müsavatın Mərkəzi Komitəsinin üzvü kimi qarşılayır.
Müsavat fraksiyası adından Zaqafqaziya Seymində fəal çıxış edir. Yığıncaqların birində Şəfi bəy Dağıstan nümayəndələrinin Şimali Qafqazla Zaqafqaziyanın birləşdirilməsi haqqında təkliflərini dəstəkləyir.
İstiqlaliyyət bəyannaməsini qəbul edən müsəlman fraksiyasının yığıncağında iştirak edir. Yığıncaqdan sonra Şəfi bəy Nəsib bəy Usubbəyovla və Xosrovpaşa bəy Sultanovla Gəncəyə göndərilən nümayəndə heyətinin tərkibində seçilir.
Sonralar Şəfi “Azərbaycan” qəzetinin rusdilli versiyasının baş redaktoru və parlamentin deputatı kimi fəaliyyət göstərir. Parlamentin deputatı simasında uzun sürən mübahisələrdən sonra qəbul edilən mətbuat haqqında qanunun müəllifliyini öhdəsinə götürür.
1919-cu ildə Şəfi yenəidən Müsavatın Mərkəzi Komitəsinə seçilir, həmçinin partiyanın sədri vəzifəsində çalışır. Redaktor vəzifəsində işləməsi ilə yanaşı, o, Daxili İşlər Nazirliyinin dəftərxanasında müdir, 1920-ci ilin martından isə daxili işlər nazirinin müavini kimi fəaliyyət göstərir.
Azərbaycanda Sovet hökumətinin qurulmasını qəbul etməyən Şəfi bəy Rüstəmbəyov (o, Gəncəyə köçməyi təklif edir, lakin bu təklif qəbul edilmir, şahidlik üzrə iclas başa çatdıqda isə göz yaşlarını saxlaya bilmir) Tiflisə köçür. Onun rəhbərliyi altında Tiflisdə “Azərbaycanın xilas edilməsi üzrə Komitə” yaradılır.
1921-ci ildə Gürcüstana sovet qoşunlarının yeridilməsindən sonra o, İstanbula köçmək məcburiyyətində qalır. Behbud xan Cavanşirin öldürülməsi ilə bağlı məhkəmə prosesinə ittiham şahidi kimi qatılır.
Şəfi bəy Rüstəmbəyov İstanbulda geniş fəaliyyətə başlayır. 1927-ci ildə o, “Yeni Qafqaziyyə”, 1928-1931-ci illərdə “Azəri türkü”, 1928-1930-cu illərdə “Odlu yurd” və 1932-ci ildə “Azərbaycan yurd bilgisi” qəzetlərini nəşr etdirir.
Bu qəzetlərdə o, həmfikirləri ilə birgə Azərbaycan barədə müxtəlif məqalələr və materiallar nəşr etdirir.
Mühacirətdə olduğu zaman M.Ə.Rəsulzadə ilə yaranan münaqişə uzunmüddətli olub, qarşılıqlı şəkildə nəşrlərin buraxılması ilə müşayiət olunurdu. M.Ə.Rəsulzadə kitablarından birini “Şəfibəyçilik” adlandırırdı.
Rüstəmbəyov Xəlil bəy Xasməmmədov və Nağı bəy Şeyxzamanlı tərəfindən dəstəklənir. Lakin sonralar onu və Xasməmmədovu Müsavat Partiyasının xarici bürosundan kənar edirlər. Bununla belə, o, fəal mühacir fəaliyyətilə məşğul olmaqda davam edir. Qafqaz xalqlarını qüvvələrini birləşdirməyə çağırırdı.
Çox güman ki, xidmətlərini nəzərə alıb onu 1943-cü ildə Berlində keçirilən qurultayda Milli Birlik məclisinin idarəsinə fəxri üzv seçirlər.
Şahidlərin dediyinə görə, Xasməmmədovun, Ziyadxanovun köməyi sayəsində Şəfi bəy Rüstəmbəyov sahibkarlıq fəaliyyətilə məşğul olmağa başlayır, ferma, dükanlarla bağlı idarəetmə işinə girir.
O, 1960-cı ildə İstanbulda vəfat edib.
Toğrul Maşallı
www.ÇıxışYolu.Com