AFFA-nın departament direktoru: “Müraciətlər çoxdur, klublar kifayət qədər
fəaldırlar” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Onu deyə bilərəm ki, UEFA lisenziyaları barədə komissiyanın qərarını mayın
ortalarına qədər açıqlayacağıq”.
Bunu AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin
Məmmədov “Report”a müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
– Azərbaycan klubları 2024/2025 mövsümü üçün lisenziya müraciətlərinə rəsmən
başlayıblar?
– Lisenziya üçün müraciət edən klublarla bağlı treninqləri başa vurmuşuq.
Ekspertlər mütəmadi olaraq klublarla əlaqə saxlayır, sənədlərə baxır, öz
tövsiyələrini verirlər. Bəzi klublar artıq sənədləri təqdim etməyə başlayıblar.
Amma hələ vaxtları var. Yalnız UEFA lisenziyası üçün az müddət qalıb.
– UEFA lisenziyası üçün Premyer Liqanın bütün iştirakçıları müraciət ediblər?
– Bunu açıqlaya bilmərik. Çünki idman nəticələrinə təsir edə bilər. Onu deyə
bilərəm ki, UEFA lisenziyaları barədə komissiyanın qərarını mayın ortalarına
qədər açıqlayacağıq. Çünki UEFA bizə mayın sonuna qədər vaxt verib. Mayın
ortalarına qədər qərarı açıqlayacağıq ki, bununla razılaşmayan hansısa klub
siyahını UEFA-ya göndərənə qədər apellyasiya şikayəti verməyə vaxtı olsun.
– Bəs ölkədaxili yarışlarla bağlı qərarlar nə zaman açıqlanacaq?
– Premyer Liqa, I Liqa, II Liqa və Yüksək Qızlar Liqası ilə bağlı qərarlar
yarışlar bitdikdən sonra açıqlanacaq. Pley-off mərhələsi olan liqa ilə bağlı
qərar pley-offdan əvvəl veriləcək. Qadınların çempionatında bu mövsümdən
etibarən həm UEFA-ya, həm də yüksək liqaya lisenziya məcburidir.
– Yüksək Qızlar Liqasının 2024/2025 mövsümü üçün hazırkı 9 iştirakçının hamısı
müraciət edib?
– Bəli. Ancaq hansının UEFA, hansının daxili çempionat üçün lisenziya almaqla
bağlı müraciət etdiyini söyləyə bilməyəcəyəm. Adları açıqlamaq idman
nəticələrinə təsir etmək deməkdir. Onu deyə bilərəm ki, hamısı Yüksək Qızlar
Liqasında iştirak üçün müraciət ediblər.
– Bu liqada komanda sayının artırılması məsələsi gündəmdə var?
– Bunu mövsümün sonunda biləcəyik. II Liqa olmadığından, elitaya yüksəlmək və
ya aşağı liqaya düşmək olmayacaq. Əlavə müraciət üçün vaxt var. Kimsə
çempionata qatılmaq istəsə, mövsümün sonuna yaxın onlarla görüş keçirəcəyik.
Onların daha qısa prosesdən keçərək, növbəti mövsüm üçün lisenziya əldə etmək
şansları olacaq.
– I Liqa klubları arasında Premyer Liqada iştirakla bağlı müraciətlər var?
– Bəli, müraciətlər olub. Həmçinin I Liqada çıxış etmək istəyən II Liqa
komandaları var. Qiymətləndirmə aparmaq indiki məqamda çətindir. Çünki
klubların vaxtı var. Fevral-aprel ayları aralığında lisenziya müraciətləri üçün
qızğın vaxt sayılır. Meyarlar üzrə sənədlərin qəbulu başlayacaq.
– Klubların bu baxımdan fəaliyyətləri ürəkaçandır?
– Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar. I və II liqalarda
çıxış edən komandaların iddiaları olmasa belə, onlar yer aldıqları
çempionatlarda yenidən oynamaq üçün lisenziya almalıdırlar. Bunu klublarla
görüşlərdə bildirmişik. I Liqa iştirakçılarının hamısından ən az mövqelərini
qorumaqla bağlı müraciət almışıq. Bəziləri hətta Premyer Liqa üçün müraciət
ediblər. Eyni zamanda II Liqa komandalarının da fəallığını qeyd etməliyəm.
Ofisi Bakıda olanları AFFA-da qəbul edərək treninqləri keçirdik. Ofisi
paytaxtda olmayanlarla isə yerlərdə görüşmüşük.
– Komandaların maliyyə durumları ilə bağlı vəziyyət necədir?
– Bildiyiniz kimi, bütün klublar dövlət tərəfindən maliyyələşir.
Departamentimizin maliyyə meneceri həmin pulların necə xərclənməsinə dair hər
ay klublardan hesabat alır. Hələ ki bəzi klublar fəallıq nümayiş etdirirlər.
Bəzilərinin isə əlavə sponsorlarının olması işlərini asanlaşdırır. Maliyyə
hesabatı sırf lisenziyalaşdırma üçün auditdən keçməlidir. Bu da mart-aprel
aylarında baş verəcək. I Liqa üçün əlavə vaxt vermişik. Çünki oradakı klublar
nisbətən təcrübəsizdirlər. Premyer Liqa təmsilçilərindən arxayınıq. İllərdir bu
prosesdən keçdikləri üçün təcrübələri böyükdür. Bu mövsümdən digər liqaların
iştirakçıları ilə daha çox təmasda oluruq.
– Yekun qərarı AFFA-ya təqdim etmək üçün konkret tarix müəyyənləşdirmisiniz?
– Hər bir klub müstəqil auditoru dəvət edərək, sənədləri ona verəcək. Auditor
da hesabatını hazırlayaraq rəyini verəcək. UEFA lisenziyası üçün son tarix 15
maydır. I Liqadan Premyer Liqaya lisenziya müraciətləri ilə bağlı iyunun 5-nə
qədər qərar verilməlidir. I və II liqalarda iştirakla bağlı lisenziya
müraciətinin cavabı da həmin tarixə qədər müəyyənləşməlidir. Yüksək Qızlar
Liqasında isə son tarix 10 iyundur. Ancaq pley-off məsələsini də nəzərə
alacağıq. Məsələni elə tənzimləyəcəyik ki, pley-offda iştirak edəcək
komandaların hər ikisinin lisenziyası olacaq. Çünki pley-off matçından sonra
qərar açıqlansa, həmin görüş önəmini itirə bilər. Məsələn, hansısa komandanın
müraciət etdiyi liqada oynamaq ixtiyarı olmayacaqsa, onun pley-offda iştirakı
mənasızlaşar. İctimaiyyətin diqqətini idman nəticələrinə yönləndirmək üçün I və
II liqalar bitdikdən sonra bu barədə qərarları açıqlayacağıq.