AFFA-nın baş katibi klublara xəbərdarlıq etdi

Baxış sayı: 2. 880 dəfə baxılıb.

AFFA-nın baş katibi klublara xəbərdarlıq etdi

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclasında bir sıra qərarlar qəbul edildi. Qərarlardan biri futbol bölgəsi olan Tovuzda Akademiya açılması ilə bağlı oldu. Artıq bu məsələni Tovuz Rayon İcra Hakimiyyəti ilə müzakirə etmişik. Bu Akademiyanın xərcləri üçün FIFA və UEFA-ya müraciət edəcəyik. Mayadək layihə hazırlanacaq. Bu akademiya I divizion klubu olan “Turan Tovuz”un balansında fəaliyyət göstərəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov İK-nın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

O, daha sonra iclasda qəbul edilən digər qərarları açıqlayıb:

“Növbəti mövsüm I divizionda iştirak edəcək əvəzedici komandalar AFFA-dan 50 min manat pul alacaq. Bu çempionatda iştirakdan imtina edən komanda 100 min manat cərimələnəcək (bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, cari mövsüm yalnız “Qəbələ”nin əvəzedici komandası yarışa çıxmaqdan imtina edib – S.M.).

AFFA-nın Lisenziyalaşdırma Qrupunda çalışan işçilərin sayında dəyişiklik olub. Kimin dəyişdiyini AFFA-nın saytında məlumat verəcəyik. Oyunçuların Statusu və Transferi Komitəsinin tərkibinə isə AFFA-nın hüquqşünası daxil ediləcək.

Qadınlardan ibarət millilərimizə baş məşqçi təyinatı artıq təsdiqləndi. 

Nəhayət, VAR sistemi barədə də fikir mübadiləsi aparıldı. İK-nın qərarına əsasən, Hakimlər Komitəsi və katibliyə hazırlıq işlərinin başlanması tapşırığı verilib. Protokol sisteminə əsasən, on aylıq hazırlıq prosesi var və bundan sonra da on aylıq təlimlər keçirilməlidir”.

O daha sonra UEFA-dan Premyer Liqa klublarımıza uşaq futbolu üçün ayrılmış 500 min avronun təyinatı üzrə xərclənməməsindən şikayətlənib:

“Bizim klublara ayrılan uşaq futbolu ilə bağlı 500 min avro vəsaitin düzgün xərclənməsi ilə bağlı şəffaflıq olmalıdır. Təəssüf ki, klublarımız yenə legionerlərdən istifadə edir. Biz uşaq futbolu ilə bağlı dəyişiklik görmürük. Klubların mövsüm sonunda hesabatı olacaq. Onu vermələrini səbirsizliklə gözləyirəm. Hesabat verməyən klublara gələn mövsüm belə pul ayrılmayacaq”.

Elxan Məmmədov cari mövsüm Müşahidə Şurasının sədri postu boş qaldığından, maliyyə problemləri yaşayan “Kəpəz”in durumu ilə bağlı verdiyimiz suala isə belə cavab verib:

“Rəhbərlikdə boşluqlar var idi. Biz müəyyən təyinatlar etdik ki, maaşlar və digər sənədləşmə məsələləri həllini tapsın. İndi Gəncə Şəhər İcra Hakimiyyəti ilə sıx əlaqədə işləyirik və mövsümün sonunda Müşahidə Şurasında dəyişikliklər gözlənilir”.

Səbuhi MUSAYEV