AFFA-nın “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində I divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.
ÇıxışYolu.Com xəbər verir ki, I divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzəliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Qeyd edək ki, AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Onu da bildirək ki, “Ağsu” komandası yeddi turdan sonra dörd xalla 13 komanda arasında XII yerdə qərarlaşıb.