d91a85ee-3416-45c7-882a-2fc5f822b29c..jpg

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək – YENİLƏNİB

Baxış sayı: 972 dəfə baxılıb.

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya
müraciət edəcək – YENİLƏNİB

“AFFA milli komandanın səfərdə İsveç yığmasına qarşı keçirəcəyi Avropa
çempionatının seçmə mərhələ oyununda mümkün erməni təxribatı ilə bağlı UEFA-ya
və yerli federasiyaya müraciət edəcək”.

Bu barədə “Report”a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr
Departamentinin sədri Firuz Abdulla açıqlamasında bildirib.

O, yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi
ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin
yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb:

“Belə informasiya çıxıbsa, təbii ki, UEFA-ya və İsveç Futbol Federasiyasına
bununla bağlı müraciət olunacaq”.

13:00

İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa
çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində
keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.

Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev
məlumat verib.

Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə
orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq
ediblər:

“Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək,
orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı
ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz
aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar
ki, ermənilər oyun üçün 100 bilet alıb separatçıların əsgi parçası ilə stadiona
gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner açmaq istəyirlər”.

Emil Mirzəyev vurğulayıb ki, artıq məsələ ilə bağlı aidiyyəti qurumlara
müraciət ünvanlayıblar:

“Səfirimiz – cənab Zaur Əhmədov başda olmaqla, bu məsələni qaldırdıq. İsveç
qanunlarına görə, futbolda heç bir siyasi şüar ola bilməz. Bizim azarkeşlərimiz
üçün ayrılmış sektora başqa ölkənin vətəndaşları bilet ala bilməzlər. İstəyirik
ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlasınlar. Həmçinin oyuna bir
neçə gün qalmış İsveç Futbol Federasiyasında bu məsələni qaldırmaq istəyirik.
Bilirsiniz ki, “Sabah”ın idman direktoru İqor Ponomaryov İsveçdə yaşayır.
Onunla da danışmışıq. Ponomaryov mümkün təxribat barədə AFFA-ya məlumat verib
ki, təhlükəsizlik məsələlərinə ciddi yanaşsınlar”.

O bildirib ki, İsveç Azərbaycanlıları Konqresi olaraq sözügedən oyuna ciddi
hazırlaşırlar:

“Səfirimizin dəstəyi ilə görüşə maksimum dərəcədə çox insan cəlb etməyə
çalışırıq. Ona görə də 115-ci, 116-cı, 117-ci və 118-ci sektorları azərbaycanlı
azarkeşlərlə dolduracağıq. Hamımız doğma komandamıza bayraqlarla dəstək
olacağıq. İsveçin bir çox şəhərlərində nümayəndələrimiz, dərnəklərimiz var.
Konqres üzvləri, dərnək sədrləri öz adamları ilə paytaxta gələcəklər”.

Emil Mirzəyev xatırladıb ki, bu, ermənilərin ilk belə təxribat cəhdi deyil:

“2016-cı ildə Aprel döyüşləri olanda burada erməni diasporu ilə toqquşmamız
oldu. Etiraz mitinqləri, maşın yürüşü təşkil etmişdik. Ermənilər də yolu
bağlamışdılar. Bəzi soydaşlarımızın maşınlarını sındırmışdılar”.

Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da
oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Source link