b64de500-b548-461b-8c40-bb97e32351b8..jpg

AFFA-nın baş katibi: “Millinin baş məşqçi postuna görə heç bir mütəxəssisə təklif göndərilməyib” – MÜSAHİBƏ

Baxış sayı: 836 dəfə baxılıb.

AFFA-nın baş katibi: “Millinin baş məşqçi postuna görə heç bir mütəxəssisə
təklif göndərilməyib” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında 20-ci tur Tovuzda start götürüb. Tovuz şəhər
stadionunda “Səbail”i qonaq edən “Turan Tovuz” rəqibinə 3:1 hesabı ilə qalib
gəlib. Qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də
yer alıb.

Sportinfo.az xəbər verir ki, o, matçdan sonra jurnalistlərin suallarına cavab
verib.

– Tovuza səfərinizin hər hansı özəl səbəbi vardımı?

– Xeyr. Bu mövsüm ikinci dəfədir burada oluram. Turun əsas oyunlarından
biridir. Qərara gəldik ki, burada olaq.

– “Turan Tovuz” rəhbərliyinin bu mövsüm hakimlərdən böyük narazılığı var. Klub
rəhbərliyinin bu barədə sizinlə müzakirəsi oldu?

– Əlbəttə, müxtəlif oyunlarla bağlı hər zaman müzakirələrimiz olur. “Turan”ın
“Kəpəz”lə oyunundan sonra hakimlik haqqında çox danışılmışdı. Klub rəhbərliyi
ilə oyundan sonra və bu gün söhbətimiz oldu. Hakim səhvləri olanda biz də məyus
oluruq. Çalışmalıyıq ki, gələcəkdə səhvlərin qarşısı alınsın. Bu yöndə
aidiyyəti qurum öz işini görür.

– Hakimlərlə bağlı narazılıq böyükdür. Konkret olaraq bu mövsüm referilərin
işindən razısınız, yoxsa narazı?

– VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bir sıra hallarda şahid
olmuşuq ki, qərarlar düzgün verilmir. Aidiyyəti komitə ilə işlər aparılır ki,
gələcəkdə bu cür halların sayı az olsun.

– Gəncədə futbol akademiyasının açılışı son anda təxirə salındı. Açılışla
bağlı yeni tarix məlumdur?

– Nəzərdə tutulub ki, fevral ayının ilk günlərində açılış baş tutsun. Amma
dəqiq tarix bəlli deyil.

– Milli komandanın baş məşqçisi ilə bağlı çox iddialar səslənir. Müxtəlif
mütəxəssislərlə danışıqlar aparıldığı bildirilir. Bu haqda ətraflı nələr deyə
bilərsiniz?

– Fürsət düşmüşkən elan edim ki, rəsmi olaraq AFFA tərəfindən heç bir
mütəxəssisə təklif göndərilməyib. Biz də başverənləri müşahidə edirik. Hətta
bəzi məşqçilər özləri açıqlama verirlər ki, AFFA-dan təklif alıblar. Lakin
rəsmi olaraq bildirirəm ki, hər hansı yerli və ya əcnəbi mütəxəssisə nə təklif
göndərilib, nə də danışıq aparılıb. Əvvəl də qeyd etdiyimiz kimi, işçi qrupu
mövcuddur. Lakin işçi qrupunda da konkret olaraq adlar səsləndirilməyib. Daha
çox hansı kriteriyalar əsasında baş məşqçinin seçilməli olduğu barədə iş gedir.

– Danışılmış oyunlarla bağlı araşdırma aparılacağını mətbuata özünüz
açıqlamışdınız. Amma bu barədə mətbuata heç bir məlumat verilmir…

– Bəli, ötən ilin sonu bu barədə açıqlama vermişdim. İndi də təsdiqləyə
bilərəm ki, müəyyən araşdırmalar var. Bu, təkcə AFFA tərəfindən deyil, həm də
aidiyyəti qurumlar tərəfindən də aparılır. İndiki məqamda bu barədə açıqlama
verilməsi məqsədəuyğun hesab olunmur.

– Premyer Liqa klubları da həmin araşdırmalara daxildirmi?

– Xeyr.

– AFFA rəhbərliyinə seçkinin tarixi məlumdur?

– İcraiyyə Komitəsinin növbəti toplanışında dəqiq tarix təyin olunacaq. Həmin
iclas fevralın ilk həftəsi keçirilə bilər.

– Namizədlər barədə məlumat var?

– Hazırda kiminsə namizədliyi barədə informasiya yoxdur.

– Müxtəlif yaş qrupu üzrə yığmaların baş məşqçiləri ilə bağlı qərar nə vaxt
veriləcək?

– İK-nın iclası olmadığına görə, daxili qərarla hazırkı məşqçilərlə
müqavilələr iki aylıq artırılıb. Növbəti iclasda bu məsələyə də baxılacaq.

– Aşağı yaş qrupu millilərinə məşqçilərin təyinatı əsas milliyə baş məşqçi
təyinatı ilə əlaqəli olacaq?

– Xeyr.

– Yeni mövsümdən Premyer Liqa klublarının sayının artırılması gözlənilir?

– Hazırda bu məsələ müzakirə mövzusu deyil.

– Sonuncu pilləni tutan komanda Birinci Liqaya yollanacaq? Yəni ötən mövsümkü
kimi idman prinsipləri qorunacaqmı?

– İdman prinsipləri dəqiq qorunacaq.

– Bəzi klubların legioner limitinin ləğv edilməsində maraqlı olması barədə
iddialar var. Bu barədə federasiyaya müraciət edənlər olub?

– Bununla bağlı bizə təklif gəlməyib. Bu, elə məsələdir ki, əvvəlcə Klublar
Komitəsində müzakirə olunmalıdır. Yaxın günlərdə həmin qurumun yeni iclası
gözlənilir. Orada hər hansı təklif olsa, müzakirə getsə və yalnız bundan
sonrakı mərhələdə AFFA rəhbərliyinə də məsələ çatdırılacaq.

– Yeni mövsüm klublara edilən maliyyə yardımının artırılması gözlənilir?

– Artması gözlənilmir.

– Vergilərin 5%-dən 20%-ə qaldırılması klubların büdcəsinə ciddi təsir edəcək.
Bu nəzərə alınacaq?

– Əlbəttə, klubların büdcəsinə təsir edəcək. Lakin bu, dövlətin qanunudur.
Əlavə vəsaitin ödənilməsi gündəmdə deyil.

Source link