5a671504-16eb-46dd-a67b-6f1d69479ae0..jpg

AFFA dövlətin ayırdığı vəsaitin legionerlərə xərclənməsini istəmir – klublardan BƏYANAT

Baxış sayı: 856 dəfə baxılıb.

AFFA dövlətin ayırdığı vəsaitin legionerlərə xərclənməsini istəmir –
klublardan BƏYANAT

AFFA dövlət tərəfindən klublara ayrılan üç milyon manat məbləğin legioner
futbolçulara xərclənməsini istəmir.

Bu barədə Cixisyolu.com saytına Klublar Komitəsinin (KK) sədri Fariz Nəcəfov məlumat
verib. O, dünənki iclasda bunun müzakirə olunduğunu və AFFA-ya bəyanatla
müraciət etdikərini bildirib.

“Bizə belə bir məlumat daxil olub ki, ayrılan üç milyon manatdan legionerlərin
transfer olunması üçün xərclənə bilməz. Bu, bizə həddindən artıq məntiqsiz
gəldi. Qərarın nəyin əsasında verilməsi şəxsən məndə şübhə doğurdu.
Azərbaycanda elə də böyük futbolçu potensialı yoxdur. Qərara görə, əldə olunan
digər vəsaitdən legioner transfer edilə bilər, amma dövlətin ayırdığı məbləğ
əcnəbi oyunçulara xərclənə bilməz. Beləliklə, sponsoru olanlar heyəti istədiyi
kimi formalaşdıracaq. Dövlətdən gələn üç milyona komanda quranlar isə I
Divizion səviyyəsində olacaqlar. Azərbaycanda futbolçu potensialının aşağı
olduğunu bilirik. Premyer Liqa səviyyəsində oyunçular azdır. Bununla bağlı
İcraiyyə Komitəsinə (İK) bəyanat ünvanladıq”.

Cixisyolu.com KK-nın İK-ya ünvanladığı bəyanatın mətnini əldə edib. Müraciətdə
bildirilir:

“Klublar Komitəsi AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində
keçirilən iclasında futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış
vəsaitlərin gələn mövsümdən klublarda olan əcnəbi (legioner) futbolçulara əmək
(xidmət) haqqı qismində istifadə edilməsinə qadağa qoyulması planları ilə bağlı
aşağıdakıları bildirir:

Məlumdur ki, ölkədə futbolun inkişafı güclü klub futbolunun mövcudluğundan
asılıdır. Klublar da təbii ki, Azərbaycanda olan yerli futbolçu qıtlığını
nəzərə alaraq, əcnəbi futbolçuların xidmətlərindən istifadə etmək
məcburiyyətindədirlər. Klubların dayanıqlı inkişafı, habelə, onların Azərbaycan
futbolunu beynəlxalq arenalarda layiqincə təmsil etməsi belə əcnəbi
futbolçularının düzgün seleksiyası və keyfiyyətli legionerlə uzunmüddətli
müqavilələrin bağlanması ilə düzünə bağlıdır. Təbii ki, klublar yerli
futbolçuların yetişdirilməsi ilə bağlı ölkədə futbolun inkişafına cavabdeh
qurum olan AFFA-nın və onun İK-nın narahatlığını yaxşı başa düşür. Lakin ani,
yetərli qədər müzakirə predmeti olmayan və klubların həm daxili, həm də xarici
arenalarda uğurlu çıxışını və hətta, mövcudiyyətini böyük təhdidlərlə üz-üzə
qoyan qərarların qəbul edilmə imkanları qətiyyən qəbul edilə bilməz.

KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol
“ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcək.
Bir daha, KK AFFA İK-dən klublar üçün həyati əhəmiyyət kəsb edən legioner
futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də
qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir”.

Qeyd edək ki, AFFA-nın saytının yaydığı məlumata görə, İK-nın bugünkü
iclasında təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə
münasibət bildiriləcəyi qeyd olunub.

Faiq Tahirov

Source link