AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Baxış sayı: 4. 594 dəfə baxılıb.

O, 10 ildir ki, ölkəmizdə çalışır. Düz 10 il əvvəl, 2008-ci ilin fevralında Azərbaycana ölkə futbolunda alman idarəetmə qaydalarını tətbiq etmək üçün gətirilən mütəxəssislərdən biridir. Mətbuatda fəaliyyəti tez-tez tənqid olunur.

Aşağı yaş qrupları üzrə yığmalarımızın Avropada zəif çıxışında məhz o, günahkar bilinir. Ancaq digər tərəfdən yanaşsaq, AFFA üçün ən uğurlu mütəxəssis məhz elə odur. Belə olmasaydı, 2008-ci ildə onunla bərabər ölkəmizə gəlmiş həmyerlilərindən fərqli, bu qədər uzun müddət Azərbaycanda çalışmazdı.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Söhbət AFFA-nın texniki direktoru Bernhard Lipertdən gedir. Hazırda AFFA-da çalışan yeganə mütəxəssis məhz Lipertdir. Çoxdan ondan geniş formatda, bir az şəxsi, bir az da iş karyerası barədə müsahibə götürmək istəyirdim. Dünya kubokunun “Hilton”dakı təqdimatı zamanı bu müsahibə barədə razılığa gəldik.

Lipert ÇıxışYolu.Com-a verdiyi müsahibədə, özünün də dediyi kimi, suallar “ziqzaqvari” (arada işlə bağlı, arada isə şəxsi həyatından suallar verməklə) alındı. Məqsəd müsahibi yormamaq idi…

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Qede ilə yalnız “salam-sağol”umuz vardı

– Sizi bir az keçmişə aparmaq istəyirəm. Bura gəlişiniz necə baş tutdu?

– AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyaya gəlmişdi. Federasiya yerli futbolda alman üsulundan istifadə etmək qərarı vermişdi. Bunun üçün Almaniya Futbol İttifaqına müraciət edilmişdi. Orada AFFA-ya təxminən on nəfərin namizədliyi verilmişdi.

Həmin namizədlərin içində də mən var idim. Elxan müəllimlə ilk söhbətimiz müsbət alındı. Mənə deyildi ki, istəyirsənsə, ilk növbədə işləyəcəyin Bakını gör, sonra qərarını ver. Gəldim, gördüm ki, Bakı işləmək üçün gözəl yerdir. Başlanğıcdan buranı özüm üçün isti bir yer kimi hiss etdim.

13 illik “Ayntraxt” karyeramdan sonra işsiz idim. Qərara gəldim ki, təklifi müsbət dəyərləndirim. Öncə AFFA ilə bir illik müqavilə bağladım. Artıq burada işləməyimin 10 ili tamam olub.

– Sizinlə bərabər, Azərbaycana gələn alman məşçilər Berti Foqts, Uli Ştayn, Hans-Yürqen Qede idi. Müəyyən müddətdən sonra Azərbaycanı tərk etməli oldular. Lakin Siz hələ də buradasınız. Azərbaycan karyeranızın bu qədər uzun çəkə biləcəyini heç düşünərdinizmi?

– Açığı, bu, ağlıma gəlməzdi. Düşünmürəm ki, dünyada hansısa alman məşqçi mənim kimi hansısa bir əcnəbi ölkədə bu qədər uzun müddət işləsin. Belə alman məşqçilər varsa da, çox azdır. İşim Azərbaycana gəlmiş adlarını çəkdiyiniz digər almanlardan fərqli idi.

Əvvəlcə buraya idman direktoru kimi gəlmişdim. İdman direktoru işi isə bir ili yox, uzunmüddətli planı özündə ehtiva edir. Sonra mənə U-17, daha sonra U-21 millisi həvalə olundu. U-17-də işlərim daha yaxşı alındı və Avropa çempionatının elit mərhələsinə yüksələ bildik.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

– Hazırda Vyetnamda sizin kimi texniki direktor işləyən Qede ilə eyni millətin nümayəndəsi və Azərbaycana gəlmiş ilk alman məşqçilər olduğunuz üçün bu sualı verirəm. Onun “Neftçi”yə təyinatı komandanı “uçurum”a apardı. Sizcə, onun uğursuzluğunun səbəbi nə idi?

– Kənardan elə başa düşürlər ki, həmyerliyik deyə, onunla çox yaxın idik. Ancaq digər almanlarla müqayisədə, ən az söhbət etdiyim insan Qede olub. Onunla yalnız “salam-sağol”umuz vardı. “Neftçi”dəki işinə gəlincə, kənardan bu haqda danışmağım düz olmaz. Ümumi olaraq bunu deyə bilərəm ki, peşəkar futbol bir cəngəllikdir və oradan ancaq güclülər qalib ayrılır.

Hansısa xarici ölkəyə gələndə oranın mədəniyyətini, yerli futbolçulardan nəyi, necə tələb etmək lazım olduğunu bilməlisən. Bir də ki, komandada dəyişikliklər edəndə də bunu lazımi qədər və tədricən etməlisən ki, sonda klub rəhbərliyi sənə dəstək verə bilsin. Məsələn, mənim burada uzun müddət qalmağım AFFA rəhbərliyindən daim dəstək görməyimlə bağlıdır.

Tualetə də şamla getmişəm

– Açığı, sizinlə şəxsi mənzilinizdə görüşüb müsahibə götürmək istərdik. Ancaq öyrəndim ki, hoteldə yaşayırsınız. Adətən, hoteldə qalanda adam özünü qonaq kimi hiss edir. Siz isə burada 10 ildir çalışmağınıza baxmayaraq, hotelə üstünlük verirsiniz. Bu, nə ilə əlaqədardır?

– Əvvəla, onu qeyd edim ki, hotelin rəhbəri ilə dostam. Onun olduğu yerdə özümü tənha hiss etmirəm. Buraya yeni gələndə mənzildə qalırdım. Bu, mənə sərf etmirdi. Orada qaldığımdan çox, işimlə bağlı xaricdə olurdum. Hoteldə isə ancaq qaldığın günün pulunu verirsən. Nə qədər qəribə də olsa, maddi baxımdan hoteldə qalmaq mənzildə yaşamaqdan daha ucuz başa gəlir.

Üstəlik, mənə güzəşt edilir. Paltar yumaq, səhər yeməyi hazırlamaq, evi silib-süpürmək kişilərə yaddır. Hoteldə bunların hamısını edirlər. Mənzildə qalanda isə bunları özün etməli olursan. Hoteldə qalmaq kommunal ödənişlər baxımından əlverişlidir.

Ay ərzində 4-5 dəfə gəlib pul istəyirlər. Bir dəfə işıq pulu üçün 10 manat ödəmişəm. Xaricdə toplanışdan gəldikdən sonra görmüşəm ki, işıq yoxdur. Hətta tualetə də şamla getmişəm. Qaz və suyun kəsildiyi, kanalizasiyanın tutulduğu hallar da olub. Hoteldə isə belə problemlər olmur.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Ölkəmi ac qalmaq üçün tərk etməmişəm

– Həyat yoldaşınızı və övladınızı nə üçün buraya gətirməmisiniz?

– Həyat yoldaşım tez-tez gəlir. Onun burada mənimlə qalması məntiqi cəhətdən düz gəlmir. Burada yaşasam da, işimlə bağlı xaricə getməli oluram. Ona görə orada tənha qalmaqla, burada tənha qalmağın fərqi nədir ki?! Oğlum Frankfurtda təhsil alır deyə, burada qala bilməz. Həyat yoldaşımın isə Almaniyada kiçik biznesi var. Nə o istəməz ki, iş yerini tərk etsin, nə də mən.

– Almaniyada bədən tərbiyəsi müəllimi işlədiyinizə dair fakta hər zaman sizinlə bağlı tənqidi yazılarda rast gəlmək mümkündür. Ancaq heç vaxt bunu təkzib edən açıqlamanıza rast gəlməmişəm…

– İlk növbədə onu qeyd edim ki, bunu deyənlər üzümə desinlər. Mən də həmin adama normal, adekvat cavabımı verim. Yəqin, siz də bilirsiniz ki, heç də bütün media neytral deyil. Kimlərisə pulla manipulyasiya etmək mümkündür.

Qərəzli yazan birinə cavab verməyi özümə borc bilmirəm. Amma kimsə onu düşündürən sualları soruşsa, cavablandıra bilərəm. Mənim işimdə alınmayanlar ola bilər. Əsas məqsədim A millisinə futbolçuların yetişdirilməsinə xidmət edir. Bunun üçün ildə minimum bir dəfə AFFA rəhbərliyinə hesabat verirəm.

– Maaşınızın 30 min avro olduğu deyilir. Bilirəm, dünyanın heç bir yerində öz maaşını açıqlamaq, xüsusən bunu mətbuata demək etik səslənmir. Ancaq qəribə də olsa, bu suala cavab verməyinizi istərdim: maaşınız bu rəqəmlə uzlaşır?

– Bunu ucadan deyə bilərəm: bu rəqəm düz deyil, şişirdilib. Sözsüz, heç kim acqarına işləmir. Ölkəmi ac qalmaq üçün tərk etməmişəm. İşimin müqabilində maaş alıram. Mətbuatda qeyd olunan rəqəmdən söhbət gedə bilməz.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Jurnalistləri görəndə diqqətli oluram

– Ölkədə iqtisadi durum 2015-ci ilin sonlarında pisləşdi. Bunun nəticəsində maaşlarda azalmalar müşahidə olundu. İqtisadi durum sizin maaşınıza da təsir etdimi?

– Bəli. Bunu anlayışla qarşılamışam. Maliyyə böhranını işimizdə də hiss etmişəm. Müəyyən layihələri maddi duruma görə dayandırmalı olmuşuq və ya bəzilərinə başlamaqdan vaz keçmişik.

– Almanlar dəqiqliyi ilə tanınan xalqdır. Nə dərəcədə dəqiqsiniz?

– Belə deyim: dəqiqlik baxımından lazımi qədər almanam. Ancaq asudə vaxtlarda tipik darıxdırıcı alman xarakterində deyiləm. Almanlar gülməz, qaraqabaq, soyuq biri kimi səciyyələndirilir. Mən isə elə deyiləm, ünsiyyətcil olmağı, gülməyi sevirəm. Azərbaycandan bir neçə dostum var.

– Siz Berti Foqtsun alman variantının əksisiniz. Belə demək mümkündürmü?

– Onun xarakterinə uyğun keyfiyyətlərin bəziləri məndə yoxdur. Ola bilər ki, bu, bizim ayrı-ayrı nəsillərin nümayəndəsi olmağımızla bağlıdır. Xasiyyətlərin sosial həyatla əlaqəsi var. Foqtsun çətin ailə həyatı olub. Ata-anasız böyüyüb, hər yerə dişi-dırnağı ilə gəlib çatıb. Mənim isə valideynlərim olub. Təhsil almağıma imkan yaradılıb.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

– Foqtsun mətbuatla daim problem yaşamasının səbəbini nədə görürsünüz?

– Mənə elə gəlir ki, nə vaxtsa onun bir böyük problemi olub və bundan sonra heç kimə inamı qalmayıb. O, hər ağacın arxasında düşmən olduğunu zənn edir. Hamı başına gələnlərdən dərs çıxarmağa çalışır . Mən də jurnalistləri görəndə diqqətli oluram (gülür).

Çayxanaya gedirəm, xaşın da dadına baxmışam

– Adətən, almanları asudə vaxtlarında əllərində pivəsiz görməzsən. Siz saat 18:00-dan sonra nə edirsiniz?

– Hər axşam olmasa da, tez-tez yeməyimi bayırda yeyirəm. Arada pivənin də dadına baxıram. Sizin kimi yaşayıram. Çayxanaya da gedirəm, xaşın da dadına baxmışam. FIFA və UEFA-dan qonaqlar gələndə onlarla rəsmi ziyafətlərdə iştirak edirəm. Bəlkə də, kimsə deyə bilər ki, həyatım darıxdırıcıdır. Ancaq normal insanlar kimi həyat sürürəm.

– Yemək mövzusundan söhbət düşmüşkən, soruşum. Azərbaycan təamlarından ən çox hansına tez-tez müraciət edirsiniz?

– Hansı təamdan dadmaq vacib deyil. Vacib odur ki, bir xörək qaşığının içinə neçə dənə düşbərə sığışdırasan. Mən istəyərəm ki, 12 ədəd sığsın. Yəni, lazımi qədər düşbərənin xırda olmasını istəyirəm (gülür).

Azərbaycan mətbəxini bəyənirəm. Ümumiyyətlə, yemək baxımından mənim ayrı-seçkiliyim yoxdur. Alman, italyan, yunan, eləcə də, Azərbaycan mətbəxinə müraciət edirəm. Sizdə ən çox bəyəndiyim antrikotdur. Kartoflu lülə kababını da çox bəyənirəm. Nə vaxtsa birlikdə şam edə bilərik (gülür).

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

– AFFA-da “sağ əl”iniz kimdir?

– Tərcüməçim Osman.

– O, bir müddət əvvəl Azərbaycanı tərk edib Almaniyaya getmişdi. Yəqin, onda çox pis olmuşdunuz…

– Mənim üçün pis ola bilər. Amma başa düşməliyik ki, hər kəsin şəxsi həyatı, ailəsi, problemləri var. O, öz problemlərini həll etmək üçün yanımda deyildisə də, bunu anlayışla qəbul etmişəm. Buradan gedəndə ona öz köməyimi təklif etmişəm.

Həmişə güzgünün qabağında dayanan adama cavab verməyi bacarmalısan

– Yığmalarımıza Almaniyadan kifayət qədər oyunçu cəlb edilir. Bu transferlərdə Sizin rolunuz nə qədərdir?

– Bu oyunçuların gəlişi məhz mənim təşəbbüsümlə baş tutmayıb. Üç ildir ki, məşqçi kimi işləmirəm. Bu müddətdə heç bir məşqçiyə “Almaniyadan filan oyunçunu götür” deyə tapşırıq verməmişəm. Mən məşqçi işlədiyim dövrdə, bəli, Almaniyadan futbolçuları yığmaya cəlb etmişəm. Ancaq bunlar o oyunçular olub ki, Azərbaycanla bağlılıqlarının olduqlarını bildiriblər.

Xaricdən oyunçu cəlb edilməsi də ona görə olub ki, ilk vaxtlarda Azərbaycanda peşəkar aşağı yaş qrupları üzrə çempionatlar keçirilmirdi. Mətbuatda legionerlərin ölkəyə gətirilməsində mənim rolumun olduğu bildirilsə də, bunların mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

– Bir müddət əvvəl Azərbaycana Almaniya, Hollandiya kimi ölkələrdən klublarda idman direktorları işləmək üçün mütəxəssislər gətirildi. Onların gətirilməsində sizin nə dərəcədə rolunuz vardı?

– Hesab edirəm ki, bu layihə bu vaxtadək görülənlər içində ən yaxşısı idi. Çünki layihə çərçivəsində klublardan asılı olmayan, işi ora-bura futbolçu satmaq olmayan idman direktorları işləyirdi, həftədə bir dəfə AFFA-da yığışıb həmin klublardakı uşaq futbolu ilə bağlı durumu müzakirə edirdik.

Heyf ki, onların bura gəlişi böhran olan vaxta düşdü və bütün layihəni sonadək maliyyələşdirmək mümkün olmadı. İstərdim ki, yenidən belə bir layihə gerçəkləşdirilsin.

– Bu layihə vaxtı klublarda həmin idman direktorları ilə bir sıra problemlər yaşandı. Layihənin sonlandırılmasını bununla əlaqələndirmək olarmı?

– Belə mütəxəssisləri klublarda, xüsusən “İnter” kimi klubda qəbul etməməyin arxasında nə dayanırdı, bunu bilmirəm. Hər kəs öz qənaətinə gələ bilər. İdman direktorlarına maaş AFFA tərəfindən verildiyi halda, sən onun işinə qarışırsansa, deməli, burada məqsəd başqadır.

– Samir Ələkbərov U-21 millisindən istefa verməzdən əvvəl ona yığmaya müəyyən oyunçuların götürülməsi ilə bağlı çoxlu təzyiqlər olduğunu söylədi. Siz millidə çalışanda belə təzyiqlərlə üzləşmisinizmi?

– Konkret olaraq, AFFA tərəfindən “filan oyunçunu yığmaya götür və ya götürmə” kimi fikir deyən olmayıb. Sözsüz ki, başqa məşqçilərlə məsləhətləşdiyimiz anlar olub. Həmin futbolçuların nə durumda olduğuna dair fikirlərini öyrənmişəm.

Kimsə mənə mütləq “filan oyunçunu götürməlisən” kimi söz deməyib. Məncə, kim olursansa ol, özün olmalısan. Əgər özün olmursansa, uduzursan. Həmişə güzgünün qabağında dayanan adama cavab verməyi bacarmalısan.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Azərbaycan toyunda oynamışam

– 2014-cü ilin sonunda U-21-dən uğursuz nəticələrə görə ayrılmalı oldunuz. Yalnız AFFA-da texniki direktor kimi çalışacağınıza, məsuliyyət hissinin bir qədərə azalacağına görə sevindinizmi?

– Əksəriyyət elə bilir ki, mən AFFA-da yalnız oturmaqla kifayətlənirəm. Burada uşaq, qız futbolu, infrastruktur, liqalar, maariflənmə və s. kimi məsələlər var və bu, bir adamın işi deyil.

Mən burada ömrümün sonunadək işləyəsi deyiləm. Buradan nə vaxtsa gedəcəyəm və yəqin ki, bu çox da uzun çəkməyəcək. AFFA-nın da işi budur ki, mənim yerimə tezliklə savadlı yerli mütəxəssis gətirilsin.

Bu, təbii prosesdir. Əslində, qürur duyuram ki, aşağı yaş qrupları üzrə yığmalarda əcnəbilər qalmayıb və onları savadlı yerli məşqçilər əvəzləyib. Artıq əsas milliyə kimi yerli məşqçilər rəhbərlik edir. Mən də son anadək məşqçilərin maarifləndirilməsi prosesində iştirak edəcəyəm.

– Sizin tezliklə AFFA-dan ayrılacağınız deyilir. Yerinizə kimi namizəd görürsünüz?

– Konkret ad çəkməyəcəyəm. Amma bizim gözaltı etdiyimiz adamlar var ki, onlar bu işin öhdəsindən gələ bilərlər. Üstəlik, bu barədə yekun qərarı AFFA rəhbərliyi verəcək.

– 10 ildir ki, buradasınız. Almaniyaya qayıdanda azərbaycanlılardan götürdüyünüz və onu vətəninizə aparacağınız müsbət məqam varmı?

– Buradakı insanların səmimiyyəti və qonaqpərvərliyi vurğulanası məqamdır. Bir də burada tanımadığın insanlar belə, sənə dar ayaqda kömək edə bilər. Almaniyada isə belə deyil.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

– Bəs üzərində işləyib, düzəltməli olduğumuz mənfi məqamlar hansılardır?

– Məncə, nizam-intizamsızlığı qaydasına salmaq mümkündür. Bu, ikinci dərəcəlidir. Məncə, əsas məqam daxili cavabdehlikdir, məsuliyyət hissidir. Oyunçular çox vaxt istəyirlər ki, kimsə gəlib kənardan onları düzəltsin. Ancaq hamı öz-özünə cavabdeh olmalıdır. Əgər fikirləşirsənsə ki, kimsə gəlib səni qaçıracaq, bu, yanlış yanaşmadır. Məşq etmədikcə, bir də gördün ki, beş ilin getdi.

– Musiqilərimizdən qulaq asdığınız varmı?

– Muğam. Azərbaycan musiqilərinə qulaq asmışam, hətta Şəkidə toyda oynamışam da (həmin adamın adının çəkilməsini məqbul bilmədik – S.T.). Xalq musiqilərinin hamısına qulaq asmasam da, bəziləri var ki, adama zövq verir.

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Azərbaycanca az söz öyrənməyim repertuarımda boşluqdur

– İldə nə qədər vətəninizdə olmaq imkanınız olur?

– İldə altı həftə. Çox deyil.

– Almaniyada azarkeşlik etdiyiniz komanda hansıdır?

– Özüm Frankfurtdan 50 km aralıdan olan bir kənddə doğulduğumdan uşaqlıqda “Ayntraxt”a azarkeşlik edirdim. Lakin sonradan futbola pul gəldiyinə görə gördüm ki, daha çox gəlmələrə üstünlük verilir.

Həmin komandaya qarşı simpatiyam azaldı. Əksinə, “Frayburq” və “Verder” öz akademiyasından olan futbolçulara üstünlük verdiyi üçün bu klublara simpatiyam yaranıb.

– “Neftçi”nin hazırkı prezidenti Kamran Quliyev sizinlə millidə bir yerdə çalışıb. Onun “Sumqayıt”ı “Neftçi”yə dəyişməsini necə qarşıladınız?

– Həm Kamran Quliyevin, həm də “Neftçi”nin əvvəlki prezidenti Orxan Hüseynzadənin xətrini çox istəyirəm. Hər iki kluba eyni səviyyədə simpatiya göstərirəm. Ancaq mənim bu təyinat barədə fikir bildirməyim düz olmaz.

Üstəlik, bu təyinat olanda heç kim mənim fikrimi öyrənməyibsə… Mənim sevinəcəyim məqam “Sumqayıt”ın yerli oyunçularla əməlli-başlı futbol oynamasıdır. Bütün bunların arxasında quruculuq işlərinin olduğu görünür.

– Hazırda potensialına görə beş ən yaxşı futbolçumuz kimlərdir?

– Qara Qarayevin adını dərhal çəkə bilərəm. Futbola dair bütün komponentlər onda var. İstedadına görə Araz Abdullayev qeyri-adi oyunçudur. Cavid İmamverdi ilə Əfran İsmayılovun da qeyri-adi istedadları var. Ancaq onlar bundan azını ortaya qoydu. Xüsusən Cavid gec “ayıldı”.

– Bu sualla da müsahibəni yekunlaşdırmaq olar, məncə. 10 il ərzində bizim dildə hansı kəlmələri öyrənmisiniz?

– Bəzi futbol terminlərini bilirəm. Çox bilmirəm, amma müəyyən sözləri öyrənmişəm. Burada azərbaycanlılarla ingiliscə danışdığıma görə azərbaycanca danışa bilmirəm. Digər tərəfdən baxdıqda 10 il müddətində azərbaycanca az söz öyrənməyim mənim repertuarımda boşluqdur. Amma siz azərbaycanca danışanda nə dediyinizi anlaya bilirəm (gülür).

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

AFFA-nın yeganə əcnəbisi: Qaradinməz almanlardan deyiləm – MÜSAHİBƏ

Səbuhi TOFİQOĞLU
Fotoqraf: Ehtiram JABİ
www.ÇıxışYolu.Com