AFFA “Neftçi” və “Qarabağ”ı cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” –
“Qarabağ” (0:2) oyunu ilə bağlı cəzaları açıqlayıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, paytaxt təmsilçisinin
birincilərin iki köməkçi məşqçisi – Sənan Qurbanov və Miodraq Todorov
diskvalifikasiya olunublar.
Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər biri
şərti olmaqla iki oyunluq cəzalandırılıblar. Onlara üçaylıq sınaq müddəti təyin
edilib. “Neftçi” isə buna görə 3000 manat cərimələnib.
Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən
çəkiliş aparmaları “Neftçi”yə 500 manata başa gəlib. Matçdan sonra meydana
kənar şəxslər daxil olduğundan “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər.
Bundan başqa, oyunda “miks-zona” düzgün təşkil edilmədiyinə, stadionun
tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola
bilmədiklərinə görə “Neftçi”yə xəbərdarlıq edilib. Ümumilikdə klub 4300 manat
cərimələnib.
“Qarabağ”ın futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli
olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə Ağdam
təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına
qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından,
qonaqlar 500 manat cərimə olunublar. Ağdam təmsilçisi ümumilikdə 1500 manat
ödəməli olacaq.